Erməniyə qalib gələn güləşçimiz yarımfinalda

Erməniyə qalib gələn güləşçimiz yarımfinalda

Makedoniyanın paytaxtı Skopyedə yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. 

XƏBƏRÇİ.AZ Oxu.Az - a istinadən xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb.

55 kq-da mübarizə aparan Murad Abbasov 1/8 finalda gürcü idmançısı Dieqo Çxikvadzeyə 5:1 qalib gəldikdən sonra 1/4 finalda digər Qafqaz təmsilçisi ilə güləşməli olub.

Onun bu mərhələdə rəqibi Ermənistan təmsilçisi Armen Yeqiazaryan olub. İdmançımız erməni rəqibini daha asanlıqla məğlub edib – 9:1 və yarımfinala yüksəlib. 

Ondan başqa, bu gün ağır çəkidə təmsilçimiz Sərxan Məmmədov yarımfinala adlayıb. O, Yunanıstan və Macarıstandan olan rəqiblərini üstələyib. 

Murad Abbasov və Sərxan Məmmədovun yarımfinaldakı rəqibləri müvafiq olaraq Albert Xokonov (Rusiya) və Muhammet Bakır (Türkiyə) olacaq. 1/2 final görüşləri Bakı vaxtilə saat 19:30-da başlayacaq.

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə üç nəfər olmaqla, finalçılar və bir nəfər III yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.

Reqlamentə əsasən, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum iki idmançı ilə təmsil oluna bilər.


loading...