Azərbaycanda məhkəmə hakimi bətnində əkiz uşaq olan hamilə həyat yoldaşını amansızcasına döyən sabiq Ədliyyə Nazirliyi işçisinə bəraət verib. Bu barədə Xeberci.az-a zərərçəkmiş Z.A (adı şərtidir) özü məlumat verib. O, bildirib ki, 2018-ci ildə rəsmi nikahda olduğu həyat yoldaşı Hüseynov Şükür Rza oğlu evliliklərinin ilk günlərindən onu döyərək ağır bədən xəsarətləri yetirib. Həyat yoldaşının əkiz uşağa 12 aylıq hamilə olduğunu bilsə də sabiq ədliyyə işçisi onu döyərək işgəncə verməkdə davam edib. Qanaxma ilə Mərkəzi Klinik Xəstəxanada günlərlə yatan hamilə qadın, birgə nikah dövründə əri tərəfindən işgəncələrə məruz qaldığından intihara cəhd edib.
Aldığı bədən xəsarətləri həkim tərəfindən təsdiqlənməsinə baxmayaraq hamilə qadına işgəncə verən Ş. Hüseynova Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov tərəfindən bəraət verilib. Ş. Hüseynova CM-nin 128-ci maddəsi ilə cinayət işi açılsa da, bir ildən çox prokurorluq və məhkəmə istintaqı aparılan cinayət işi ədalətsizliklə sonuclanıb. Zərərçəkmiş deyir ki, halbuki Ş. Hüseynovun onu döydüyünü təsdiqləyən şəkillər, həkim rəyi, səs yazısı da var:”Rayonda toydan gəldikdən sonra məni döydükdə anası, qardaşı dilə gəldi ki, qadını belə döyməzlər. Məni amansızcasına döyərkən anasının “ döymə, qadını belə döyməzlər” dediyi səs yazısı da var.
Çox təəssüf ki, Nəsimi rayon 19-cu polis bölməsinin əməliyyatçısı, baş tədqiqatçı, müstəntiq Fərid Məmmədov da hadisə baş verən gün yaşadığm ünvana gəlsə də döyülmə, zorakılıq faktını qeyd etməyib. Halbuki bu müstəntiqlə vatsap yazışmalarımızda öz əksini tapıb. Biz bu barədə məhkəmədə vəsatət qaldırsaq da təmin edilmədi. Mən işə ədalətli baxılması üçün hamilə vəziyyətdə Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşam. İ. Abbasov işə ədalətli baxılması üçün göstəriş verib. Amma açılan cinayət işində mənim güya özümə xəsarət yetirdiyim bildirilir. Mən ixtisasca həkiməm. Psixi durumumla bağlı müalicə almamışam. Mən hamilə vəziyyətdə özümə necə xəsarət yetirə bilərəm?
Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm. Ortada barışıq olmadığı halda məhkəmənin zorakılıq törədən şəxsə bəraət verməsi hakim özbaşınalığıdır. Mən digər məhkəmə instansiyalarına qərardan şikayət verəcəm. Əgər ona bu qədər dəlil-sübut olduğu halda yenidən bəraət verilərsə, mən iki körpəmi də götürüb ölkə vətəndaşlığından imtina etməli olacam! Ona görə də, məhkəmə instansiyalarından işə ədalətli baxılmasını xahiş edirəm!”.
Qarşı tərəf olaraq Şükür Hüseynovun da mövqeyini yayımlamağa hazırıq.