Azərbaycanda prokurorluq əməkdaşından kuryoz əməl-Məhkəmə qərar versə də əcnəbi vətəndaşların pasportlarını girov saxlayır!

Azərbaycanda prokurorluq əməkdaşından kuryoz əməl-Məhkəmə qərar versə də əcnəbi vətəndaşların pasportlarını girov saxlayır!

 Azərbaycanda prokurorluq əməkdaşı məhkəmə qərarının olmasına rəğmən, aralarında bir azyaşlı olmaqla iki əcnəbi vətəndaşın sənədlərini girov saxlayıb. Bu barədə .... İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanizadeh məlumat verib. O, bildirib ki, bu ilin yanvar ayında Azərbaycandan gedərkən Orxan İsmayılov adlı şəxsin şikayəti əsasında Yasamal Rayon Polis İdarəsi əməkdaşları onların sənədlərini hava limanında əllərindən alınıb. Daha sonra onun və azyaşlı övladının pasportları Yasamal Rayon Prokurorluğu əməkdaşlarına verilib. Yasamal Rayon Prokurorluğu isə heç bir hüquqi əsas olmadan Atefeh Dehghanizadehin, onun anasının və 3 yaşlı qızının ölkədən çıxışına “stop” qoyub. Atefeh Dehghanizadeh bu müddət ərzində Yasamal Rayon Prokurorluğunun ölkədən çıxışlarına qoyduğu qanunsuz qadağanın götürülməsi üçün aidiyyatı instansiyalara şikayət edib. Atefeh Dehghanizadehin və ailəsinin başına gətirilən bu qanunsuz əməllər dəfələrlə ölkə mətbuatında da yayımlanıb. Nəhayət bu ilin noyabr ayının 28-də Yasamal Rayon Məhkəməsi tərəfindən Atefeh Dehghanizadehin, onun anasının və qızının ölkədən çıxışına Yasamal Rayon Prokurorluğu tərəfindən qoyulan qanunsuz qadağa ləğv olunub. Məhkəmənin bu qərarından sonra Yasamal Rayon Prokurorluğu Atefeh Dehghanizadeh və onun ailə üzvləri üzərindən “stop” u götürmək məcburiyyətində qalsa da, onların ölkədən çıxışına mane olmaq məqsədilə pasportlarını bu günədək qaytarmır. Atefeh Dehghanizadeh bildirib ki, anasının pasportu məhkəmə qərarından sonra Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyev tərəfindən qaytarılıb. Amma Yasamal Rayon Prokurorluğunun müstəntiqi Zamil Mehralıyev Atefeh Dehghanizadeh və onun azyaşlı qızının sənədlərini vermək istəmir. Atefeh Dehghanizadeh deyir ki, Yasamal Rayon Məhkəməsinin qərarını əlində rəhbər tutaraq Zamil Mehralıyevdən sənədlərini tələb etsə də, o əsassız iddialar irəli sürərək sənədləri qaytarmaqdan imtina edir. Atefeh Dehghanizadehin sözlərinə görə, adıçəkilən müstəntiq onlara Orxan İsmayılovun Yasamal Rayon Məhkəməsinin “stop” un götürülməsi barədə apelyasiya şikayəti verdiyini bildirir:”Mən hər dəfə gedib özümün və qızımın sənədlərini tələb etdikcə Zamil Mehralıyev deyir ki, məhkəmənin qərarından Orxan İsmayılov apelyasiya şikayəti verib. Apelyasiya işə baxıb qərar verməmiş bizim sənədimizi qaytara bilməz. Halbuki, Cinayət Prosessual Məcəlləyə görə qərardan ya şikayətçi,yəni mən apellyasiya şikayəti verə bilərəm, yaxud da “stop” qadağası qoyan Prokurorluq protest verə bilər. Orxan İsmayılovun isə “stop” qadağasının qoyulmasına aidiyyatı olmadığından, onun Yasamal Rayon Məhkəməsinin ölkədən çıxışımıza qoyulan qadağanın götürülməsi barədə qərarından Apellyasiya Məhkəməsinə şikayət etməyə heç bir hüququ yoxdur.  Qeyd edim ki, Yasamal Rayon Prokurorluğu Yasamal Rayon Məhkəməsinə “stop” qadağasını götürdüyü barədə rəsmi təsdiq məktubu da göndərib. Belə olan halda Orxan İsmayılovun apellyasiya şikayətini əsas gətirib sənədlərimizi girov saxlaması tam qanunsuzdur”.

Atefeh Dehghanizadeh deyir ki, o, Bakı Apellyasiya Məhkəməsinin də işə ədalətli baxacağına inanır:” Bizim ölkədən çıxışımıza qanunsuz qadağadan artıq ölkə ictimaiyyəti, vətəndaşı olduğumuz İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfirliyi də xəbərdardır. Məsələdən çox güman ki, Azərbaycan prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva da məlumatlıdır. Belə olan halda Yasamal Rayon Prokurorluğunun müstəntiqi Zamil Mehralıyevin mənimlə qızımın sənədlərin məhkəmə qərarını saymayaraq girov saxlaması tam qanunsuzluqdur və prokurorluq adına ləkədir. Dəfələrlə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfirliyi Zamil Meralıyevə müraciət edərək sənədlərimizi qaytarmağı tələb edib. O, isə nəinki səfirliyin bu tələbini, hətta məhkəmənin qərarına belə məhəl qoymayaraq “stop” götürüldüyü halda sənədlərimizi qaytarmır”.

Atefeh Dehghanizadeh bildirir ki, həyat yoldaşı Ferzad Foroozanmehr ilə Orxan arasında olan mübahisə isə başqa bir cinayət işi ilə bağlıdır. Belə ki, O.İsmayılov anasına məxsus evin satılması üçün A.Dehghanizadehin həyat yoldaşı Farzad Foroozanmehrə etibarnamə verib. O da etibarnamə ilə evi 240 min manata satıb. Onların aralarında mübahisə isə bundan sonra başlayıb. Orxan İsmayılovun iddiasına görə, A.Dehghanizadehin həyat yoldaşı Farzad Foroozanmehr satdığı evin pulunu ona verməyib. Ona görə də Farzad Foroozanmehr Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışa verilib. Bu ilin yanvarında A.Dehghanizadeh anası və qızı ilə Bakıdan getmək istəyəndə hava limanında O.İsmayılov onların qarşısını kəsib. Nəticədə aeroportda onların arasında insident yaşanıb. A.Dehghanizadehin sözlərinə görə, O.İsmayılov həmin vaxt uşağın arabasına hücum edərək pasportu alıb cırıb. Sözügedən sənəd köhnə pasport olub. Bu vaxt səs-küyə hüquq-mühafizə orqanı əməkdaşları gəlib. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları isə A.Dehghanizadehin, onun anasının və qızının pasportlarını əllərindən alıb. A.Dehghanizadeh Orxanın azyaşlı övladına hücum etməsindən polisə şikayət etsə də, O.İsmayılov haqqında cinayət işi başlanmayıb. Əksinə, A.Dehghanizadeh haqqında CM-in 296 (bilə-bilə yalan xəbərçilik etmə) və 297-ci (bilə-bilə yalan ifadə vermə) maddələri ilə cinayət işi başlanıb. O, şübhəli şəxs qismində cəlb edilib. Amma yetərincə əsaslı dəlillər olmadığından təqsirləndirilən şəxs qismində tanınmayıb. Bununla belə, ölkədən çıxışına məhdudliyyət qoyulub, özünün və ailə üzvlərinin pasportları əllərindən alınıb.

Onun prokurorluqdan verdiyi şikayətə baxılarkən məhkəmədə O.İsmayılovu da dindiriblər. O deyib ki, əgər A.Dehghanizadehin ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qalxsa, sənədləri qaytarılsa, onun həyat yoldaşının Azərbaycana qayıtmaq ehtimalı aradan qalxacaq. Onun fikrincə, bu üzdən onun ölkədən çıxışına imkan verilməməlidir:

“Məhkəmə qərarında yer alan bu ifadə mənim həyat yoldaşıma görə Azərbaycanda girov saxlandığımı təsdiqləyir. Hansı dövlətdə belə bir hal olar? Belə çıxır ki, kişi hansısa cinayət törətsə, qadın da gedib onunla cəza çəkməlidir? Hansı qanunda var ki, axtarışda olan adamın ailəsinin ölkədən çıxmasına imkan verməyəsən? Bu bir ildə özüm də, anam və övladım da zülm çəkmişik. Artıq bütün gücümüz tükənib. İntihar həddindəyəm. Özümə qəsd etsəm, butun məsuliyyət bu bir il ərzində qanunsuz hərəkətlər edərək başıma oyun acan vəzifəli şəxslərin üzərinə düşəcək. Əcnəbi vətəndaşı bu ölkədə intihara sövq etmək isə dövlətlərarası münasibətlərə zərbə vurmaq, xələl gətirmək deməkdir”.

A.Deghanizadeh deyir ki, Azərbaycan prezidenti Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb:”Orada qeyd olunub ki, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Ümid edirəm ki, Bakı Apellyasiya Məhkəməsi prezidentin bu Fərmanına əməl edərək mənim barəmdə Orxan tərəfindən əsassız şikayətə də qanuni qərar verərək 1-ci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayacaq. Yasamal Rayon Prokurorluğunun müstəntiqi  Zamil Mehralıyev isə qanunsuz olaraq saxladığı sənədlərimizi özümüzə qaytarılsın. 

Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.


loading...