Ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır. Həmin binaların tikintisi başa çatdırılıb. Hazırda istismara qəbul edilməmiş 400-ə yaxın binada 10 minə yaxın sakin yaşayır.
Xeberci.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev məlumat verib.
Onun sözlərinə görə, binaların istismara qəbul edilməməsinin əsas səbəbləri icraatın tamamlanmaması və layihədən kənarlaşmalardır:
“Binaların istismara qəbul edilməməsi bir neçə səbəblə bağlıdır. Birinci səbəb icraatın tamamlanmamasıdır. Yəni tikintinin mərhələlərində sənədlər qaydaya salınmayıb. Mənzil tikinti kooperativləri və ya tikinti şirkətləri tərəfindən bu məsələyə məsuliyyətlə yanaşılmayıb.
İkinci səbəb, təsdiq olunmuş layihələrdən kənarlaşmaya yol verilməsidir. Binalarda əlavə tikinti işləri aparılıb. Eyni zamanda, bütün sənədləşməsi düzgün olan MTK-lar binanın istismara qəbul olunmasına tələsmirdilər. Qanunvericilikdə olan son dəyişikliklərdən sonra artıq istismara qəbul edilmiş binalarda bir ay ərzində sakinlər öz idarəetmələrini qurmalıdırlar. Bu da MTK-lara sərf etmir”.Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov isə bir sıra tikinti şirkətlərinin inşa etdikləri binaların istismara qəbul edilməməsində maraqlı olduqlarını vurğulayıb.
Onun sözlərinə görə, bunun səbəbi tikinti şirkətlərinin mənzillərin alqı-satqısından müəyyən qazanc götürmələridir:
“Binaların istismara qəbul edilməsində bəzən mənzil-tikinti kooperativi (MTK) maraqlı olmur. Niyə?! Mənzillər qeydiyyatdan keçməyən zaman o mənzillərin vətəndaşlar arasında alqı-satqısı MTK-lar və ya tikinti şirkətləri tərəfindən həyata keçirilir. Bu da müəyyən ödənişlər müqabilində olur.
Binalar istismara qəbul edildikdən sonra mənzillərə hüquqlar dövlət tərəfindən tanınacaq və bütün proseslər notarial qaydada olacaq. Mən fürsətdən istifadə edib vətəndaşlara müraciət etmək istəyirəm ki, hüquqları tanınmış, və ya istismara qəbul edilmiş binalardan mənzillər alsınlar. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti var. O xidmət vasitəsilə binanın qeydiyyatının aparıldığını öyrənmək mümkündür”.