Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sənan Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Xəbərçi.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, S.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib. Məlumata görə, S.Cəfərov marşrut xəttinə nəzarət edən "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib. Rövşən Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.
R.Məmmədov Sənan Cəfərovun gələn gəlirləri mənimsədiyindən şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
Hətta 30 nömrəli marşrut xəttində çalışan 57 sürücü əmək haqqının verilməməsiylə bağlı aksiya keçirmişdi.
Bundan sonra Sənan Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Mənimsənilən məbləğin 100 min manatdan çox olduğu bildirilir.