"Mənim “daydayım” həmişə özüm olmuşam" - Emil Əkbərov

"Mənim “daydayım” həmişə özüm olmuşam" - Emil Əkbərov

 “Şou biznesə maraq daha çox evdar xanımlarda yaranır”

“BiG GrouP” şirkətinin rəhbəri və təsisçisi, iş adamı Emil Əkbərov “Cümhuriyət” qəzetinə müsahibə verib. Müsahiblə ölkənin ictimai-siyasi həyatında və media sahəsində baş verən proseslərə aydınlıq gətirməyə çalışdıq.

Qeyd edək ki, “BİG Group”a 13 sayt daxildir. 

- Ölkədə vəziyyət yaxşı deyil, qıtlıq var və problemlərin ağırlığını hər birimiz üzərimizdə hiss edirik. Baş verənlər mediaya, məsələn, sizin rəhbərlik etdiyiniz saytlara təsir edirmi?

- Əlbəttə, hiss edirik. Əgər böhran varsa, bu nəinki bizə, hər bir struktura təsir edir. İş yerlərində artım yoxdur və perspektivlər də, iş yerlərinə maliyyə ayrılmaları da azalıb. Böhran əsasən, manatın məzənnəsi dollar qarşısında kəskin ucuzlaşanda, dünya bazarlarında neftin qiyməti aşağı düşəndə hiss olundu. Əsas gəlirlərimiz neftdən əldə edildiyinə görə “holland sindorum”u ilə üzləşmişik. İqtisadiyyatımız neft gəlirlərindən asılı olduğu üçün bu, bizim hər bir işimizə öz təsirini göstərir. İstər media, istər biznes, istərsə də digər sektorlar bu təsirlərdən kənar qaça bilmirlər. Amma azərbaycanlılar ən çətin vəziyyətlərdən çıxış yolu tapan xalqdır, ona görə də bu çətin vəziyyətin də bir çıxış yolu olacağına inanıram. Biz daşdan da pul çıxarmağı bacarırıq.

- Daşdan pul çıxarmaq? Sizcə, bu ifadə bizim böyük çətinlik içində yaşadığımızı göstərmirmi?

- Yox! Bu, bizim güclü olduğumuzu, məqsədyönlülüyümüzü göstərir. Nə qədər çətinliyimiz olsa da biz problemlərə qapanmırıq, dərhal bu problemlərin həlli yollarını axtarmağa çalışırıq. Sirr deyil ki, bu gün bütün media qurumlarının, istər saytların, istər qəzetlərin, istərsə də telekanalların əsas gəlir yeri reklamdandır. Əfsuslar olsun ki, bu gün saytlara dövlət tərəfindən maliyyə ayrılmır. Bəzi saytlar alırlar, bəziləri isə yox. Bizim saytlar sırf öz gücümüzə fəaliyyət göstərirlər, yəni, özümüz-özümüzü maliyyələşdiririk. Əlbəttə, əsas gəlir yerlərimiz reklamlar və şəxsi biznesimizdir.

- Bəzi saytlara dövlətdən pul ayrıldığını iddia edirsiz, amma rəsmi qaydada dövlət tərəfindən heç bir sayta pul ayrılmır. Bəs, həmin saytlara dövlət pulu hansı formada ayırır?

- Azərbaycanda o pulu almağın bir yolu var: yaxın tanışlıq. Bunun üçün ya yaxşı tanışların olmalıdır, ya da güclü ətrafın. Əgər bunlar yoxdursa, gərək öz gücünə hərəkət edə biləsən.

- Bəs, sizin belə yaxın tanışınız var?

- Mənim “daydayım” həmişə özüm olmuşam. Çalışmışam ki, həmişə öz gücümə nəsə əldə edim. Əgər böhran varsa və sənin yardım aldığın tanışını da bu böhran “vurubsa”, sən öz ayaqlarının üstündə durmağı bacarırsansa, o zaman bilirsən ki, sənin öz gücün var. Bu zaman sən yox, sənin rəqiblərin kimlərdənsə asılı olur.

- Sıxışdırılma halları ilə üzləşirsiniz?

- Yox, belə hallarla üzləşmirik. Heç kəs bizi sıxışdırmır. Çünki çalışmışam ki, işimi həmişə dəqiq və peşəkar görüm. Peşəkar komandamız və peşəkar müxbirlərimiz var. Hər həftə jurnalistlərimlə də danışıram, məsləhətləşirəm. Əgər biz bu gün sırf reklam üzərində yaşayırıqsa, bu heç kəsi narahat etməməlidir. Biz heç kəsi “vurmuruq”, heç kəsin haqqına girmirik. Biz fəaliyyətimizi elə qurmamışıq ki, kimsə bizə öz narazılığını bildirsin. Sadəcə çalışırıq ki, informasiyaları düzgün formada insanlara çatdıraq, bu gün nə baş verirsə, onu da yazıb yayımlayırıq. Əlbəttə, istisna hallarda bizi də məhkəməyə verən olub, məhkəməyə də layiqli cavabımızı vermişik. Bizi məhkəməyə verənlərin hamısını udmuşuq. Çünki haqq bizim tərəfimizdə olub. Biz həmişə doğrulardan yazırıq.

- Doğrulardan yazdığınızı deyirsiz. Bu “doğru yazmaq” “Bakı Azərbaycanın paytaxtıdır”, “Qışda hava soyuq olur”, şəklində olan xəbərlərdir, yoxsa, baş verən ictimai-siyasi proseslərin arxa tərəflərinə də işıq salırsınız?

- Biz obyektiv olmağa çalışırıq. Əgər xəbərin mənbəyi və xəbərin özü doğrudursa, bu xəbər təsdiqlənirsə, bu informasiyanın siyasi, mədəni, iqtisadi olmasından asılı olmayaraq yayımlayırıq. Əlbəttə, araşdırırıq, tapırıq və faktlar əsasında yazırıq. Biz oxucu təlabatı ilə hesablaşırıq və xəbər seçimində müxtəlifliyə üstünlük veririk. Çalışırıq ki, oxucunun təlabatına uyğun olaraq, insanları informasiyalarla təmin edək.

- Sizcə, KİV-lərə müəyyən təzyiqlərin olduğu vaxtda, hansı formada obyektiv olmaq mümkündür?

- İdeal heç nə yoxdur. Əlbəttə, iş olan yerdə nöqsan da olur. Hər bir işdə boşluqlar ola bilər. Hər şeyi də hakimiyyətin, yaxud kiminsə boynuna atmaq düzgün deyil. Hər şeyi hakimiyyətdən, dövlətdən gözləmək də doğru deyil. Bu gün Azərbaycanı ABŞ və Avropa ilə müqayisə edirlər. Avropa və Amerika uzun illərdən sonra bu qədər güclü olub. Azərbaycan isə 71 ildən sonra SSRİ-nin əsarətindən çıxdıqdan sonra – 1990-cı illərdən bu yana uğur qazanmağın, inkişaf etməyin yollarını axtarır. Azərbaycana mane olan amillər çox olub, gah Sovet Rusiyasının işğalına məruz qalıb, gah da digər xarici təhdidlərlə üzləşib. İşğallara məruz qalmışıq. Nəhayət, 1990-cı illərdən sonra inkişaf etmək üçün fürsət əldə etmişik. İstər media, istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə inkişaf edə bilmişik. Sovetlər dönəmində dükanlar boş idi, çox şeyi ala bilmirdik, hər şeyi talonla satırdılar. 1990-cı illərin əvvəllərində isə küçələrə çıxmaq olmurdu. İndi 24 saat açıq olan dükanlar da var, hər şey də var.

- 24 saat açıq olan dükan inkişaf göstəricisidir?

- Müəyyən mənada inkişaf göstəricisidir. Rahatlıq olan yerdə inkişaf var. Bu gün Azərbaycanda inkişaf etmiş media varsa, bu gün Azərbaycan Avropada iştirak edirsə, idmanımız qabağa gedirsə, bunlar böyük uğurlardır, kiçiltmək olmaz. Demək ki, nəsə etmişik. Bununla fəxr edib, davam etmək lazımdır. Hər şeyə pis baxıb pessimist olmaq lazım deyil. Düzdür, bir sıra nöqsanlarımız var, amma bu boşluqları hamı bilir. Hər kəs öz işinin peşəkarı olsa, inkişafımız davamlı olacaq.

- Niyə rəhbərlik etdiyiniz saytlarda daha çox şou xəbərlərə üstünlük verirsiniz?

- Bu kommersiya xarakterlidir. Bu gün şou-biznes xəbərlərinə olan təlabat daha çoxdur. Bunun da səbəbini bilirəm. Məsələn, Azərbaycan qadınları ya mental dəyərlərimizə çox bağlıdırlar, ya da evləndikdən sonra həyat yoldaşları tərəfindən işləmələrinə icazə verilmir. Xanımlarımız daha çox evdə olurlar. Buna görə də şou-biznesə maraqları yaranır. Nəzərə alsaq ki, Azərbaycanda qadınların sayı daha çoxdur, demək ki, belə məlumatlara da daha çox təlabat var. Kişilərimizin də əksəriyyəti ali məktəblərə oxumaq üçün yox, sırf  diplom əldə etmək üçün üz tutur. Onlar nə siyasətlə, nə də iqtisadiyyatla maraqlanırlar. Buna görə də şou-biznesə maraqları yaranır, çünki şounu qavramaq onlara daha asan başa gəlir. Biz də təlabata uyğun formada fəaliyyət göstərməyə məcburuq ki, heç olmasa, bizim də reaklamlarımız olsun. Bu gün adi bir şou-biznes xəbəri siyasi və iqtisadi xəbərdən 15-20 dəfə çox oxunur.

- Bəs, niyə insanlarımız şouya meyillidirlər?

- Bu bizim mentalitetlə bağlıdır. Bu, birbaşa mentalitetlə bağlıdır. İnsanlar qapalı olan şeylərdən qaçırlar. Əgər mentalitet insanları çərçivəyə salırsa, buradan çıxmağa çalışırlar. Buna görə də hansısa müğənninin həyatı, şəxsi münasibətləri insanlara daha maraqlı gəlir. Amma bununla belə, xəbər müxtəlifliyinə də üstünlük veririk. Oxucuların hər təlabatı ilə hesablaşırıq.

- Özünüz haqqında nə fikirləşirsiniz?

- Kimliyim barədə yaxşı olardı ki, məni tanıyan kənar bir insandan soruşaydınız. Amma özüm haqda onu deyə bilərəm ki, hələ uşaq yaşlarından iş həyatına başlamışam. Özümü Azərbaycanda internet dünyasına yenilik gətirən bir şəxs və uğurlu iş adamı kimi təqdim edə bilərəm. Amma mənim haqda ən doğru sözü tanışlarım deyə bilərlər. Əgər insan özündən tamamilə əmin olsa və özündən başqa güclü olmadığını düşünsə, həmin an kimsə gəlib onu keçəcək. Özündəməminlik həmişə tənbəlliyə gətirib çıxarır. Buna görə də həmişə özümü tərifləməkdən qaçmışam, qorxmuşam. Daim öz üzərimdə işləmişəm, çalışmışam ki, hansısa bir pillədəyəmsə, sabah daha bir pillə yüksəlim.


loading...