Müğənni Nigar Camal maraqlı açıqlamalar edib.
Xəbərçi.az primetime-a istinadən məlumat verir ki, London və Bakı arasında tez-tez səfər edən “Eurovision 2011” təmsilçimiz qürbətdə olarkən vətən üçün darıxdığını dilə gətirib: “Azərbaycan mənim vətənimdir. Dünyanın harasında yaşamağımdan asılı olmayaraq buraya gələndə tam başqa oluram. Burada mənim valideynlərim yaşayır. Bacı və qardaşıma çox bağlıyam. Bakıda eyni zamanda dostlarım var. Deyə bilərəm ki, İngiltərədə ümumiyyətlə, dostum yoxdur”.
Müğənni Azərbaycan və İngiltərə arasındakı fərqlilikdən söz açıb: “Azərbaycanda da İngiltirədə də yaşamağın öz müsbət cəhətləri var. Misal üçün bizim şəhər çox təmizdir. Mənfi cəhəti isə odur ki, insanlar çox narazı gəzirlər və eyni zamanda da çox təəssüf ki, özündən razı insanlar həddindən çoxdur. Hər hansısa bir məlumatı neqativ qəbul edirlər. İngiltərədə isə sənin hansı həyatı yaşamağın heç kimə maraqlı deyil”.
N.Camal şəxsi həyatı haqda da danışıb: “Şəxsi həyatımda hansısa dəyişiklik baş versə bunu instagramda mütləq hiss edəcəksiniz. Çünki sevən insanın gözlərindən hər şey bəlli olur. Mənə yaxın olan hər kəs bilir ki, mən sevgisiz münasibət qurmaram”. O, ailə qurmaq istəyini dilə gətirib: “Əgər mən bu insanı sevirəmsə və onunla özümü xoşbəxt hiss edirəmsə onun üçün bir çox şeyi qurban verə bilərəm. Əlbəttdə, istərdim ki, gözəl ailə qurum, yanımda məni sevən biri olsun. Bu mənim üçün çox önəmlidir”.
İfaçı qarşıdakı planlarını da açıqlayıb: “Növbəti mahnı üzərində işlər davam edir. Musiqi artıq hazırdır. Sözlərin yazılmasına başlanılıb. Dekabr ayında “Kəklikotu” filmi tam hazır olacaq. Ondan sonra yeni filmə çəkiləcəyəm. Bu da komediya janrıdır. Əslində çəkilmək üçün təkliflər gəlir. Təbii ki, öncə kimin çəkdiyinə və ssenariyə baxıram. Daha sonra qərarımı verirəm”. İfaçı arzuladığı obrazdan da söz açıb: “Əsl Nigarı oynamaq istəmərəm. Düşünürəm ki, dram janrı mənə daha çox yaraşar. Neqativ obraz və hissləri canlandırmaq istəyərdim”.