Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın həbs olunub. İfaçının bacısı İlahə Fəda Baş Prokrorluğun açıqlamasından sonra Xəbərçi.az-a özəl olaraq xəbəri təsdiq edib.
" Prokurorluq niyə öz cinayətkarlarını əllərindən buraxır ki, kimsə də onlara kömək etsin? Onların başqa işi-gücü yoxdur ? Təhlükəli cinayətkarlar qalıb bir kənara bacımdan nə istəyirlər axı? Sadəcə səhv anlaşılma olub. İnanın Allaha nə mən, nə bacım heç vaxt cinayətkarlarla salam-kəlamımız olmayıb. Biz elə insanlar deyilik. Bacım ordan çıxacaq, mən buna inanıram. Haqq - ədalət yerini tutacaq. Səhərdən anamın, mənim halımı bir bilsəz. Mənim bacım müğənnidir bəlkə cinayətkarlar toyda onunla şəkil çəkdirib, sonra hansısa məqsədlə bu fotolar üzə çıxıb. Və ya onun tanışlarıdır. Hər birimizin başına gələ bilər belə hadisə ... Ona görə də kimisə qınamayın".
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Fədayə Laçının həbs olunması xəbərini axar.az-a təsdiqləyib.
"Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib", - E.Sultanov bildirib.
Eldar Sultanov bununla bağlı ictimaiyyətə rəsmi açıqlamanın veriləcəyini deyib.