“Röyasına” haram qatanlar...

“Röyasına” haram qatanlar...

Mövzular tükənəndə nələri etmirik ki? Bir az savadı, dünyagörüşü olan istedad üzə qoyur. Cahil isə bunu kin, iyrəncliyin ifadəsində silaha çevirir, iç irinini qusur. Boş vaxt və baş sahibləri bu dəfə Röyanı hədəf seçib, öz tənqid, məzmunsuz qınaqları ilə murdar ifadələri Xalq artisti Röya Ayxana yönəltdilər. 

Cahil gözünü yumub barmaqları ilə söyüş kəlmələrini yazan tip olduğundan, bu yazını onlara yox, qınağın səbəbini bilmək istəyən ağıllı adamlara ünvanlayıb, mahiyyəti izah edim.

Səbəb, yoxsa bəhanə?

Tənqid edənlər Yeni il gecəsi müğənninin öz evində rəqs etməsini şəhidlərin ruhuna hörmətsizlik hesab edirlər. Əslində bayram günləri telekanallarda əksər müğənnilər rəqs edib, mahnı oxudular. Amma Röyanın etdiyi qabardılıb, başqa səmtə yozulur. İnsafla desək, Röya Ayxan həssas təbəqədən olan insanlara olan xeyirxahlığı, dəstəyi ilə seçilib. Saymağa başlasaq Xalq artistinin aztəminatlı və qayğıya ehtiyacı olanların yanında olmasını sübut edən onlarla nümunə göstərə bilərik.

Hələ koronavirusun ilk günlərindən sənətçi, pandemiya ilə mübarizə çərçivəsində keçirilən tədbirlərə qoşuldu, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə də etdi. Eyni zamanda, sənətçi bütün vətəndaşları COVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulmağa və bu bəladan xilas olmaq üçün dövlətə öz vətəndaş dəstəyini göstərməyə səslədi, bu dönəmdə yüzlərlə aztəminatlı ailəyə sovqat göndərdi.

Qazax rayonun Quşçu Ayrım kəndində yaşayan və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın görüntüləri Xalq artistinin ürəyinə toxundu. Sənətçi komandası ilə birgə Qazaxın Quşçu Ayrım kəndinə gedib, Əsmər nənənin qonağı oldu. Əsmər nənə üçün təzə iki mərtəbəli ev tikdirib, hədiyyə etdi. Əsmər nənənin öz evi isə əlavə bir otaq kimi istifadə olunacaq. Deyim, yada düşsün ki, Əsmər nənə düşmənlə üz-üzə olan kənddə təhlükəni gözə alaraq şəhid oğlunun məzarını tək qoymamaq üçün yaşadığı uçuq komasından ayrılmamışdı. Röyanın bu addımı ictimaiyyət tərəfindən təqdir edildi. Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Xalq artisti Röya Ayxanın şəhid anasının evini təmir etdirməyi üzərinə götürməsini mərd addım adlandıraraq, bunun aidiyyatı qurumlara örnək olduğunu açıqlamışdı.

Xalq artistinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuyan Rəşad adlı tələbənin təhsil haqqını ödəməsi də, onun xeyirxah əməllərindən biridir.

Röyanın telejurnalist Gülər Məmmədova üçün yardım kampaniyasında iştirak etməsi və sağlamlığında problem yaşanan neçə-neçə şəxsə dəstək olması da xeyirxah əməlləri sırasındadır.

Bu siyahını uzatmaq da olar. Xalqımız pisi yaxşıdan seçəcək qədər arifdir. Səhvlər isə insan həyatının bir parçasıdır. Tanınmış psixoanalitik Karl Qustav Yunq təbirincə desək: “səhv həyatdakı həqiqət qədər, vacib bir haldır”. Bayram günündə sənətçinin şənlənməsinə gəlincə, deməliyik ki, hər kəs əlini ürəyinə qoyub bu fikirlə razılaşar- heç kəsin ağrısı eyni olmur. Röya öz xalqının ağrısını içində çəkən, onun yaşantısını dərindən duyan insan-ölkəsinin ağır anında vətəndaş borcunu yerinə yetirən insandır. 44 günlük Vətən Müharibəsinin hər günü bir il kimi yaşayan, sevinci hayqırtı, şəhid xəbərini göz yaşı ilə qarşılayan, sizə, tamaşaçılarına sadiq, onların qarşısında səmimi olan Röyadır, heç nə dəyişməyib!

Böyük Zəfərin sevincini hər birimiz yaşadıq və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Zəfər sevinci üçün sevinmək, qol qaldırıb oynamaq günah deyil. Zəfərə sevinməmək, şəhidlərin qanı ilə suvarılan qələbəni qeyd etməmək, özü günahdır. Zəfər marşı və Müzəffər Ali Baş Komandanın bayram təbriki bu sevincin təzahürüdür. Hərə bir cür sevinir, əsas odur qələbə sevincini Röya kimi ürəkdən qeyd etməyə ürək olsun!

Əfruzə Ağayeva


loading...