"Gözümün qarşısında anamı sürüyürdülər. 4-5 nəfər də mənim qolumdan tutub torpağın üstündə sürüyürdü. Hələ bacımı da o yan, bu yana çəkişdirdilər".
Xeberci.az aznews.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu bir müddət bundan öncə anasının məskunlaşdığı evdən çıxarılmasından danışarkən deyib.
İfaçı anasının evdən çıxarılma prosesini belə xatırlayıb:
"10 nəfər yanğınsöndürən, 10 nəfər polis, 10 nəfər də məhkəmə işçisi gəlmişdi. Onların sayını görəndə dəhşətə gəldim. Baxdım ki, onlarla bacara bilməyəcəm. Onlara müqavimət göstərmək lazım idi. O da mənlik deyildi. Xalqın içində olan adamam, belə şeylərlə məni gözdən salmaq istəyirdilər. Onlar gələndə yanımda anam, bir də bacılarım vardı. Hamımız onların hərəkətinə baxırdıq. Əgər bir balaca onlara müqavimət göstərsəydik, məni həbs etdirərdilər.
Anam özündə deyildi. Dəhşət pis olmuşdu. Mən də sındım, bu məsələdə anamın qarşısında aciz qaldım. Anam oğlunun iyini ordan alırdı. Ona tək təskinlik verən rəhmətlik qardaşımın yaşadığı evin divarları idi. O da daha yoxdur. Deyir ki, mən ancaq bu evdə təskinlik tapıram. Canında Azərbaycan qanı daşıyan kimsə bu hərəkəti edə bilməz. Çox əsəbiləşmişdim".
T.Şahmaroğlu hadisə yerinə Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının qohumları tərəfindən çağrıldığını deyib:
"Həmin binada bizim qohumlarımız yaşayır. Yəqin düşünüb ki, bizdən kimsə müqavimət göstərər, nə bilim, özünü yandırar. Yəqin təhlükəsiz tədbirlərini öncədən hazırlayıblar. Biz niyə səs-küy salaq ki? Əksinə mən orada qonşuları sakitləşdirdim. Dünən bizi çıxardılar, sabah bir başqa evin yiyəsini bayıra atacaqlar. Onsuz da mən oradan çıxacaqdım, amma daha belə vəziyyətdə yox. Mənim xalqımın nümayəndəsinin hərəkətlərini belə görəndə nifrət elədim.
Dedim ana, belə şey bizə yaraşmaz. Gəl gedək, bu ev, bu da onlar, nə istəyirlər etsinlər, haram xoşları olsun. Ev sahibi də ordaydı, "bomj" görkəmində qıraqda durub baxırdı. Mənim böyük sənətim var. Allah bu günə kimi mənə arxa olub. Bundan sonrakı əsrdə ikinci Tacir doğula ya yox. Getdi, bəlkə də doğulmayacaq. Çox əfsuslar olsun ki, belə sənət sahibinə qiymət qoymadılar. Mən bu gün sənətimin çörəyini yeyirəm, xalqıma mənim canım qurban. Aramızda musiqini yaxşı anlayan oğlanlar var. Onlar qoymurlar ki, mən çörəksiz qalam. Mən heç bir vaxt pula önəm verməmişəm. Yaxşı dostlar sağ olsun. Hansı ki, o dostlar məni sınmağa qoymurlar".