Xeberci.az xəbər verir ki, tanınmış modelyer zərərçəkmiş Leyla Əhmədovanın 2 ildir ki, davam edən və süni şəkildə uzadılan cinayət işi uğurla başa çatdı. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun göstərişinə əsasən, 186.2 , 322.2, 177.3.2 –ci maddələr təsdiqini tapdı və işə hakim Mirzə Xankişiyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində 21 noyabr tarixində məhkəmə hazırlıq prosesi keçirildi. Leyla xanımla müsahibəni təqdim edirik:
Leyla xanım, mübarizənin çətin mərhələsini arxada qoyduz, sanki … Bu çətin zamanda kimlər sizə dəstək oldu ?
- 6 ay öncə Cənab Ramil Usubovun qəbulunda olduqdan sonra onun göstərişi ilə iş Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq idarəsinə təhvil verildi. Orada Nizami Ağayev və Azər Lütvəliyev barəsində CM-nin 177.3.2, 322.2 və 186.1 maddələri ilə istintaq aparıldı. İşin içərisində çatışmayan ekspertiza rəyləri toplandı, izahatlar götürüldü və Prokurorluğa təqdim edildi. Sonra mən Baş Prokurorluqda cənab Zakir Qaralovun qəbulunda oldum. Bu məsələ onun tərəfindən nəzarətə götürüldü, obyektiv baxıldı və Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Həmin istintaqla sübuta yetirildi ki, Ağayev Nizami, Lütvəliyev Azər və Eyvazov Ceyhun əlbir olaraq mənim icarəyə götürüb, işlətdiyim Cəfər Cabbarlı 29 ünvanında yerləşən binaya özbaşına soxularaq zor tətbiq etməklə əmlakımı məhv edib, talayıblar. Mənə külli miqdarda 190 min manat civarında ziyan vurublar. Buna görə də Nizami Ağayev və Azər Lütvəliyev barəsində “başqa yerə getməmək” haqqında iltizam qətiimkan tədbiri seçilib. Qanun da tələb edir ki, bu cinayəti törədən şəxslər həbs olunsunlar.
- İndiyə qədər çoxsaylı məhkəmə çəkişmələriniz olub. Sizə dəyən ziyan heç ödənilibmi?
- Bizdə iki iş idi. Onlardan biri mülki, digəri cinayət işidir. Mülki işdə dəyən ziyan qismən ödənildi. Amma hələ də mülki iş davam edir. Cinayət işində onlar mənə 190 min manat ödəməlidirlər. 190 min manatın içərisində mənim oğurlanıb, talan edilmiş əşyalarım, antik parçalarım, “svorovski” qaşlarla bəzədilən aksessuarlarım, qiyməti olmayan paltarlarım var idi. Onlar bununla kifayətlənməyib, məni ac – susuz sentyabrın 24 –dən (2016) 28-nə kimi 5 gün işıqları, qazı , suyu söndürərək modalar evimdə məni qanunsuz saxlayıblar, qapıya dərin jalüz vurublar, məni ətraf mühitdən təcrid edərək işgəncələrə məruz qoyublar. Bundan əlavə 2 ildir ki, “Leyla Əhmədova” adına olan modalar evim fəaliyyət göstərmir və bu səbəbdən mənə 500 min manat maddi-mənəvi ziyan dəyib. Bizim möhtərəm prezidentimiz İlham Əliyev də dəfələrlə qeyd edib ki, zərərçəkmiş sahibkarlara və şəxslərin hüquqi aidiyyatı instansiyalar tərəfindən qorunmalıdır. O şəxslər ki, buna mane olur, onları cənab Prezidentimiz də dövlətçiliyimiz əleyhinə bir düşmən kimi qiymətləndirir.
- Leyla xanım, bu insanlar heç olubmu ki, sizin həyatınıza təhlükə yaradan cinayətlərə də əl atsınlar?
- Bu iki il ərzində Nizami Ağayevlə Azər Lütvəliyev “Leyla Əhmədova” modalar evinin fəaliyyətinə mane olmaq üçün hər yola əl atıblar. Məqsədləri o idi ki, mən işləyib pul qazana bilməyim. Bunun üçün də o ərəfədə mənə çoxlu təzyiqlər göstərirdilər. Qohumlarıma zəng etdirib "vorzakonlar" vasitəsilə dəfələrlə məni bu işdən imtina etməyə, çəkindirməyə cəhdlər ediblər. Öz halal qoyduğum pulumu tələb etməmək üçün hər yola əl atıblar. Bizim də cavabımız o olub ki, "biz ölkəmizin qanunlarına söykənirik.İş hüquq mühafizə orqanlarının nəzarətindədir". Buna baxmayaraq iş prokurorluqda olub deyə Nizami Ağayevlə Azər Lütvəliyev barışıq adı altında mənə zəng edib “Paltarların zirzəmidə tapılıb, xahiş edirik, gəl, bax” deyə aldadıb, ora gətizdirdilər.
- Zirzəmidə nə baş verdi ?
Həmin gün evdən çıxarkən qızım və evimin işçisi Polad mənimlə birgə maşına oturdular. Tək deyildim. Getdim zirzəmiyə, mənə məxsus olmayan paltarlar kisələrə yığılmışdı. Çantada pul var idi. Abu-havadan şübhələndim. Kameraya çəkə-çəkə məkandan çıxdım. Bəlkə də mən tək olsaydım, məni öldürəcəkdilər. Bu da göstərir ki, cinayət törətmiş şəxs Nizami Ağayevlə Azər Lütvəliyev törətdikləri cinayətləri məni öldürərək ört-basdır etmək istəyiblər.
- Siz həqiqətən də “Dəmir ledisiz”. Nədir sizi bu qədər güclü edən ?
- Vətənim Azərbaycanım, Cənab Prezidentim, ali qanunlarımız. Və mən xüsusilə bu işdə mənə dəstək olan şəxslərə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Zakir Qaralova, insane hüquqları komitəsinin sədri, millət vəkili Bahar Muradovaya, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova təşəkkürümü bildirirəm. Hakim Mirzə Xankişiyevin də ədalətli qərar verəcəyinə ümid edirəm. Bu barədə də sonda mediaya açıqlama verəcəm.
- Yekun bir sual da verim. Leyla xanım 21 noyabr tarixində məhkəmənin hazırlıq iclasında huşunuzu itirmisiniz. Nə baş vermişdi ?
Bəli, hazırlıq iclasında əsəb gərginliyi keçirdiyim üçün ürəyim getdi, huşumu itirdim. Məhkəmədə çıxış edən zaman anidən gözlərim qaraldı yerə yıxıldım, çıxışım yarımçıq qaldı, vəsadətlərimi verə bilmədim. Üstümə təcili tibbi yardım gəldi, hazırlıq iclasının necə bitməsindən məlumatsızam. Hal-hazırda müalicə alıram, həkim nəzarətindəyəm.
- O zaman hazırlıq iclası yenidən təxirəmi düşdü ? Çünki qanunun tələbinə görə zərərçəkmiş tərəf tam dinlənilmədən, məncə, məhkəmənin baxış mərhələsini hakim təyin edə bilməzdi.
- Qanunvericilik buna yol verməsə də, artıq hakim M.Xankişiyev məhkəmə baxışını təyin edib. Mən bu barədə məhkəmə hüquq şurasına rəsmi məlumat vermişəm.