Müğənni Yeganə: "Açıqlama verəcəm ki, gözünüz aydın, boşandım" - MÜSAHİBƏ

Müğənni Yeganə: "Açıqlama verəcəm ki, gözünüz aydın, boşandım" - MÜSAHİBƏ

XƏBƏRÇİ.AZ ailem.az-a istinadən müğənni Yeganə ilə müsahibəni təqdim edir. 

- Yeganə xanım, bəzən müğənnilər gecə yarısına qədər işləməli olur, ya səfərə çıxıb, günlərlə evdə olmurlar. Bu cür iş şəraiti ilə övladınıza necə zaman ayıra bilirsiniz?

- Ömər adlı 7 yaşlı bir oğlum var. Səhhətimlə bağlı o, yarımçıq doğulub, 7 aylıq. 2 yaşına qədər mən heç bir yerdə oxumadım, heç bir efirdə olmadım, sənətdən uzaqlaşdım. Çünki çox körpə idi və onu heç kimə etibar etmirdim. Həm də ana südü ilə qidalanırdı. Sonra da anam baxırdı ona və hazırda da nənəsinin himayəsindədir. İndi mən də  bacardığım qədər ona qayğı göstərirəm. Hər səhər nə qədər yorğun da olsam, işdən gec də, səhərə yaxın da gəlsəm, tezdən saat 7-də oyanıb, Öməri məktəbə özüm yola salıram.

- Nə əcəb oğlunuzun Türkiyədə təhsil almasını istəməmisiniz?

- Bu sualı mənə çox adam verir. Deyim ki, mən həmişə bizim təhsili daha üstün görürəm. Bilmirəm, bəlkə özüm həm orta, həm ali məktəbi burada oxuduğuma görə, istədim o da təhsilini burada alsın. Bəlkə də bir az qısqanclıq oldu. Hətta yoldaşımla da aramızda söz-söhbət oldu. O dedi, Türkiyədə özəl məktəblərin birində oxusun. Dedim, özəl məktəblər elə burada da var. Fərqi nədir ki? Bir də mən işimlə əlaqədar Bakıda daha çox olduğum üçün Öməri də burada məktəbə qoydum.

- Bilirik ki, yoldaşınız Türkiyə vətəndaşıdır. Maraqlıdır, onunla necə tanış olmuşdunuz?

- Tanışlığımız Türkiyədə olmuşdu, mənim işlədiyim illər ərzində. Əvvəl biz dost idik. Hətta yaxın rəfiqələrim də bu məsələni nöqtə-vergülünə qədər bilir. Bir dostumuzun vasitəsi ilə başqa bir iş əsasında tanış olduq. Dostluğun da axırı belə oldu. Yəqin ona görə deyirlər ki, xanımla bəyin dostluğu axıra qədər tutmur. Gəldi axırı evlilikdə dayandı.

- Bəs evlilik təklifi necə oldu?

- Türkiyədəki evlilik verilişlərinə baxanda hərdən qısqanıram. Deyim ki, mənə şanlı-şöhrətli evlilik təklif etdi, yox. Sakitcə soruşdu ki, Yeganə, mənimlə evlənərsənmi? Mən ona birinci "yox" demişdim. Sonra baxdım ki, xasiyyətimiz də uyğundur. İkimiz də qız bürcüyük, ikimiz də çox inadcılıq. O inadlaşanda mən sakit dururam, mən dəlilənəndə o sakitcə gedir ki, hirsim soyusun. Hərdən fikirlərimiz ayrı-ayrı olsa da, axırda susuram, neynəyim? Yəni gah o güzəştə gedir, gah mən...

- Yoldaşınız sizin müğənni olduğunuzu bilirdi?

- Yox, bilmirdi. Biz başqa bir iş vasitəsilə tanış olmuşduq. Dostu ilə birlikdə həmin işi həll edirdi. Tanış olduğumuzdan, yalan olmasın, bir 5 ay, bəlkə də daha çox sonra müğənni olduğumu bildi. Bir dəfə məni hava limanına yola salmağa aparırdı. Çantamdan diskimi çıxarıb ona verdim. Əslində, mənim çantamda heç vaxt diskim filan olmazdı... Necə oldusa, çantamın ağzını açdım ki, nəsə götürüm, bu zaman diskimi gördüm və götürüb ona verdim. Şoka düşdü, doğrudan bir anlıq şoka düşdü. Dedi, mən 5 aydır səni tanıyıram, amma bilmirdim müğənnisən.  

- Müğənni olduğunuzu bilməsi sevgi münasibətinizə hansısa bir təsir göstərdi?

- Əslində, o, Azərbaycan mahnılarını çox sevir. Ən çox sevdiyi mahnı da "Ay işığında" mahnısıdır. Hərdən mənə sual verirlər ki, sən evdə mahnı oxuyursan? And içirəm ki, yox, vallah, mən evdə mahnı oxumuram. Yoldaşım üçün də heç vaxt mahnı oxumuram. Hərdən qısqanır. Bu yaxınlarda Ömərə doğum günü məclisi etdik. Orada ona sual verdilər ki, heç Yeganə sənin üçün mahnı oxuyur? Dedi, yox vallah, siz efirdən necə qulaq asırsınızsa, mən də elə qulaq asıram Yeganəyə.

- Sizi qısqanırmı, məsələn, geyim-keçiminizə qarışır?

- Mən paltar almağa gedəndə hətta Ömərin də fikrini soruşuram. Deyirəm, Ömər hansı rəng yaxşıdır? O, uşaq da olsa elə gözəl rənglər seçir ki... Kişi var ki, qadınlarla alış-veriş etməyə çıxanda bezir, deyinir, tez elə, nə gördün al gedək. Fatehdə isə bu xasiyyət yoxdur. Çox zaman alış-verişi Türkiyədən edirik. Öməri qayınanam saxlayır, biz ikimiz gedirik alış-verişə. Çox gözəl zövqü də var, mənim paltarlarımı o seçir. Həmçinin onun paltarlarını da mən seçirəm. Onu da deyim ki, mən açıq-saçıq geyinməyi xoşlamıram, hər zaman çərçivəsində geyinirəm. Elə olur ki, hansısa paltarı əynimə geyinib çıxıram, deyir, yox, Yeganə, çıxar, bu, sənlik deyil.

- Ola bilərmi desin, ya sənətini seç, ya ailəni? Belə bir seçim qarşısında qalsanız, nə edərsiniz?  

 

- Mənim üçün ailə daha önəmlidir. Artıq 20 ildir, oxuyuram. O, birdən-birə mənə deməz sənətini at. Niyə deməz? Çünki bilir sənətimi, musiqini nə qədər sevirəm. Amma deyək ki, son nöqtə, qərar zamanı çatarsa, onda təbii ki, ailəni seçərəm.

- Bu zamana qədər aranızda hansı məsələlərə görə anlaşılmazlıq olub, dalaşmısınız?

- Yox, əslində, ciddi bir şey olmayıb. Amma Türkiyədə işıq üzü görən alboma mahnılar seçərkən o qədər dalaşdığımız, küsülü qaldığımız günlər olub ki. Hətta heç evlənməmişdən qabaq da həftələrlə küsülü qalırdıq. O deyirdi ki, misal üçün, bu mahnı sənin səsinə düşmür, onu alma, oxuma. Mən onunla inadlaşıb oxuyurdum, amma sonra heç bir dəfə də oxumurdum. Musiqi duyumu çox gözəldir. Heç zaman da yanılmayıb.

- O da musiqiçidir?

- Xeyr, o həmişə ticarətlə məşğul olub. İndi isə bir dövlət müəssisəsində işləyir. Musiqini çox sevir, amma səsi yoxdur. Səsi olsaydı, bir duet oxuyardıq.

- Hazırda Azərbaycandadır, yoxsa Türkiyədə?

- Yox bu yaxınlarda gedib Türkiyəyə. Bir azdan Ömərlə gedəcəyik ora. Ramazan ayında biz hər zaman orda oluruq. Yoldaşım orada işləyir, mən burada. Hərdən mənə bu barədə sual verirlər. Deyirəm, kişi o ölkədən pul qazanır, mən bu ölkədən...

- Geyimlərinizə çox pul xərcləyirsiniz?

- Əvvəllər həddindən çox pul xərcləyirdim. Ən çox da çanta və ayaqqabı xəstəsi idim. Eyni ayaqqabının yalan olmasın 15 rəngi olurdu məndə. Hərdən buna görə Fatehlə aramızda söz-söhbət olurdu, dalaşırdıq. Deyirdi, bu ayaqqabıdan 1 dənə aldın, ya 3 dənə aldın, fərqi nədir ki, alıb yığırsan? Deyirdim, mən efir adamıyam, bunun hər rəngindən məndə olmalıdır...

- Bir müddət əvvəl xəbərlər yayılmışdı ki, boşanmısınız...

- Bilirsiniz, bu sualı mənə verəndə artıq gülüb keçirəm. Deyirəm, bir adamdan necə ayrıla bilərsən, əgər bu adam sənin yanındadırsa? Yazıq mənimlə efirlərə də çıxır, xeyrə, şərə bir yerdə gedirik. Boşanmaq necə olur? Görmüşük ki, boşanan zaman ər-arvad ayrılırlar, hərənin özünün öz həyatı olur. Sadəcə tapmadılar mənim haqqımda nə yazsınlar, bu boşanma söhbətini çıxardılar. Yeganə bu qədər dayanmadan silsilə işlər gördü, kliplər çəkdirdi. Bir dəfə görmədim bu barədə yazsınlar. Artıq belə şeyləri oxumuram, reaksiya da vermirəm. Bir də görürsən, hansısa sənəd düzəltmək üçün gedirik, nikah şəhadətnaməsini çıxaranda çox təəccüblənirlər. Deyirlər, bəs sizin boşanmanız haqqında xəbərlər yazırlar? Gərək mən bu nikah şəhadətnaməmi şəxsiyyət vəsiqəsi əvəzi çantamda gəzdirim. Narahat olmasınlar, ayrılan kimi birinci özüm çıxıb açıqlama verəcəm ki, ay camaat, gözünüz aydın olsun, mən bu kişidən boşandım. Mən susuram. Artıq bu sual mənə adi gəlir. Bir veriliş var idi, orada məni gah evli, gah boşanan kimi qələmə verirdilər. Ora qonaq getdiyim zaman efirdən qabaq aparıcılara sual verdim ki, nə qərara gəlmisiniz? Bu gün mən hansıyam, evlənən, yoxsa boşanan? İşimi bilim, sonra oturum.

- Bəs yoldaşınız bütün bu söz-söhbətlərə nə deyir?

- Əvvəl mən özüm də haqqımızda olmayan şeyləri yazanda hirslənirdim. Görürdün ki, kimsə səni yığıb bunu şad xəbər kimi deyir. Hirslənirdim, əsəb keçirirdim. Sonra özümə dedim niyə əsəbiləşməliyəm axı?! Təzyiqim qalxır, özümü pis hiss edirəm. Artıq 9 il olacaq ki, evliyəm və bunlar mənim üçün adiləşib. Bundan sonra bir 19 il də desinlər, fərqi nədir ki...

Yoldaşım da əsəbiləşirdi. Deyirdi, reaksiya ver, cavab ver. Deyirdim, yox, reaksiya verəndə onlar daha da şişirdirlər. Biz sakitçiliklə yaşayırıq da... Əvvəllər bir yerdə şəkillərimizi də instaqrama qoyurdum. Amma indi onu da etmirəm. Ailəmlə, uşağımla bağlı paylaşımları hərdən edirəm. Deyirəm, qoy yazsınlar. Axır nə vaxtsa ya qələmləri qırılacaq yazmaqdan, ya da ürəkləri dayanacaq...    


loading...