YAP Xəzər Rayon Təşkilatı müğənni Afaq Aslanı fəxri diplomla təltif edib.
XƏBƏRÇİ.AZ kult.az-a istinadən xəbər verir ki, təşkilat müğənnini YAP-ın namizədi İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə diploma layiq görüb.
Amma mətndə ciddi nöqsana yol verilib. Belə ki, YAP Xəzər RT diplomda "kampaniya” əvəzinə "kompaniya” yazıb.
Zəruri olaraq xatırladaq ki, kampaniya - hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlərdir, kompaniya isə şirkət və ya mərasim sözlərinin sinonimi kimi işlənə bilir.
YAP-ın Xəzər Rayon Təşkilatından kult.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müğənni Afaq Aslana İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə təqdim edilən diplomda yol verilən xəta texniki səhvdir:
"Diplomdakı səhvlə bağlı təşkilata məlumat verilib və bu səhvə görə məsul şəxs uyğun şəkildə cəzasını alıb”, - təşkilatdan bildirilib.
Açıqlamada həmçinin qeyd edilib ki, mətbuatın belə kiçik səhvi böyütməməsini arzu edirlər.