Son zamanlar stilistlər arasında öz əl işləri, gözəlliyi və cazibədarlığı ilə özünəməxsus yer tutan Nisə Əzizova ilə müsahibəmiz gözlədiyimizdən də səmimi alındı. O, şəxsi həyatı və işiylə bağlı indiyə qədər heç yerdə danışmadıqlarını bizə danışdı.
- Nisə xanım, sizi bu iş nə “atdı”?
- Həvəs və istək.
- Nə zaman yarandı bu istək?
- On üç il bundan öncə.
- Kiməsə baxdınız bu sənətə gəldiniz?
- O vaxtlar “ABA” telekanalında bir veriliş var idi. Stilistlər o verilişdə öz bacarıqlarını göstərirdilər. Mən hələ onda uşaq idim. Onlara baxıb düşünürdüm ki, mən də belə usta olacağam. Nəticə etibarilə, artıq on üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu on üç il zaman kəsiyində nəyi müşahidə etdiniz bu sahədə?
- Bizdə bu sahədə stilistlər arasında bir rəqabət var sanki. Amma mən heç kimlə rəqaəbətə girmirəm. Mənim öz yolum var. Bəziləri deyir ki, niyə gedib başqa ölkələrdə dərs alıb özünü daha da püxtələşdirmirsən? Məncə, bizim gəlinlərin buna ehtiyacı yoxdur. Çünki hamı eyni stili istəyir. Heç kim bir fərqlilik axtarmır. Lakin buna baxmayaraq, mən Moskvada master-klass dərsləri alımşam, ancaq heç kim burada mənim öyrəndiyim o əl işlərini istəməyib. Buna görə də artıq dərslərə lüzum görmürəm.
- Heç olubmu, müştərilərdən hansısa Elza Seyidcahanın stilində qeyri-adi saç düzümü istəsin sizdən?
- Bəli, bir dəfə olub, amma mən demişəm ki, mənlik deyil. Başqa stilistə müraciət edin.
- Siz özünüz Elza xanımın stilini bəyənirsinizmi?
- Elza xanım, çox gözəl xanımdır. Yəqin ki, fərqlilik axtarır. Onun fikrinə normal yanaşıram. Əslində onun belə addım atması özgüvənindən və cəsarətindən irəli gəlir. Şəxsən mən özüm hansısa bir toya, məclisə gedəndə saçımı yığmıram, açıq qoyub gedirəm.
- Bayaq rəqabətdən danışdınız. Nədən yaranır bu rəqabət?
- Bəzi stilistlər var ki, onlar hələ də yerlərində sayırlar. Başqası isə qabağa gedir. Ona görə də gözləri götürmür. Nəticədə, belə rəqabətli durumlar yaranır.
- Gəlin, etiraf edək ki, hər bir sahədə qabağa getmək üçün müəyyən bir “təkan” lazımdır.
- İnandırım sizi ki, mənim heç bir dəstəyim olmayıb. İllər öncə başqa bir yerdə çalışırdım. Oradakı bir xanım mənə dedi ki, sən burada qaldıqca əzilirsən, inkişafdan geri qalırsan. Gəl, səni başqa bir yerə göndərim, orada ikişaf var. Qəbul etdim. Altı aydan sonra yavaş-yavaş müştərilər yığmağa başladım. Daha sonra modellərlə işlədim, efirlərə çıxdım. Həmin ərəfələrdə adımı eşidib, üzümü görməmişdilər. “İnstagram” yaranandan sonra simamı görməyə başladılar və etiraf edim ki, ondan sonra daha da məşhurlaşmağa başladım.
- Bundan sonra öz büdcənizlə öz işinizi qurmaq qərarına gəldiniz?
- Bəli, düşündüm ki, mən artıq öz ayaqlarım üzərində durmağı bacararam və öz işimi qurdum.
- Amma deyirlər ki, tək qadın bu qədər işlərin öhdəsindən gələ bilməz. Ona mütləq hansısa bir bəy dəstək olmalıdır. Sizin həyatınızda belə biri varmı?
- Tam səmimi deyirəm ki, indiyə qədər heç bir kişidən dəstək görməmişəm, nə də ki, sponsorum olmayıb. Bəzən mənə deyirlər ki, gözəl xanımsan, nə əcəb, yanında bir kişi yoxdur? İnandıra bilmirəm ki, Vallah, yoxdur (gülür). Mən bu gün ancaq öz təlabatımı ödəyirəm və gələcəyimi düşünürəm.
- “Sponsor”lardan sizə təklif edən də olmayıb?
- O da olmayıb. Dərd burasıdır ki, olmayıb (gülür).
- Olarsa, qəbul edərsinizmi?
- İndiki zamanda sponsor anlayışı bir az fərqlidir. Qeyri-ciddi təkliflər çoxdur. Mən belə şeyləri qəbul edə bimirəm.
- Neçə ildir həyat yoldaşınızdan ayrılmısınız?
- Artıq on ilə yaxındır.
- Həyatınızda kimsə olub və ya var?
- Olub, amma indi yoxdur.
- İndi niyə yoxdur?
- Çünki hələ də tələblərimə cavab verən biri qarşıma çıxmayıb.
- Həmin insan necə biri olmalıdır ?
- Fikirləri mənim fikirlərimə üst-üstə düşsün, məni hər məqamda başa düşsün və s.
- Neçə dəfə sevmisiniz?
- Bir dəfə sevmişəm.
- Həyat yoldaşınızı?
- Xeyr, mən onu sevib ərə getməmişəm. Məni on yeddi yaşımda qaçırdıb.
- Neçə il bir yerdə yaşadınız onunla?
- Səkkiz il...
- Bu səkkiz il sizə səkkiz əsr kimi gəlmədi ki?
- Bir il mənim üçün çox gözəl oldu. Onda hələ çox şeyi dərk etmirdim. Lakin sonradan yoldaşımın xasiyyətinin dəyişdiyini gördüm, amma müəyyən qədər səbr etdim. Onun valideynlərindən bir şikayətim yox idi, gözəl insanlar idi. Problem onun özündə oldu. Hər şeyə səhlənkar yanaşmağa başladı və həddindən çox içirdi. Hətta bizi bir müddət ayrı saxladılar ki, bəlkə düzələr. Amma alınmadı. Qərara gəldi ki, artıq ayrılmalıyıq.
- Siz boşanandan sonra bu işə başladınız?
- Bəli, mənim bu peşəyə gəlməyimə səbəkar qayınatam oldu.
- Tez-tez ağlayırısınız?
- Tez-tez olur.
- O sevdiyiniz insan var idi, onun aqibəti necə oldu bəs?
- O da alınmadı. Müəyyən söz-söhbət oldu aramızda. Sırf evliliklə bağlı.
- Üçüncünü sevmək ağlınızdan keçirmi?
- Ancaq evlənəcəyim insanı sevə bilərəm. Sözün düzü, indi bu mövzularda ehtiyatlı davranıram.
- Belə bir şey eşitmisinizmi, deyirlər, sizə salonu, evi kimsə alıb verib.
- Belə söhbətlər eşitmişəm. Amma inanın ki, evim hələ də kreditdədir.
- Geyim baxımından kompleksiniz varmı?
- Elə bir kompleksim yoxdur. Ancaq qadının sinəsinin çöldə qalmağını xoşlamıram. Buna görə də bir az sinəsi açıq libas geyinəndə kompleks yaşamağa başlayıram.
- Diqqəti nə dərəcədə cəlb edə bilirsiniz?
- Mən necə geyinnməyimdən asılı olmayaraq, həmişə diqqəti cəlb edirəm.
- Sizcə, kişilər sizin ən çox haranıza baxır?
- Kişiləri bilmirəm, amma qızlar deyirlər ki, sizdə bir çəkicilik var.
- Kimin gözünə “ox” kimi batırsınız?
- Çoxlarının. Məni çoxunun gözü götürmür bəlkə də.
- Rəfiqələrinizdən xəyanət görmüsünüzmü?
- Bir yaxın rəfiqəm var idi, ondan çox böyük zərbə almışam. Mənə çox yalan danışdı. Axırda üzünə vurub, özümdən uzaqlaşdırdım. Əslində onunla şərik idik.
- Estetik əməliyyat keçirtmisinizmi?
- Heç bir yerimdə heç bir əməliyyat olmayıb. Buna uşaqlıq şəkillərim də sübutdur.
- Elə bir şey varmı ki, onu bağrınızda bərk-bərk sıxıb saxlamaq istəyirsiniz?
- Ancaq anamı və övladlarımı.
- Nisə xanım, nə var idi, indi yoxdu?
- Hər şey var idi, xoşbəxtlikdən başqa.
- Nədə görürsünüz o xoşbəxtliyi?
- Sevgidə.
- Bəs niyə sevmirsiniz?
- Çünki mən iki-üç günlük münasibət yox, əsl sevgi istəyirəm.
- Sevgi təklifləri çox alırsınız?
- O qədər alıram ki, amma əhəmiyyət vermirəm. Çünki indiki zamanda bizim kişilərə inanmaq bir az çətindir (gülür).
- Özünüzdən tez-tez çıxırsınız?
- Nadir hallarda olur belə məqamlar. Çünki çox səbrliyəm.
- Uşaqlıqda çox nağıl eşidirdiniz, yoxsa indi?
- İndi daha çox eşidirəm.
- Əfsus, əfsus ki, ... ardını siz tamamlayın.
- Əfsus ki, insanlar bəzən mənim barəmdə yalnış düşünürlər. Bu, bəzən məni çox narahat edir.
Əfruzə Ağayeva
Cavidan Abdullayev