Zərnigar Ağakişiyeva ilə yaxın rəfiqə olan Məleykə Əsədova: “Sonuncu dəfə mənə dedi ki...” - AÇIQLAMA

Zərnigar Ağakişiyeva ilə yaxın rəfiqə olan Məleykə Əsədova: “Sonuncu dəfə mənə dedi ki...” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xalq artisti Zərnigar Ağakişiyeva dünən evində ölü halda tapılıb.

Xəbərçi.az-ın publika.az-a istinadən məlumatına görə, son illərdə şəkər xəstəliyindən əziyyət çəkən Z.Ağakişiyevanın yeganə sirdaşı həmkarı Məleykə Əsədova olub. Xalq artisti Məleykə Əsədova yaxın rəfiqəsinin itkisindən çox məyus olduğunu bildirib.

O, saytımıza verdiyi açıqlamada Zərginar xanımla sonuncu dəfə iki ay əvvəl telefonda danışdığını deyib:

“Zərnigar xanımla ilk dəfə 1988-ci ildə tanış olmuşam. Çox istedadlı aktrisa, böyük sənətkar və bununla bərabər gözəl insan idi. Onun ölümü Azərbaycanın incəsənət aləmi üçün həqiqətən də böyük itkidir. Bir çox tamaşalarda onunla tərəf müqabili olduğum üçün özümü xoşbəxt sayıram. Tərəf müqabili olmaqdan əlavə biz eyni qrim otağında yoldaşlıq edirdik. Həyatda da onunla ana-bala münasibətində olmuşuq, çox yaxın dost idik. Münasibətlərimizdə doğmalıq var idi, bir-birimizin xətrini çox istəyirdik. Tez-tez bizə gəlib gedirdi, mən də onun evində qonaq olurdum. Amma son aylarda tək qalmağa üstünlük verirdi. Soncu dəfə iki ay əvvəl telefonda danışmışdıq, mənə dedi ki, tək qalmaq istəyirəm, belə daha rahatam. İsrarlarına baxmayaraq onunla zəngləşib hal-əhval tutmaq istəyirdim, təəssüf ki, telefonlara cavab verməməyə başladı. Son vaxtlar çox arzu edirdi ki, tək qalsın”.

Xalq artisti Mələykə Əsədova vurğulayıb ki, həmkarı ilə gözəl xatirələri var:

“Zərnigar xanım anamla da yaxın dost idi, üçümüz birlikdə Nabranda, Xaçmazda dincəlmişik. Ümumiyyətlə, onunla çox yerləri gəzmişik. Sevincimi həmişə onunla paylaşardım, toyumda da məni tək qoymadı, anam rəhmətə gedəndə də gəlmişdi”.

Tanınmış aktrisanın sözlərinə görə, rəfiqəsi ona heç bir vəsiyyət etməyib:

“Çox duyğusal və romantik insan idi. Mənə vəsiyyət barədə heç nə danışmayıb. Bilirəm ki, son günlərini kitab oxumaqla keçirirdi, hərdən gəzməyə çıxırdı, verilişlərimizə də baxırdı. Maddi baxımdan heç nəyə ehtiyacı olmayıb, prezidentimiz ona ev hədiyyə etmişdi, həm də təqaüd alırdı. Aldığı pul ona çatırdı, gözü tox idi. O, heç kimin işinə qarışmazdı, hamıya yaxşı dualar edərdi, dedi-qodunu sevməzdi. Bizi birləşdirən də elə bu idi. Hər kəsdən razı idi, sadəcə öz dünyasına çəkilib yaşamağı seçmişdi”.

Məlumat üşün bildirək ki, Z.Ağakişiyeva xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Xalq artisti doğulduğu Rustov kəndində, anasının yanında torpağa tapşırılacaq. Xalq artistinin vida mərasimi baş tutmayacaq.


loading...