Xəbərçi.az sizə əməkdar artist Xumar Qədimovanın Milli.Az-a müsahibəsini təqdim edir:
- Xumar xanım, bildiyim qədərilə uşaqlıqdan böyük qadağalarla böyümüsünüz. Həqiqətən sizə qadağalar olubmu?
- Bəs nə? Əlbəttə ki, qadağalar çox olub. Uşaqlıqdan qadağalarla böyüdüyüm doğrudur.
- Bəs, Xumar xanım özünə həyatda və sənətdə nəyi qadağan edib?
- Özümə gücüm çatır ki, nəyisə qadağan edim?
- Son ifa etdiyiniz "Doğulduğum ev" orijinalından daha çox sevildi. Doğulduğunuz evdə nəyiniz qalıb?
- Doğulduğum evdə çox şeylər qalıb. Ən əsası isə uşaqlığım qalıb. Düzdür, indi də böyüməmişəm, amma yenə də...
- Fəlsəfi və ilahi eşqin vurğunusunuz. Bu mövzu yazıb, oxuduğunuz əsərlərdə də ön plandadır. Olmaya Xumar xanım ilahi eşq ilə yaşayır?
- İlahi eşq Xumar xanımın içindədir. Hər an var, olub, olacaq da.
- Fərqliliyinizə görə həmişə həmkarlarınızdan seçilmisiniz. Sizi digərlərindən fərqli edən xüsusiyyətiniz nədir?
- İçdən olmağım, özüm olmağım. Bu, Allahımın verdiyi, nəsib etdiyi fərqlilikdir,sonradan yaranmayıb.
- Xumar xanım, mahnılarınıza əsər kimi yanaşırsınız, böyük film kimi kliplər hazırlayırsınız, bir sözlə xərc çəkirsiniz. Bu həvəsdir, yoxsa sadəcə olaraq hamıdan seçilmək istəyi?
- Xeyr, sadəcə olaraq gördüyüm işə dəyər verirəm, heç vaxt əlimə götürdüyüm əsərləri yarım buraxmıram, onları tamamlayıram.
- "Bir də gəlməyəcək mənim tək qadın" adlı bir mahnı oxudunuz. Çox insanlar bu mahnını özünüzə ithaf etdiyinizi söylədi. Əgər belədirsə, Xumar Qədimova kimi qadın bir də gələcək, ya yox?
- Xeyr, gəlməyəcək(gülür).
- Bacınız Matan müsahibəsində deyib ki, Xumar xanımın bir çox repertuarını mən seçirəm. Həqiqətənmi belədir?
- Bəli, belədir. Oxuduğum ən gözəl mahnılarımı Matanım seçib. Buna görə də ona minnətdaram.
- Matanın gözəl səsinin olduğunu bilirəm. Siz onun oxumasını istəmirsiniz, yoxsa bu öz seçimidir?
- Bəli, Matanın çox gözəl səsi var. Mən çox istərdim ki, oxusun, hətta ona yalvarıram da oxumur. Deyirəm ki, heç efirə çıxma, amma qoy mənim bir mahnımda duet şəkilində sadəcə səsin getsin. Görək də neynirik, bəlkə yola gətirərik, o da oxuyar.
- Hansı mahnınız sizin əksinizdir?
- Mən "Qurban olum" adlı mahnı oxumuşam. Bu mahnıda bir sətir var: "Mənsiz keçən xoş gününü, bir az gizlə, bir az da dan"... Mən o mahnıda onu oxumuşam, amma xarakterimdə o yoxdur. Məni sevən adamın mənsiz xoş günü ola bilməz. Bu mümkün deyil.
- Nazlı-qəmzəli xanımsınız. Nazınız kimlərisə narahat edibmi, yoxsa elə Xumar xanımı nazına görə sevirlər?
- Nazımı çəkməyi bacaranlar məni elə nazıma görə sevir. Nazımdan narahat olanlar da var. Əminəm ki, onlar da mənim nazımı sevirlər. Bunu dəqiq bilirəm.
- Müğənnilər var ki, efirdə tam başqa, həyatda isə tam başqadır. İstər efirlərdə, istərsə də harda olursa- olsun qadın mədəniyyətinizi qoruyaraq, sakit və hövsələli şəkildə hərəkət edirsiniz. Ümumiyyətlə Xumar xanımı nə hövsələdən çıxara bilər?
- Laqeyd olduqlarım məni hövsələdən çıxara bilməz! Onlar mənim üçün maraqlı deyil, məni necə hövsələdən çıxara bilərlər ki?Təbii ki, sevdiklərim məni əsəbləşdirib, hövsələdən çıxara bilər.
- Bildiyimə görə avtomobil idarə etmirsiniz. Bu bir fobiyadır, yoxsa sadəcə olaraq qadına yaraşdırmısınız?
- Avtomobil idarə edirəm, bəzən verilişlərə qonaq gedərkən sürücü də idarə edir. Fobiyam çoxdur, saymaqla qurtarmaz. O qədər fobiyam var ki... Hündürlük, təyyarə, lift (gülür).
- Rejissor olsaydınız, yaşadıqlarınızı ağ vərəqə köçürüb, ssenariləşdirərək, film çəkərdiniz?
- Mən onsuz da rejissoram. İncəsənət universitetinin rejissorluq fakültəsini bitirmişəm. Amma yox, həyatım haqda film çəkməzdim.