Müğənni Manaf Ağayev Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində hamını təəccübləndirəcək açıqlamalar edib.
Xəbərçi.az məlumat verir ki, ifaçı bildirib ki, həbsdə olan müğənni Fədayə Laçının ailəsini kirayə qaldıqları evdən çıxarırlar: "Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm. Məsələn, Fədayə Laçından danışdınız. Düz gecə saat 2-yə qədər onlarda olmuşam. Evlərinin işıqlarını kəsiblər. Kirayə qaldıqları evdən çıxardırlar. Yəqin, imkanları, çörək qazananları yoxdur. Ona görə də işıq pullarını verən yoxdur. Kirayədə qalırlar. Bilmişəm ki, onların vəziyyəti yaxşı deyil. Başqa kimləri var ki? Bir elli kimi evlərinə getdim, hər şeyi yoluna qoyub gəldim”.
Məsələ ilə bağlı yenicag.az-a açıqlama verən Fədayə Laçının vəkili Türkel Süleymanlı həbsdə olan müğənninin ailəsinin maddi durumunun həqiqətən də ağır olduğunu bildirib:
“Bilirəm ki, Fədayə Laçının ailəsi kirayədə yaşayır. Maddi durumları çox ağırdır, hətta kommunal xərcləri belə ödəyə bilmirlər. Fədayə xanımın anasının da sağlıq durumunda problemlər var. Evdə yalnız İlahə Fəda işləyidi. O, restoranlarda şou-proqramlarda çıxış edib, ailəsinə kömək edirdi. Bacısı həbs olunandan sonra onu da restoranlardan, şadlıq evlərindən uzaqlaşdırıblar. Deyirlər ki, bizə problemli adam lazım deyil. Bu düzgün hərəkət deyil. Sonra da deyirik ki, biz “əltutan”, xeyirxah xalqıq. Bu ailənin maddi durumu çox ağırdır və onlara əsaslı şəkildə kömək edən yoxdur”.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.