Canlı ifa etməyi bacaran müğənni üçün mütləq yatmaq lazımdır ki, səs telləri sözünə baxsın. Süd içməlisən, yumurtanın sarısını içməlisən, başqa prosedurlarda var, onlar edilməlidir ki, oxuya biləsən. Bunu canlı ifa oxuyanlar etməlidirlər. Fonoqram oxuyanlar üçün bunların heç bir mənası yoxdur. Fonoqram öz işini görür.
Xəbərçi.az məlumat verir ki, bu sözləri "ARB Ulduz"un "Şou məkan" proqramına açıqlaması zamanı müğənni Elariz Məmmədoğlu deyib.
Elarizin oğlu evlənmə məsələsini valideynlərinin öhdəsinə buraxsa da, müğənni evlilik üçün hələ tez olduğunu diqqətə çatdırdı:
"Oğlum hələ təhsil alır, anası da çox üstünə gedir ki, evlən. O da anasıyla mənim üstümə atıb ki, siz qız tapın, evlənim. Mən də öz işimlə məşğulam. Görək nə olur. 24 yaşı tamam oldu, 25-ə keçdi. Mənə elə gəlir ki, 28 yaşa kimi hələ vaxtı var. 28 yaşdan o yana artıq gecikmə olur. Mən 23 yaşında evlənmişəm. Peşman da deyiləm. O yaşda evlənəndə bir az çətinliklər olur. Özünü tutmamış görürsən ki, özün boyda uşaqların var. Bir az çətindir, amma yaxşıdır. Nəvələr də tez olur".
- Elariz, oğlunuz Türkiyədə təhsil alır. Əgər seçimi özü edib elə ordan bir qızı qoluna vurub gətirsə, bəs necə olacaq?
"Gəlin Türkiyə türkü də ola bilər, dünyanın başqa bir yerində yaşayan türk də ola bilər. Əsas odur ki, ailəmizə uyğun olsun. Bizi başa düşən bir insan olmalıdır".
Toy mövsümü öncəsi haqqında qara reklam kampaniyalarının bilərəkdən irəli sürüldüyünü deyən müğənni artıq bu kimi şayiələrə önəm vermədiyini söylədi:
"Əslində, axır illər yayılan hansı şayiə olur olsun, vecimə deyil. Toy mövsümü qabağı gah deyirlər, səsi batıb, gah deyirlər, bizneslə məşğuldur, gah deyirlər hardasa hansısa bir xanımla "tutublar". Hər dəfə nə isə şayiə olur. Bu da ki toylarımın sayını azaltmaq üçündür".
Ayağının altını qazan insanlarla məclisdə görüşəndə həmin adamların dondan-dona girib, özlərini mələk kimi apardığını söyləyən Elarizin də bildiyi bir şey var:
"Anti-reklam edən bir-iki nəfər var. Kim olduqlarını da bilirəm. Sadəcə, mən adlarını çəksəm, müxbirlər onların üstünə qaçacaq, onlar da "yox elə bir şey yoxdur", deyib, bir az da reklam olunacaqlar. Mənim ayağımın altını qazan insanlar məni görəndə bir üstümə qaçırlar, bir öpürlər... mən də onlara öz xoş sözlərimi deyirəm. Hətta elələri var ki, deyirlər, gəl bir gün oturaq yeyək-içək. Mən də deyirəm yaxşı... Ancaq onlarda bilir ki, bu, olası vəd deyil".