Rəqsanə İsmayılovanın qızı Aysun ... Artıq Aysunu da Rəqsanə İsmayılova qədər tanıyırlar desək yanılmarıq. Dediyinə görə, ayaqları üstə durmaq üçün hər zaman çalışır və ən böyük istəyi odur ki, anasının ona xərclədiyi pulları bir gün geri qaytara bilsin. Prinsipial, sadə, sözüaçıq qızdır. Müsahibə və fotolar Xəbərçi.az-a aiddir:
- Deyirlər ki, tanınmış simaların övladları arasında ən işgüzarı, ən fəalı Aysundur. Bu fikirlə razısan?
- Razıyam, iş barəsində, həqiqətən, elədir. Gündəmdə qalmaq üçün çalışıram ki, həmişə nələrsə edim.
- Bəlkə də, digər məşhurların övladları üçün ana-ata pulu ilə dolanmaq daha rahatdır. Amma sən dediyin kimi daima öz üzərində işləyirsən. Buna səbəb nədir? Çətinlik görmüsən, yoxsa işləməyi sevirsən?
- O insanların öz fikridir, mən onlara heç nə deyə bilmərəm. Amma özümə gələndə, mənim də hal-hazırda sponsorum anam-atamdır. Mənim 20 yaşım var və düşünürəm ki, artıq öz ayaqlarım üstündə durmağı bacarmalıyam. Buna görə çalışıram ki, artıq mən ana-atama nəsə edim, onlar mənə yox. Daima işləyirəm ki, anamın mənə xərclədiyi büdcənin 5 qatını ona qaytara bilim. Arzumdur bu ...
- Bəs qaytara bilirsənmi?
- Hal-hazırda yox, desəm ki, qaytara bilirəm, yalan olar. Amma qaytaracam.
- Rəqasanə xanım "ATV Maqazin Onlar"la verilişinə müsahibəsində demişdi ki, qətiyyən istəmərəm qızım müğənni olsun. Hətta demişdi ki, bəlkə yarım saatına 50 min manat versələr, fikirləşərəm. Həqiqətən, elə fantastik rəqəmlər təklif edən olubmu?
- Yox, elə bir şey olmayıb. Anam, əslində, indi də deyir ki, sən müğənni olmayacaqsan. Mən professional müğənni deyiləm, sadəcə şou-biznesi sevirəm. Mənim üçün burada olmaq rahatdır, maraqlıdır. Bir mahnı çıxartdım və gördüm ki, bəyənildi, sevildi. Hara gedirdim, eşidirdim ki, məndən danışırlar. Anama zəng vurmuşdular ki, yarım saatı 5 min dollara toya çağırırıq. O da dedi ki, toya getmir. Yəni, gördüm ki, məndə alınır, bu işi bacarıram. Bacarıramsa, niyə də davamını gətirməyim?!
- Bəs müğənniliyə başlasan Rəqsanə xanımın sözünə qarşı çıxmış olmayacaqsan?
- Yox, mən deyərdim ki, hər ana övladının istəklərini yerinə yetirir. Mən bilirəm ki, nəyisə çox istəsəm, anam həmin şeyi mənə qadağa qoymaz. Hər zaman yanımda olduğu kimi yenə mənə dəstək durar.
- Ananla ən çox mübahisəniz nə üstündə olur?
- Təkcə geyim üstündə sözümüz çəp gəlir. Onun da səbəbini deyim, anam həmişə özünə nəsə alanda mənə də eynisindən alır. Çünki o nə alırsa, mən də onu istəyirəm. Özünə alır, mənə almırsa, artıq dava düşür. Mən o paltarı oğurlayıb, geyinirəm ki, bu mənimdir.
- Özünü gözəl hesab edirsən?
- Bəli, niyə də yox?! Allaha şükür heç bir yerimdə estetik əməliyyat yoxdur, min dəfə əməliyyat edənlərdən çox gözələm.
- Aysun, ananın sənə aldığı və ya sənin ona aldığın ən bahalı hədiyyə nə olub?
- Onun mənə aldığı ən bahalı hədiyyə 18 yaşımda “Hundai Veloster” markalı maşın olub. Sonra mən o maşını satdım, getdim İstanbula, pulu orada xərclədim. Çünki mən təhsilimə görə 4 il orada yaşayacaqdım və 4 il ərzində o maşın burada qalıb sürülməsəydi məhv olardı. Heç kimə də ilk maşınımı verə bilməzdim, ona görə də satdım və pulunu da Türkiyədə xərclədim. Amma anam söz verib ki, bu il ad günümdə həmin maşından yenə alacaq.
- Məhşur övladı olmaq, bu qədər tanınmaq mediada və cəmiyyətdə sənin üçün nə kimi problemlər yaradır?
- Mediada, hələ ki, problem yaşamamışam. Sadəcə bəzi jurnalistlərimiz İnstaqramda yazdığım bir sözü dəyişib, böyüdüb başqa cür yazırlar. Əslində, belə tanınmaq bir tərəfdən yaxşıdır, hara gedirsən, hamı səni tanıyır, hörmət edir. Bir tərəfdən də rahat deyil. Məsələn , adi koftada, şalvarda çıxıb gəzə bilmirəm ki, ayıb olar. Mən çox istəyərəm ki, metroya minib harasa gedim. Heç vaxt metroya minməmişəm deyə, mənə maraqlıdır. Amma bir tərəfdən də düşünürəm ki, metroya minsəm, deyəcəklər ki, bunlar ya bankrot olub, ya da ki, necə sadə qızdır. Ona görə minə bilmirəm. Amma bir gün metroya mütləq minəcəm.
- Əslində, sadə birisən.
- Hə, bacardığım qədər. Mənə elə gəlir ki, hər bir insan sadə olmalıdır. Çünki heç kim heç kimdən fərqlənmir, hər birimizi Allah yaradıb, hər birimiz insanıq. Ola bilər ki, mən biraz tanınaram, o birilər tanınmaz, bunun biraz pulu var, o birisinin yoxdur deyə, bəzən ayrıseçkilik olur. Amma mənim üçün hər kəs eynidir. Mənə görə sadəcə pis və yaxşı var.
- Pis kimdir?
- Pis ... (düşünür -red) yalan danışan, şər-böhtan atan, üzünə gülüb dalınca danışanlardır.
- Sadə olmağını nədən bildim, bayaq çəkiliş üçün girdik, məkandan icazə vermədilər, amma sən heç bir etiraz etmədin. Başqa məşhurun övladı olsaydı, deyərdi ki, filan yerə zəng edim, filankəs gəlsin.
- Allaha şükür, hər yerə əlimiz çatır, amma nə ehtiyac var ki?! Nəyə görə mən adi bir şey üçün kiməsə ağız açmalıyam?! İcazə vermədilər, canları sağolsun, içəridə olmaz, biz də çöldə fotosessiya edərik. Əsas odur ki, Əfruzə, çəkilişimiz baş tutdu.
- Şəxsi həyatında, dostlarınla haradasa oturanda sənə məşhurluğun mane olurmu?
- Xeyr.
- Yəni, hər yerdə sakit otura bilirsən?
- Sakit oturmuram, hər yerdə “ha-ha-hi hi”. Məni maraqlandırmır ki, kənardan kimsə görər, tanıyar.
- Şou-biznesdə çox vaxt məşhurlar öz övladlarını sevgi ilə yox, öz istədikləri şəxslə evləndirirlər. Seçimini sən edəcəksən, yoxsa anan?
- Biz anamla dostuq. Yəni, mənim həyatımda kimsə olsa, bunu ilk anama deyərəm. Və mən bilirəm ki, mənim anam görsə ki, həmin insanla xoşbəxtəm, inanıram ki, münasibətimizə “hə” deyər. Qarşımda yox, arxamda durar, mənə dəstək olar. İşdir, bəyənmədiyi, istəmədiyi bir ailənin övladı olsa, amma görsə ki, mən həmin insanı sevirəm, onunla xoşbəxtəm, çox çəkməz ki, yenə mənim yanımda olar.
- Bəs, Rəqsanə xanım sevdiyin şəxslə münasibətinə qəti şəkildə razılıq verməsə, necə? O zaman sevgin üçün nələri qurban verərsən? Və yaxud da ailənin sözünə baxmadan, həmin insanla evlənərsən?
- Yox, heç vaxt. Mənim nənəmin bir sözü var, “kişidən çox tapmaq olar, amma anadan tapmaq olmaz”. Min dənə kişi qurban olsun mənim anama.
- Yeri gəlmişkən, ürəyinin açarını kiməsə vermisən, yoxsa hələ də özündə saxlayırsan?
- Bu suala cavab verməyəcəyəm. Hər şeyi zaman göstərəcək. (gülür-red)
- Pul sənin üçün nədir?
- Pul mənə görə iş qurmaq, alış-veriş üçün vasitədir.
- Alış-verişə indi nə qədər xərcləyirsən? Artım varmı? Bir ara bu söhbətə görə səni daş-qalaq eləmişdilər.
- Mən o mövzuya açıqlama gətirim. Deyirdilər ki, Aysun bir geyimə 60 min pul xərcləyir. Mən elə deməmişdim. Demişdim ki, olub ki, aya 60 minə qədər pulumuz çıxıb. Dollar, manat, rubl olduğunu da deməmişdim. O da necə olub, anamla, atamla getmişik xarici ölkəyə və orada brend mallardan almışıq. Bütün ailəlikcə aldığımız mallar bir yerdə 60 min çıxıb. Məsələn, “Dior” markasından olan bir sumka 1700 dollardırsa, ondan 3 dənə alanda, eləyəcək 5 min dollar. Mənim dediyim o olub ki, bir şeyi bəyənsəm, ucuz olsa belə, alaram da, geyinərəm də. Xoşuma gələn bir şey 5 minə də olsa, imkanım çatarsa, alaram.
- Heç bazara getmisən?
- Hə, getmişəm.
- Kartof neçəyədir?
- Vay ... Yox, elə bazara getməmişəm. Moskvada getmişəm, burada nənəm gedib hər şeyi özü alır. (gülürük - red)
- Nigarı niyə özünlə gətirmisən? (yanındakı rəfiqəsi -red)
- Anam yanımda deyilsə, biz Nigarla 24 saat birlikdə olmalıyıq. Nigar mənim həyatımdakı yeganə rəfiqəmdir ki, biz onunla 8 ilə yaxındır bir yerdəyik və hər sirrimizi bir-birimizdən başqa heç kəs bilmir.
- Heç elə sirrin yoxdur ki, Nigar bilməsin?
- Yoxdur.
- Türkiyəyə getmə səbəbin nə idi?
- Aktrisalıq və modelyerlik təhsili.
- Orada hansısa filmə çəkilmək təklifi almışdın?
- Bəli, “Vatanım sənsin” filmində Hilal rolunu oynayacaqdım, sonra alınmadı, Bakıya qayıtdıq. Mən belə düşündüm ki, oranın şou-biznesinə azərbaycanlı birinin qatılıb, tanınması çox çətindir. Mənim anam da dəfələrlə türklərlə işləyib, əziyyət çəkib, amma alınmayıb. Başqaları haqda danışmayacağam, mən öz anama və özümə cavabdehəm.
- Bu yaxınlarda İradə İbrahimova da Röya haqqında açıqlamasında dedi ki, “heyf Türkiyəyə tökdüyün pullardan, oranın şou-biznesinə pul tökmək boş yerədir”.
- Bir şey deyim, Röyanın “Kesin bilgi” mahnısı çıxanda, mən həmin mahnını İstanbulda hər yerdə eşidirdim. Yəni mən 4 il İstanbulda yaşamışam, biz dostlarla gecə əyləncəyə çıxanda belə o mahnını eşidirdik. Mən deyə bilmərəm ki, bu dəqiqə Röya orada küçəyə çıxsa hamı tanıyar. Amma “Kesin bilgi” mahnısı Türkiyədə çox sevilir. Mənim həddim deyil ki, Röyanın işinə nəsə deyim, bunlar sadəcə gördüklərimdir. Soruşdunuz deyə, fikrimi dedim.
- Subay xanımsan, İnstaqramda da görürəm ki, kişi fanatların sənə çox yazırlar. Sosial şəbəkədə tanışlığa necə baxırsan?
- İnstagramda tanışlığa yaxşı baxmıram. Hərdən maraqlı gəlir, tanımadığım birinin canlı yayımına girib baxıram, qızın biri yazır ki, gəl tanış olaq, “direct”ə yaz mənə, nömrəmi verəcəyəm. Mənə elə gəlir ki, bu xanımın özünü ucuzlaşdırmağıdır. Azərbaycan xanımı belə olmamalıdır. Əksinə, mənim öz düşüncəmə görə, kişi qadından bir “hə” sözünü almaq üçün aylarca yalvarmalıdır. Həmçinin, kişilər də elə mesajlar yazırlar ki, düşünürəm bu əxlaqsızlıqdır. Mənim özümə də yazırlar, özü də çox əlaqəsiz mesajlar... Ona görə də, “direct”ə gələn mesajları oxumuram.
- Aysun, hər xanım ağlında sevəcəyi, evlənəcəyi insanın xarakterini, görünüşünü təsəvvür edir. Bəs səni əldə etmək istəyən bəy necə biri olmalıdır?
- Həmin şəxs məni olduğum kimi, bütün şıltaqlıqlarımla qəbul edən, məni çox sevən və heç vaxt üzməyən biri olmalıdır.
- Bəs görünüş cəhətdən?
- O insanda həm məsumluq olmalıdır, həm də kişilik.
- Yumruğunu bir yerə vurub desə ki, filan yerə getməyəcəksən, filan paltarı geyinməyəcəksən, dözərsən bunlara?
- Bəli, getmərəm də, geyinmərəm də. İstəmədiyi bir şeyi eləmərəm. Əgər mən bir insanla ciddi münasibətdəyəmsə, nəyə görə gələcəyimi hansısa geyimimə və ya bu kimi şeylərə görə məhv etməliyəm? Mən o insanı sevirəmsə, onunla xoşbəxtəmsə, nə desə, etməyə hazıram.
- Həyatında belə bir şey olubmu?
- Olub, biz həmin insanla ciddi münasibətdə olmuşuq və nişanlanmaq həddinə gəlib çatmışıq, amma bitib. Hər bir şeyin əvvəli olduğu kimi sonu da var.
- Həyat prinsipin nədir?
- Anam kimi güclü və mərd qadın olmaq.
- Düzü, bir çox məşhurların övladları ilə müsahibəm olub. Bəziləri düşünür ki, anam mənə paxılllıq edir, bəziləri deyir ki, mən anamı ötüb keçə bilərəm, ondan daha gözələm, bəziləri də fikirləşir ki, anam olmasaydı, mən daha irəli gedə bilərdim, onun yerini tuta bilərdim. Amma sən hər məqamda Rəqsanə xanımın adını çəkirsən.
- Çünki mən anamla fəxr edirəm. Ailəmizin içində olmayan birisi mənim anamı tanıya bilməz. Əgər tanısalar, çox insanın anam haqqındakı fikri dəyişər.
- Bəlkə, onu sevməyənlər, düşmən olanlar üçün Rəqsanə xanım haqqında danışasan, bilsinlər ki, necə qadın və necə anadır?
- Çox zəhmətkeş, kişi kimi, dediyini edən və güclü qadındır. Ana kimi isə belə deyim, bir də həyata gəlsəydim, yenə onun qızı olmaq istəyərdim.
- Rəqsanə xanım həmişə deyir ki, mən dərdimi Aysunla bölüşürəm. Heç olub ki, baş-başa verib ağlamısınız?
- Əlbəttə, o qədər olub. Ana-bala dərdimizi bölüşüb, ağlayıb, qucaqlaşmışıq.
- Həmin zamanlarda ona necə dəstək olmusan?
- Deyim ki, maddi cəhətdən dəstək olmuşam, yalan olar. Amma mənəvi cəhətdən yanında olmuşam. Elə olur ki, anam məndən məsləhət alır. Anam pis olan kimi mən hiss edirəm. Uzaqda da olsa, əgər kefi yoxdursa, nəsə problemi varsa, biz gecəni yatmırıq, yazışırıq və ya danışırıq. Anam orada, mən burada ağlayırıq və sonda deyirik ki, bəsdir ağladıq, Allah böyükdür, özü kömək olacaq. Növbəti gün, doğurdan da, hər şey yaxşı olur. Gözləmədiyimiz bir anda, Allah elə bir yerdən qapı açır ki, həmin iş alınır.
- Aysun, ruslarda belə bir misal var, sevgilinizlə yaxşı münasibət istəyirsinizsə, onun yalan danımağına və xəyanət eləməyinə göz yumun. Belə bir şeyə razı olarsanmı?
- Yox, heç vaxt. Xəyanəti əsla bağışlamaram. Bir dəfə xəyanət edən ikinci dəfə də edər.
- Həyatında qadağalar varmı? Özünün özünə qoyduğun və ya kənardan sənə qoyulan qadağalar.
- Özümün qoyduğum qadağalar da var, anamın-atamın qoyduğu da...
- Maraqlıdır, özünə nə kimi qadağalar qoymusan?
- Heç kimə inanmamaq və güvənməmək. Yeni tanıdığım insanların heç birinə güvənmirəm. Birinci anama güvənirəm. Həyatımda güvəndiyim yeganə rəfiqəm isə Nigardır. Digər rəfiqələrimin hamısı bunu bilir. Çünki elə bir zamanda yaşayırıq ki, qardaş qardaşa güvənmir.
- Bəs ata kimi qəbul elədiyin insana güvənirsənmi?
- Əlbəttə, mən anamla Nigarın adını çəkəndə təkcə qadınları nəzərdə tuturdum, ümumi baxanda isə, güvəndiyim insanlar anam, atam və Nigardır.
- Həmin şəxsi ata kimi qəbul eləmək sənin üçün çətin olmadı ki?
- Yox, çünki o insan həyatımıza girməmişdən qabaq bizim könlümüzü almışdı. Söhbət maddiyatdan getmir. Mən heç vaxt atanın nə olduğunu bilməmişəm, amma o insanda ata qayğısını görürdüm. Mən uşaq olanda məhlədə dostlarım atalarıyla görüşürdü, mən isə kənarda durub, baxırdım. Dəfələrlə buna görə ağlamışam. Böyüyüb 15 yaşıma çatanda öz atamı axtarıb tapdım, o isə dedi ki, mənə zəng vurma, mən sənin atan deyiləm, sən adında qızım yoxdur. Mən indiki yaşıma çatıb məşhurlaşandan sonra öz doğma atam qohumlarıma zəng vurub, mənimlə danışmaq istədiyini deyirdi, amma mənə bu saatdan sonra o ata lazım deyil. Artıq mənim atam da, anam da var.
- Nə vaxt səninlə danışmaq istəyib?
- 1 il olar. Nənəm həmişə deyirdi ki, atandır, danış, görüş. Amma istəməmişəm.
- Bildiyim qədərilə musiqiçidir.
- Hə, bizdə anam da, atam da, bir sözlə, hamı musiqiçidir. Amma mən onu deyim ki, Yağmurla müqayisədə mənim o qədər də güclü səsim yoxdur. Bir dəfə bilmədiyi bir dildə “Papito” mahnısını eşitdi, elə onunla da Yağmur o mahnının əzbərləyib, oxudu.
- Özün hansı dilləri bilirsən?
- 4 dil bilirəm. Azərbaycan dilindən əlavə rus, türk və ingilis dillərini bilirəm.
- İngilis dilini tam bilirsənmi?
- Tam yox. Rus dili, türk dili kimi bilmirəm, amma danışıram və başa düşürəm.
- Təhsilini harda almısan?
- Orta məktəbi Bakıda bitirmişəm. 4-cü sinifə qədər Azərbaycan Beynəlxalq Universitetinin məktəbində oxumuşam, sonra 83 saylı liseyi bitirmişəm. 9-cu sinifdən çıxıb Moskva Texnoloji Akademiyasına qəbul olmuşam. Akademiyanın modelyerliklə bağlı öz universiteti var. Orada qayda belə idi ki, əgər 9-cu sinifdən çıxıb Akademiyanı bitirmisənsə, artıq universitetə qəbul olanda birbaşa 2-ci kurs hesab edilirsən. Yəni, ikinci ali təhsilini 2-ci kursdan başlayırsan. Həmin universiteti bitirdikdən sonra İstanbula getdim. Orada Ayla Alqandan aktrisalıq dərsi aldım. Daha sonra İstanbulun tanınmış bir modelyerindən 6 aylıq kurs aldım. İşlərimi bitirdim və Bakıya qayıtdım. Amma hal-hazırda Azərbaycanda aktrisalıq etmərəm.
- Səbəb nədir?
- Bilmirəm, yetərincə təklif də gəlir. Azərbaycanda kinoya çəkilərəm, amma seriala yox. Bizim serialları bəyənmirəm və heç birini izləmirəm. Çünki mənə süni və maraqsız gəlir. Mən dərs aldığım yerdə müəllimim olan xanım ”Yeşilçam” dövründən bəri 1 nömrəli aktrisa olub. Hal-hazırda da dünya səviyyəsində tanınan biridir. Mən ondan dərs aldıqdan sonra Azərbaycan seriallarını izləmirəm. Çünki türk seriallarında adi bir səhnəni elə oynayırlar ki, adamın gözləri dolur. Amma mən bizim serialların ağlamalı səhnələrində nədənsə gülürəm. Bu səbəbdən də izləmirəm.
- Aysun, sənin sevgini nə bitirə bilər?
- Təbii ki, xəyanət.
- Nəhayət ki, keçək yaradıcılığa.. Hal-hazırda hansı işlərlə məşğulsan?
- Son manhım “Sevdim” oldu. Noyabrda heç bir mahnı çıxartmadıq, dekabr üçün də düşünmürəm. Onu da deyim ki, mən özüm üçün oxuyuram, nə toylara, nə də şou-proqramlara getmirəm. Bu sənətlə hobbi olaraq məşğulam. Gələcəkdə toya getsəm, maksimum yarım saatlıq gedərəm, amma heç vaxt bütün toyu aparmaram.
- Deyirlər, Rusiya toylarını Rəqsanə İsmayılova ələ alıb.
- Deyirlərsə, deməli, elədir. Anam özü də deyir ki, “mənlikdir, ağıllı olun”. Göz dəyməsin, Moskvanın çox toylarında anam oxuyur. (gülür-red)
- Deyirlər, Rəqsanə xanımın orada 5 evi var, 4-ü də burada ...
- Mən nəyə görə açıqlayım ki, nəyim var, nəyim yox? Özümü gözə gətirim, qoy oturmuşuq.
- Sənin öz evin varmı?
- Var, atam alıb. Bakıdadır, özü də elə bir yerdədir ki... Villa deyil, amma mən bilirəm ki, həmin evdə yaşamaq hər bir kəsin arzusudur. Mərkəzdədir.
- Qiyməti nə qədər olar?
- Evin qiyməti təmiri ilə birlikdə 1 milyonu keçər.
- Nigar, bəlkə sən cavab verəsən. Deyirlər ki, Rəqsanə xanımın Moskvada 4-5 evi var.
- (Nigar söhbətə qoşulur -red) 4-5 yox, 5-6 evi var. Bir də Moskvada restoran açıb, o da yoldaşının hədiyyəsidir.
- Aysun, yaradıcılığından danışırdıq.
- Dekabr üçün mahnı düşünmürəm, çünki yanvarın 7-si ad günümdür. Bu ad günümü təm-təraqlı keçirəcəyəm.
- Bəziləri kimi sən də jurnalistlərə qadağa qoyacaqsan?
- Xeyr, əksinə, açıq qapıdır. Jurnalistlərdən kim istəyirsə, gəlsin, çəksin. Amma ola bilsin ki, ad günümü yanvarın 8-i, ya da 9-u keçirim. Çünki ayın 6-sı da, 7-si də anamın toyu var. Dünən onun davasını edirdik. Deyirəm, ay ana, sənin qızının ad günüdür, bir gün də toy götürmə. Artıq götürüb, behini də alıb.
Əfruzə Ağayeva