Müsahibim Moskvada silsilə və çox uğurlu konsertlər təşkil edən, işinin kifayət qədər profesionalı Samirə Zeynalovadır. Təşkilatçı xanım Xəbərçi.az-a Rusiyada təşkil etdiyi konsertlər barədə kifayət qədər ətraflı məlumat verib. Azərbaycanlı məşhurları Rusiyanın müxtəlif şəhərlərində təşkil olunan konsertlər zamanı tamaşaçılarla, həmyerlilərimizlə görüşdürən Samirə xanımın işindən bizim məşhurlar da çox razıdır. Təşkil etdiyi heç bir konsert uğursuz alınmayıb. Sosial şəbəkələrdən, Youtube kanalından və ya www.azstudia.ru saytından maraqlananlar izləyə bilərlər. Çünki Samirə xanım peşəkar komanda ilə çalışır və təşkil edəcəyi konsertə aylar əvvəl hazırlaşır. Təşkilatçı Samirə Zeynalova Xəbərçi.az-a bütün sirrləri açıb:
- Artıq 5-ci gündür ki, Bakıdasınız. Moskvaya tez-tez gedib gəlirsiniz. İnstaqram hesabınızdan görürüəm ki, bir gün Bakıdasınızsa, növbəti gün Moskvada olursunuz.
- Bu, artıq məndə ənənə halını alıb. Tez- tez deyirlər ki, Azərbaycan - Moskva yolunu Bakı - Sumqayıt yolu ilə səhv salmısan.Buna belə bir açıqlama verim ki, mən Bakısız, Azərbaycansız yaşaya bilmirəm. “Uzaqda yaşayıram” sözü mənim üçün çox ağırdır. Tez-tez və ya təsadüfi gəlişlərim də bu səbəbdəndir. Amma daha çox işlə əlaqədar gəlib gedirəm. Mən hər zaman istəyirəm ki, tədbirlərdə, açılışlarda, kiminsə xeyir işində əzizlərimin, sevdiyim insanların yanında olum. Bu dəfəki gəlişimin səbəbi isə Sevil Sevinc bacılarından “Qız qaçırtma” filminin təqdimat mərasiminə aldığım dəvət idi. Bir az artıq qaldım ki, digər işlərimi də yoluna qoyum.
- Eşitdiyimə görə, məşhur dostlarınızın biri ilə Bakıya gəlib, çay içib, Moskvaya qayıtmısınız.
- Bəli, belə bir şey bir neçə il öncə olub. Söhbət hamımızın tanıdığı məşhur ekstrasens Zirəddin Rzayevdən gedir. Zirəddinlə şəhərdə oturduğumuz bir vaxtda dedi ki, gedək, hava limanında , qəşəng bir restoranda nahar edək. Yeyəndən sonra fikirləşdik ki, çayı Bakıda içək. Bir neçə saatlıq gəlib, çay içib, qayıtdıq. Doğurdan da, uzaqda yaşamasan, bu cür şeylərin həsrətini anlamaq çox çətin olar.
- Hiss olunur ki, Azərbaycana bağlı insansınız.
- Hərdən mənə bəzi dostlarım deyir ki, elə bilirdik biz patriotuq, səni görəndən sonra fikrimiz dəyişdi ki, əsl patriot sənsən. Bəziləri xarici müğənnilərin çoxunu tanımadığıma görə mənə gülürlər. Çünki mən ancaq Azərbaycan musiqiqsinə qulaq asıram. Hətta çox məşhur türk musiqiçilərini belə dinləmirdim. Mustafa Cecelinin konsertini təşkil edəndə məcbur olduğum üçün onu dinləyirdim. Qulaq asa-asa onun sənətini sevmişdim. Buna görə də, Mustafa Cecelini “mənə türk musiqisini sevdirən insan” adlandırmışam. Təbii ki, Tarkan, İbrahim Tatlısəs, Mahsun Kırmızıgül kimi məşhur sənətçiləri də dinləmişəm. Amma dinləmək sevmək deyil axı. Mahnılarının heç biri yadımda qalmayıb. Mən, əsasən, bizim muğamlarımızı sevə-sevə dinləyirəm.
- Muğam ustalarımızdan kimi dinləyirsiz?
- Muğam ustası olaraq ən çox dinlədiyim İlkin Əhmədovdur. O da dostumdur.
- Dostunuz olduğuna görə onu dinləyirsiniz?
- Düzünü deyim ki, mən bir insanı çox istəmirəmsə, onun sənətini də sevə bilmirəm. Bəli, İlkinin özünü də çox istədiyim üçün onu sevərək dinləyirəm.
- Bəs müasir sənətçilərdən kimləri dinləyirsiniz? Tez-tez konsertini təşkil etdiklərinizimi?
- Kimin konsertini etmişəmsə, onu çox istəmişəm və repertuarına qulaq asmışam. Amma hal-hazırda ən çox Vasif Əzimovu dinləyirəm. Ümumiyyətlə, Vasiflə dostluğumuz olmayıb. Onun ifasını bir dəfə eşitdim və konsertə dəvət etdim. Daha sonra başladım onu dinləməyə. Bunu heç cür izah edə bilmirəm ki, kimi nəyə görə dinləyirəm. Mən ixtisasca psixoloqam, həm də yaradıcılıqla məşğul oluram. Psixoloqlar özləri şəxsi fikirlərinə izah verə bilmirlər. Buna görə də Vasifi hansı səbəbdən dinlədiyimi izah edə bilmirəm. Heç izahını tapmağa da çalışmıram. Çünki bilirəm ki, mənasızdır.
- 2017-ci il ərzində Moskvada neçə konsert təşkil etdiniz?
- Bu il yanvarın 28-i Sevil Sevinc bacılarının konserti ilə başladıq. Martın 10-u Röyanın, apreldə “Bu şəhərdə”nin konserti olmaqla, cəmi 6 konsert təşkil etmişik.
- Hansı konsertdən daha çox gəlir əldə etdiniz?
- Bu il ən yüksək gəliri Röya xanımın konsertindən əldə etmişik. Biletlər 100 faizlik göstərici ilə satılmışdı. İkinci növbədə isə 31 oktyabrda Damla, Vasif Əzimov, Pəriz Bülbülə, Asif Məhərrəmov, Talıb Tale və Nigar Şabanovanın iştirakı ilə keçirilən musiqili gecə konsertində yüksək gəlir əldə edilib. Bəlkə də 6 sənətçi iştirak etdiyi üçün biletlər daha çox satıldı. Ümumiyyətlə, bizim bütün konsertlərimiz anşlaqla bitib. Sadaqladıqlarım 2017-ci ilə aid göstəricilərdir. Ümumi götürəndə isə ən çox gəlir Röya xanımın və “Bu şəhərdə”nin konsertindən əldə edilib.
- Yəqin ki, yalnız biletlərdən əldə olunan gəliri nəzərdə tutursunuz.
- Bəli, bizim konsertlərimizdə sponsor olmayıb. Hansısa xırda bir reklam üçün kompaniyalarımız olub, amma çox cüzi bir miqdarda.
- Sanki, konsertlərinizi də çox reklam etmirsiniz. Müğənnilərimiz Moskvada keçiriləcək konsertləri haqda paylaşım etmirlərmi?
- Bəli, gizlətməyəcəyəm, belə bir tendensiya var. Çünki bu açıq görünən bir nüansdır.
- Buna səbəb nədir? Bəlkə, siz özünüz sənətçilərə bu barədə xatırlatma etməlisiniz?
- Yəqin ki, bu sənətçilərlə aramızda düzgün qurulmayan danışıqdan qaynaqlanan bir problemdir. Mənim fikrimcə, burada günah ulduzlardan çox, onların prodüserlərinin boynuna düşür. Çünki mən heç bir konsertimizdə onların rolunu görmürəm. Rus təşkilatçıları ilə danışıqlarda görmüşəm ki, prodüser bütün gücünü sənətçinin komandası ilə təşkilatçının komandası arasındakı danışıqlara yönəldir. Amma bizdə birtərəflidir. Şükür Allaha, komanda olaraq, həmişə bunun öhdəsinən gəlmişik. Sadəcə olaraq, həmin vaxt bizim üzərimizə daha çox yük düşüb. Yəqin ki, gələn konsertlərdə bu kimi problemlər daha az yaşanar.
- Bəlkə müqavilə bağlayanda bu problemi də şərt kimi oraya əlavə edəsiniz?
- Çox təəssüf ki, bizdə müqavilə sadəcə şərti xarakter daşıyır. Azərbaycan sənətçiləri ilə ən yaxşı müqavilə münasibətin özüdür. Şükürlər olsun ki, bütün müğənnilərlə münasibətimiz yaxşıdır. Bu problemin yaranmasında mənim də günahım az deyil. Mən bir sözü çox deməyə öyrəşməmişəm. Sözümü bir dəfə deyirəm və dayanıb gözləyirəm ki, qarşımdakı özü başa düşsün. Bu fakt göstərir ki, dayanmamaq lazımdır.
- Niyə məhz Rusiya?
- Mən 22 ildir ki, ailə vəziyyətimlə əlaqədar olaraq Moskvada yaşayıram. Birinci vətənim, əlbəttə ki, Azərbaycandır. Mənə 2-ci doğma olan yer isə Moskvadır. Həm Rusiya vətəndaşıyıq, həm orada dost-tanışlarımız daha çoxdur, həm də mənə oranın iş prinsipləri daha yaxındır. Mən orada həmvətənlərimiz üçün yaranan boşluğu doldurmağı özümə borc bildim. Burada həmvətənlərimiz üçün istənilən qədər əyləncə var, amma oradakılar yalnız bizim təşkil etdiyimiz konsertləri gözləyirlər. Bizim konsertlərə təkcə Rusiyadan yox, Amerikadan, Avropadan da izləyicilər gəlirlər. Hər konsertdən sonra fərqli ölkələrdən izləyicilərimizin sayı artır. Onu da deyim ki, Moskvada hansı sənətçinin konsertini ediriksə, bizdəki keyfiyyəti görəndən sonra, arzu edir ki, Azərbaycanda da konsertini bizim komanda təşkil etsin.
- Bu inamı və güvəni necə qazanmısınız?
- Hər şey göz qabağındadır. Bizim 3, 4, hətta 10 dəfə birlikdə işlədiyimiz sənətçilər olub. Eyni sənətçi ilə bu qədər işləmişiksə, yəqin ki, güvənini qazanmışıq.
- Azərbaycan şou-biznesindən 2018-ci ildə nə gözləyirsiniz? Kənardan izləyən biri kimi bizim şou-biznesdə nəyi dəyişmək istərdiniz?
- Mən çox istəyərdim ki, bizim sənətçilər xarici şou-biznesə, əsasən də, Rusiya şou-biznesinə daha çox meyl etsinlər. Mən əksər sənətçilərə təklif edirəm ki, gəlin, biz sizə dəstək olaq və siz Rusiya bazarında özünüzü göstərəsiniz. Toylarda yox, konsertlərdə, festivallarda, müxtəlif qala gecələrində iştirak etsinlər. Yəni, çox istəyirəm ki, bizim sənətçilər orada tanınsınlar.
- Fikir verirsinizsə, bizim sənətçilər nədənsə, Rusiya yox, Türkiyə şou-biznesində tanınmağa daha çox həvəs göstərirlər. Hətta buna görə milyonlarla pul xərcləyirlər. Sizcə, Moskva şou-biznesinə qatılsalar daha çox pul qazanarlar yoxsa Türkiyə?
- Mənim fikrimcə, Moskva şou-biznesinə. Düzünü deyəcəyəm, mən Türkiyə şou-biznesində heç bir perspektiv görmürəm. Ora mənim üçün yaddır. Bir sözlə, Türkiyə şou-biznesinə qatılmağı mənasız hesab edirəm.
- İşləmədiyiniz hansı ifaçının konsertini təşkil etmək istərdiniz?
- Zeynəb Xanlarova ilə...
- Bu haqda ona müraciət etmisiniz?
- Bəli, bir neçə dəfə müraciətimiz olub. “Yox” cavabı almamışıq, lakin onun şərtləri ilə bizim maddi durumumuz uyğun gəlməyib. Yəqin ki, biz hələ Zeynəb Xanlarovanın konsertini təşkil edəcək qədər böyüməmişik. Zeynəb xanım bizim studiyamızın fəxri qonağı olub. Gəlib, komandamızın hər bir üzvü ilə görüşüb, şəkil çəkdirib, hətta mini konsert də verib. Saytımızda bütün şəkilləri yerləşdirmişik.
- Məsələn, bir müğənni istəyir ki, Samirə xanım Moskvada onun konsertini təşkil etsin. Bunun üçün nə etməlidir?
- Xeyr, istənilən insanın konsert verməsi mümkün deyil. Konserti təşkil etmək üçün, ilk növbədə komanda olaraq həmin insan haqqında rəy bildirməliyik, bunun üçün monitorinqlər fikirləşirik, nə dərəcədə təlabatlı olduğunu hesablayırıq. Əlbəttə ki, son qərarı mən verirəm. Bunu danmayacağam ki, şəxsi münasibətlərimin monitorinqlərdən üstün olduğu hallar da olub. Etiraf edirəm ki, mən sevmədiyim insanın konsertini təşkil edə bilmirəm.
- Bu peşəkarlıqdan bir az uzaq deyilmi?
- Bəli, uzaqdır. Mənim psixologiyam sənətimə mane olur.
- Özünüzü profesional təşkilatçı hesab edirsinizmi?
- Azərbaycan mühitində, bəlkə də, hə. Amma dünya səviyyəsində yox.
- Azərbaycanlı bir ifaçı sizə onun prodüseri olmağınızı təklif etsə, burada yaşayıb, onunla işləməyinizi istəsə, cavabınız nə olardı? Özü də bu təklifi Azərbaycanın ən məşhur müğənnilərindən biri etsə, razı olarsınızmı?
- Mənim üçün ölkə dəyişmək çox böyük bir problem olacaq. Çünki övladlarım orada böyüyüb, onların təhsili, karyeraları mənə mane olacaq. Həm də ki, mən prodüser deyiləm, bu sahədə təhsil almamışam. Mən təşkilatçıyam. Böyük işlər görməyə öyrəşmişəm. Prodüser kimi yararlı ola bilmədiyim təqdirdə özümü pis hiss edəcəyəm. Bu səbəbdən istəmirəm. Ümumiyyətlə, mən nə edirəmsə, bunu ilk və yaxşı etmək istəyirəm.
- Heç uğursuz konsertiniz olubmu?
- Xeyr, olmayıb.
- Bu da, yəqin ki, peşəkarlığın səviyyəsindən asılıdır.
- Bəlkə də bu, bizim bir konsert haqqında çox fikirləşməyimizdən və komandamızın böyük olmasından qaynaqlanır. İstər-istəməz komandanın hər bir üzvü işinə məsuliyyətli yanaşdıqda səhvlər də yaranmır.