Müsahibim rəqqasə Aygündür. Rəfiqələri, tanışları ona Ayka desələr də, şou-biznesdə adını dəyişmək və ya fərqli adla təqdim olunmaq istəmir. İlk ilanla , qanadlarla mən rəqs etmişəm deyir. Özünə rəqib görmür. Əsl rəqs görmək istəyən məni izləsin deyir. Müsahibə Xəbərçi.az-a aiddir.
- Aygün xanım, olduğunuz yerdən məmnunsunuzmu?
- Çox mənnunam. Amma bundan da yaxşı yerə laiqəm. Zamanla o da olacaq.
- Haradasınız ki?
- Laiq olduğum pillədə ... Allahın mənə rəva gördüyü yerdə. Rəqqasəyəm, və öz işimi çox sevirəm.
- Ayaqlarınız yerdən üzülməyib ki?
- Qətiyyən... Özümü idarə etməyi çox gözəl bacarıram.
- Deməli, hislərə tabe olmursunuz.
- Olmuram. Ağlımla hərəkət edirəm.
- İndiyə qədər kimlərin başını gicəlləndirmisiniz?
- Çoxlarının. (gülür-red)
- Bəs kimin ürəyini bulandırmısınız?
- Heç kimin. Bu cür gözəl qadın heç ürək bulandırar?!
- Bəs sizin ürəyinizi bulandıran kimlərdir?
- Yalan danışanlar, artıq-əskik danışanlar. Amma mən düşünürəm ki, o insanların ağılları yaxş inkişaf etməyib .
- Hansı rəqqasələri bəyənmirsiniz?
- Çoxlarını kölgədə qoyaram. Sözümün arxasında da dayanıram.
- O dediyiniz çoxluğun içərisindəki “azlıq”la rəqabətə girə bilməzsiniz?
- Onlar artıq sözünü demiş insanlardır. Onlarla işim yoxdur. Rəqs ürək döyüntüsü kimi bir şeydir. Qəlblərə yol tapa bilməyən rəqqasə ola bilməz.
- Ailəlisiniz?
- Ailəli olmuşam. İki övladım var.
- Bəs niyə boşandınız?
- Bilirsinizmi, gözəl qadın içərisi pulla dolu çamadan kimidir. Onu nə yerə qoymaq olmur, nə də özünlə gəzdirmək. Bu sualın cavabın belə verməyi üstün tuturam.
- Yoldaşınız sizə xəyanət edibmi?
- Heç vaxt belə bir şey olmayıb. Mən həmişə sevilən qadın olmuşam. Sadəcə olaraq, dost kimi ayrılmışıq.
- İndi həmin insanla görüşürsünüzmü?
- Bəli, əlbəttə.
- Bax, həmin görüşlər zamanı aranızda əvvəlki kimi intim hislər baş qaldırırmı?
- Kişiyə qadının bir yerdə olması onsuz da bir qığılcımdı. Aramızda heç nə olmasa da, baxışlardan nəyisə sezmək olur.
- Masanın üzərinə çıxıb rəqs etmisiniz?
- Etmişəm. Bu işə pis baxmıram. Əgər bir işi edirsənsə, axıra kimi etməlisən.
- Sizi masanın üzrərinə pul ilə çıxardıblar?
- Pulu stolun üstünə səpiblər, mən çıxıb oynayıb götürmüşəm. Tək mənim üçün belə etməyiblər ki... Çox rəqqasələr üçün bunu ediblər.
- Gözünüzlə görmüsünüz?
- Əlbəttə, amma adını çəkmək istəmirəm.
- Rəqs edərkən sizə uzadılan pulu alıb haranıza qoyursunuz?
- Mən həmişə pulu əlimə götürürəm. İcazə vermirəm ki, kimsə sinəmə pul qoysun.
- Niyə?
- Yad kişi əli niyə bədənimə toxunsun ki?!
- Amma nəzərə alaq ki, yad baxışlar sizin üzərinizdə rahatlıqla gəzir...
- Bunda bir problem görmürəm. Gözlər gözəllik görməlidir.
- İlanla oynayanlar var ...
- Mən də oynayıram. On il bundan qabaq mən ilanla oynayanda heç kim bunu etmirdi.
- Bəs rəqqasə Renka deyir ki, bunu ən birinci mən etmişəm?
- Renka özü üçün çox şey deyə bilər. O, məni yaxşı tanıyır. O çox gözəl bilir ki, ilk dəfə mən qanadlarla, ilanlarla oynamışam.
- Təsir əks təsirə bərabərdir. Təsirə saldığınızı bilirəm. Bəs təsirə necə, düşürsünüzmü?
- Baxışlardan təsirə düşə bilərəm.
- Hansı baxışlar sizi narahat edir?
- Bəzən xanımların, kişilərin mənə qeyri-adi baxmaqları məni narahat edir. Əslində ürəklərində düşünürlər ki, gözəl xanımam, gözəl rəqqasəyəm. Amma nədənsə paxıllıq bunu qəbul etəməyə imkan vermir.
- Sizin özünüzdə qadın qısqanclığı var?
- Heç vaxt qadınları qısqanmıram. Heç bir qadının gözündən bir damcı yaş axmasını istəmirəm.
- Atdığınız “ox” hədəfdən yan keçibmi?
- Heç vaxt belə bir şey olmayıb. Hədəfi həmişə düz vurmuşam.
- Şübhəyə tez-tez düşürsünüz?
- Deyərdim ki, yox. Çünki altıncı hissim çox güclüdür.
- Sizə 100 min manat təklif edən kim idi?
- Vəzifəli şəxslərdən biri idi.
- Qəbul etmədiniz?
- Əlbəttə, yox. Çünki mən pulnan satılan qadın deyiləm. Yalnız sevdiyim kişi ilə bir yerdə olaram.
- Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?
- Özümü zirvələrdə görmək istəyirəm və inanıram ki, bu, məndə alınacaq.
- İndi həyatınızda kimsə varmı?
- İndi ancaq sənətimi sevirəm.
- Gözünüzdən nə düşüb?
- Sevdiyim insan !
- Həyat yoldaşınız?
- Xeyr, ondan sonra birini sevirdim, amma bədbəxt bir hadisə nəticəsində ayrıldıq.
- Nə idi o bədbəxt hadisə?
- O adam vurdu və həbs olundu.
- Əliniz ətəyinizdə çox qalıb?
- Kimə əl uzatmışamsa, tutublar. Geri çevirməyiblər.
- Daha çox hansı növ rəqsləri sevirsiniz?
- Milli rəqslərimizi çox sevirəm və ən çox da milli rəqs oynayıram.
- Aygün xanım, haradan hara gəldiniz?
- Çox əziyyətlər çəkdim bu yerə gələnə qədər. Maddi və mənəvi əziyyətlər.
- Kimə dağ çəkmisiniz?
- Sevdiyim insana. Ürəyimi yandıranın ürəyini yandırmışam.
- Davamlı sevirsinizmi?
- Bəli, istədiyim normal kişini tapana qədər sevə bilərəm.
- Normal nəyə deyirsiniz?
- Məni çox sıxmayan, daxilən azad yaşamağa icazə verən bir insan axtarıram. Sərbəstlik istəyirəm.
- Nədən qorxurdunuz ki, o da başınıza gəldi?
- Tək qalmaqdan qorxurdum, o da oldu.
- İndi nə istəyirsiniz?
- Sevmək və sevilmək.
- Daha çox sevilmisiniz, yoxsa sevmisiniz?
- Sevilmişəm. Mən də sevmişəm, amma məni sevənlər qədər yox.
- Qısaqancsınızmı?
- Bəli, sevirəmsə, qısqanmalıyam.
- Amma deyirlər ki, qısqanclıq zəiflik əlamətidir...
- Mən bu fikirlə razı deyiləm.
- Nəyi əldən vermək istəmirsiniz?
- Mənim olan heç nəyi əldən vermək istəmirəm.
- Sizin olacaq nə olmalı idi, lakin olmadı?
- Mən çox şükür edirəm ki, indi istədiyim hər şey var.
- Ailəyə görə sənəti atarsınızmı?
- Sözün düzü, indi belə qənaətdəyəm ki, yox. Amma ola bilər ki, gələcəkdə fikrim dəyişsin.
- İpin ucunu dartdıqca hara gedir?
- Elə olur ki, dartdıqca pisə, elə də olur ki, yaxşıya doğru gedir. Ona görə də, yerində qalsa, yaxşıdır.
- Özünüzü cilovlaya bilirsiniz?
- Bunu yaxşı bacarıram.
- Sizi şərabdan savayı nə məst edə bilər?
- Gözəl sözlər.
- Surətpərəstsiniz?
- Özü də çox (gülür).
- Sonuncu dəfə kim və harada qulağına nə pıçıldayıb ki, cingiltisi hələ də qulağından getmir?
- Bir dəfə bir məclisdə idim. Biri mənə yaxınlaşıb qulağıma dedi ki, çox şahanə bir qadınsan ... Sevdim o sözləri.
- Rəqqasəlikdən savayı bir qazanc yeriniz var?
- Biznesim yoxdur, işimə biznes kimi baxıram.
- Mən bilirdim... ardını siz tamamlayın.
- Mən bilirdim, yaxşı bilirdim ki, bu sənətə yenidən qayıdacağam...
Cavidan Abdullayev