Tanınmış müğənni Şəbnəm Əsədova yeni klipi ilə gündəmə gəlib. Xəbərçi.az bildirir ki, "Boş ver getsin" klipi ilə bağlı suallara ifaçı tam səmimi olaraq cavab verib. Klipə 7 min xərc çəkən Ş.Tovuzlu əslində bu mahnının onun şəxsi həyatına aid olmadığını bildirib:
- Artıq ilin son ayıdır. 2017-ci il ilə vidalaşmağa az qaldı. Bu il neçə klip çəkdirdiniz?
- Əslində, klip demək olmaz, “Sus biraz dinlə” və “Sevdiyim adam” mahnılarına fotosessiya kimi görüntülər çəkdik. Amma canlı videolar oldu. Bu da o səbəbdən oldu ki, artıq youtube səhifəmdə şəkil qoyub mahnı paylaşmaq izləyicilərə maraqlı gəlmir. Ona görə fikirləşdik ki, çox da pul sərf etməyək, sadəcə görüntülər çəkək. Maşallah artıq “Sevdiyim adam”mahnıma baxış sayı 7 milyonu keçib. Amma bu sonuncu lirik mahnı “Boş ver getsin”i çox bəyənirdim,ona görə də maliyyə cəhətdən ürəyiaçıqlıq etdim. Çox da uğurlu alındı.
- Nə qədər xərc çəkdiniz?
- Mahnının ərsəyə gəlməyi, klipin çəkilməyi, geyim, vizaj, saç, bunların hamısını birgə toplayanda 7 min manat xərcimiz çıxdı.
- Deyirlər, Şəbnəm ürəyiaçıq qızdır ...
- Şəbnəm həmişə ürəyiaçıq olub, sadəcə Şəbnəmi başa düşməyən insanlar olub. Tanımadan bilmədən insanın dalınca çox söz danışarlar.
- Bu il həyatınızda nə kimi uğurlar və uğursuzluqlar oldu?
- Bu il mənə düşərli olub. Allaha qurban olum, mən heç vaxt naşükür insan olmamışam. Bizim sənətimiz elə bir sənətdir ki, hər yerdə addımımıza, danışığımıza fikir verməliyik. Bunların hamısı mənim həyatımda yaxşı keçib. Sadəcə bir azca addımım irəli gedəndə, özümü göstərəndə ki, artıq mən varam, Şəbnəm var, bu, bir neçə nəfərin gözünə girməyə başladı. Pis həmişə pisdir, yaxşı da göz qabağındadır.
- Pisləri boş verirsiniz gedir ... Ümumiyyətlə nələri boş vermisiz gedib?
- Medianın yazdıqlarını boş vermişəm. Çünki bunlar bizim həyatımızdakı heç nəyi dəyişmədi. İnanırsınız, axşam yatırdım, səhər gözümü açırdım ki, bir xəbər çıxıb. Mən istəməzdim elə populyarlaşmaq, mən onsuz da mahnılarımla tanınırdım. Mən təkcə onu fikirləşirdim ki, həyat yoldaşım çox sağ olsun ki, mənim yanımda oldu, mənə dayaq oldu. Çünki məni yaxından tanıyan odur və bilirdi ki, biz necə birləşmişik, necə ailə qurmuşuq. Mənim bu 5 ildə ona qarşı heç vaxt yalanım olmayıb. Biz dürüst ailə qurmuşuq, bir-birindən gizlədiləcək sirrimiz yoxdur ki, sonradan bilək və ayrılaq. Hətta haqqımda mənfi xəbərlər çıxdıqca mən əsəbiləşirdim, o özü məni təsəlli edirdi.
- Bəs belə sevib-sevilən qadın necə oldu "Boş ver getsin" i oxudu, yoldaşın etiraz etmədi ?
- Mahnımızı mənə Ruslan Səfəroğlu dinlətdi ki, Şəbnəm bunu sən yaxşı oxuya bilərsən, səndə əla alınar. Elə-belə züm-zümə elədim xoşuna gəldi. Gəldim evdə yoldaşıma da dinlətdim, dedi ki, bu sənin həyatına uyğun mahnı deyil. Sən oxu ki, mən dəli kimi sevirəm, sevilirəm. Əslində mən “Sevdiyim adam”ı yoldaşıma həsr eləmişəm. Mahnının bir-iki misrası da mənə aiddir. Mahnının adını da özüm qoymuşam. Amma bu mahnını da bəyəndim və oxudum. Bəyənildi də ... Baxış sayından da bəllidir.
- Əslində, o demək deyil ki, oxuduğun bütün mahnılar sənin özünə aid olmalıdır.
- Əlbəttə, mahnını oxumaq o demək deyil ki, mənim həyatım da belədir, bunu mən yaşayıram. Orada ağlama səhnəsi var, yazırlar ki, Şəbnəm xanım siz necə içdən ağlayırsınız, göz yaşlarınız necə təbii alınıb. Orada rejissor o qədər dedi ki, Şəbnəm xanım, bir az kədərli olun da. Amma alınmırdı ki, alınmırdı. Deyirəm, ay qardaş, qurban olum sənə, məni sevgilim atıb getsə, ərim atıb getsə, bu dəqiqə buranı dağıdaram. Fkirləşdim necə edim. Dedilər, kapli var, biz bunu eləməliyik. İstədik özün təbii ağlayasan, amma olmadı. Düzü mahnı səslənən zaman kövrəldim, gözümün qabağına gəldi ki, görəsən, həyat məni yoldaşımla, uşaqlarımla sınağa çəkərmi? Allah ondan qorusun! Mən onlarsız nə edərəm? O an bir az insana kövrəklik gəlir, manhı oxuyur, rola çəkilirsən, üstəlik güclü işıqlar gözünə vurur, sonda ağladım. Amma, doğurdan da, heç bir qadını gözüyaşlı görmək istəmərəm. Kim də mənə qarşı pisdirsə, eybi yoxdur. Heç kim görməsə də, Allah görür. Deməli, o insanın qəlbi o qədər qaradır ki, o qədər öz həyatı üzünə gülmür ki, qarşısındakı insanı xoşbəxt görmək istəmir. Təki bütün xanımlar xoşbəxt olsun".