Təranə Qumral (İbrahimova) instaqram səhifəsində Nazənin xanımın ailə üzvləri barəsində qeyd etdiyi yazılar əxlaqi prinsiplərə ziddir.
Xəbərçi.az məlumat verir ki, bu sözləri qafqazinfo.az-a açıqlamasında müğənni Nazəninin vəkili Heyrat Qarayev deyib. O, Təranə Qumralın həmkarının oğlunu cindar adlandırmasına münasibət bildirib.
H.Qarayev söyləyib ki, Nazənin qısa müddət ərzində T.Qumralı məhkəməyə verəcək:
"Həmin məlumatlar həm cəmiyyət, həm də pərəstişkarı on minlərlə olan Nazənin xanımın ailə üzvlərinə qarşı mənfi rəy yarada bilər. Bu isə Nazənin Salayevanın ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilir. Bildirir ki, Təranə İbrahimovanın instaqram səhifəsində yazılan məlumatlar doğru deyil, tamamilə yalandır.
Bununla bağlı Nazənin xanımla müzakirələr aparmışıq. Belə qərara gəlmişik ki, həmin məlumatı yayan şəxs barədə müvafiq ölçü götürülməsi barədə aidiyyəti qurumlara qısa müddət ərzində müraciət olunsun".
Qeyd edək ki, Təranə Qumral instaqram səhifəsində Nazəninin oğlu Fəxinin cindarlıqla məşğul olduğunu iddia edib.