Bu gün ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı müğənni Təranə Qumral və Musa Musayev cütlüyü olub.
Xəbərçi.az məlumat verir ki, cütlük müğənni Nazənin ilə olan qalmaqal barədə ilginc açıqlamalar edib.
Belə ki, Elgiz Əkbərin "Bu gün burada bəlkə barışasınız?" təklifinə Təranə Qumral belə cavab verib:
"Məhkəmə artıq qərar çıxarıb. Qərar çıxarıb ki, mən ondan üzr istəməliyəm. Təranə də qarşı tərəfdən üzr istəmir. Mən üzr istəmirəm deyə məhkəmə prosesi bu qədər uzanıb. Mən də elə bir insanam ki, doğrulara görə heç bir kəsdən üzr istəmirəm. Mənim yalnışım olanda niyə üzr istəməyim ki?! Amma hesab edirəm ki, mən burada yalnış bir fikr söyləməmişəm. Mən demişəm ki, "Sən bir neçə dəfə ailə qurmusan". Mən bunu yalnış deməmişəm. Mən ona söyüş söyməmişəm, başqa əxlaqsız bir söz deməmişəm. Demişəm 7 dəfə ərdə olmusan. Amma mən bir az yalnış demişəm. Yəni o, 7 dəfə yox, 5 dəfə ərdə olub.
Əsassız heç nə deməmişəm. İnsan özünü tanıya bilmirsə, sözüm yoxdur. Özü bilmir neçə dəfə ərə getdiyini? Nazənin xoşbəxt ola bilmir, yazığım gəlir. Hara gedirsə, ağlayır. Evləndiyi 5 nəfərlə şəklini gətirib bura düzərəm. Lap, 10 dəfə ərə getsin, bundan mənə nə? Məni məhkəməyə verdiyi üçün şəkillərlə sübut edə bilmirəm. Canlı yayıma qoşulub ağzına gələni danışdı. Mən də ona cavab verdim.
Mən yiyəli, sahibli bir insanam. Vallah o vaxt evli deyildi. Mənə dua eləsin ki, bu hadisədən sonra rəsmi olaraq evləndi. İndi ölkədən çıxışıma qadağa qoyublar. Xaricdə nə işim var? Qohumlarım, hər kəsim Azərbaycanda yaşayır. 4 ildir ki, bu müharibə gedir. Mən yıxılan, sürünən deyiləm. Mənə daş atdıqca güclənirəm. Ömür boyu gözü məni götürməyib.
Məhkəmənin qərarına hörmətim var. Amma mən nə demişəmsə, düz demişəm. Sözümün üstündə varam. Məni assalar da, mən dədəmin qızıyam. Mənim dədəm kişi olub. Məni assalar da, kəssələr də, məni həbs etsələr də, məni ölkədən kənara buraxmasalar da... Qanun budursa, bunu kəsiblər mənə. Mən iki əlli razıyam. Amma mən üzr istəməyəcəm. Mən həqiqəti demişəm. Nə olsun ki, ona bunu sübut edə bilməyiblər".
Daha sonra Musa Musayev də söhbətə qoşulub:"Nəsə yalnış hərəkət etsəm, mən də üzr istəyərəm. Ancaq mən səni söyürəm, sən də məni söyürsən. Bir-birimizi təhqir edirik. İş burasındadır ki, məni məcbur edirlər ki, səndən üzr istəyim. Axı eyni təhqiri sən də mənə etmisən. Nəyə görə mən səndən üzr istəməliyəm, sən yox?
Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal "ANS"in "Bazar səhəri" verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək Təranə Qumrala "Səni ərimlə tutdum" demişdi. T.Qumral isə, öz növbəsində, Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.