Xəbərçi.az müğənni Elariz Məmmədoğlunun milli.az-a müsahibəsini təqdim edir.
- Elariz bəy, məhərrəmlik ayı davam etsə də bir çox müğənnilər artıq toy siyahılarının tutulduğunu bildirib. Bəs sizdə vəziyyət necədir?
- Toy siyahım tam tutulub desəm, yalan olar. Bizə də toy sifariş edən insanlar var. 20 ildir ki, mən toylara dəvət alıram. 20 il bundan əvvəl mən tanınmırdım, adımı bilmirdilər. Sadəcə olaraq hamı deyirdi ki, bir gənc oğlan yaxşı toy aparır.
- Deməli şikayətiniz yoxdur?
- Xeyr, qətiyyən şikayətim yoxdur. Əlimə mikrofon alıb oxuduğum gündən bu günə qədər heç vaxt toy kasadlığım olmayıb. Xalqımız hər zaman məni toyla təmin edib. Müğənnini yaşadan xalqdır, buna görə tamaşaçılara təşəkkür düşür. Mən də daim üzərimdə çalışıram ki, heç vaxt gündəmdən düşməyim. Toylara 12 nəfərdən ibarət musiqiçi qrupumla gedirəm. Ən bahalı səs rejissoru və aparatı məndədir ki, onu da qiyməti baha olduğuna görə hər müğənni toylara aparmır.
- Elə müğənnilər var ki, oxuduğu bir fonoqram mahnıya görə yüksək qonorar alır. Belə başa düşdüm ki, siz toylarda fonoqram oxumursunuz.
- Sırf xaricdə toylara dəvət alanda fonoqram oxuyuram. Bir neçə mahnım var ki, xüsusi olaraq o mahnılara görə məni həmin toylara dəvət edirlər.
- Son günlər yayılan intim görüntülərinizi də toy biznesinizə qarşı başladılmış "qara piar" adlandırdınız. Bu görüntülərin toy biznesi ilə nə əlaqəsi var?
- Bəli, bu sırf toy mövsümünün başlamasına qarşı edilən qara bir piardır. 20 ildir ki, həmin fotoları paylaşırlar. Artıq ailəm də buna öyrəşib. Ümumiyyətlə, mən bu cür söz-söhbətlərə öyrəşmişəm. Həmişə toy mövsümü başlamazdan əvvəl ya şayiə yayırlar ki, səsi batıb, ya da deyirlər ki, xaricə köçüb. O ki, qaldı həmin görüntülərə, o insan mən deyiləm, sadəcə olaraq mənə bənziyir.
- Deməli təkzib edirsiniz?
- Bəli, o şəxs mən deyiləm. 20 il bundan əvvəl ilk dəfə o fotolar yayılanda açıqlama vermişdim ki, həmin insan mən deyiləm.
- Axı həmin görüntülərdəki şəxsin özünüz olduğunu təsdiqləmişdiniz.
- Xeyr, mən heç bir jurnalistə deməmişəm ki, o mənəm. Sadəcə dedim ki, o mən deyiləm, lap tutaq ki, mənəm, orda nə var ki? Məni xanımla tutublar da, kişi ilə tutmayıblar ki? Kişi müğənnini kişi ilə tutanda heç onlara güldən artıq söz demirlər.
- Bəlkə də illərdir susmusunuz deyə bu şayiələr geniş vüsət alıb.
- Bəli, illərdir ki, bu mövzuda mədəniyyətimə sığınıb susmuşam, cavab verməmişəm. Amma daha bu dəfə susmadım, cavab verdim.
- Elariz bəy, nədənsə həmişə müzakirə obyektinə çevrilmisiniz. Bir zamanlar Aygün Kazımova ilə də üz-üzə qalmışdınız. Hal-hazırda münasibətləriniz necədir?
- İncəsənət aləmində mənim hər kəslə münasibətim yaxşıdır. Sadəcə olaraq 2009-cu ildə olan hadisəni bu gün yadıma salırlar. Əlbəttə ki, illər keçir, əsəblər sakitləşir. İllər öncə Aygün Kazımova ilə məni üz-üzə qoydular, o da alınmadı. Çünki mən heç vaxt elə bir müsahibə vermirəm ki, kimsə məndən incisin. Mən bu gün sinəmə döyüb öyünə biləcək müğənniyəm. İllərdir susmuşam, özümü heç vaxt tərifləməmişəm ki, qoy məni tərifləsinlər. Bilmirəm, paxıllıqdandır, nədəndir məni heç tərifləmirlər də (gülür).
- Görürsünüz ki, tərifləmirlər artıq özünüz özünüzü tərifləyirsiniz? (gülür).
- Buna artıq mənim haqqım da var. Çünki uzun illərdir sənətdəyəm. "Mənəm-mənəm" deyən müğənnilərin gördükləri işlərə də baxıram, görürəm ki, çox zəifdirlər. Fəxri adı olan müğənnilər var ki, not bilmirlər. Mən artıq öz sözümü deməliyəm ki, xalq bilsin ki, yaxşı hansıdır, pis hansı. Azərbaycanda mən film kimi klip çəkdirəndə hələ heç kim klip çəkdirmirdi. Klip başqa şeydir, musiqi nömrəsi başqa şey. Bu gün müğənnilərin çəkdirdikləri klip yox, musiqi nömrəsidir.
- Sizi nə özünüzdən çıxara bilər?
- Səhnə mədəniyyəti deyilən bir anlam var. Mən səhnədə öz pis əhval-ruhiyyəmi tamaşaçılarla bölüşməli deyiləm. Elə olub ki, səhnəyə 3 addım qalana qədər əhvalım yaxşı olmayıb. Amma mən yenə də özümü toparlayıb vəziyyətdən çıxmışam.
- Evdə də beləsiniz?
- Evdə əsəbi vaxtlarım da olub. Xasiyyətimi bilirlər, mən əsəbləşəndə evdəkilər "barmaqlarının" üstündə gəzir. Mənim bildiyiniz kimi 2 qızım, 1 oğlum var. Övladlarım məni bir o qədər də əsəbləşdirməyiblər. Çünki həmişə valideynlərinin sözlərinə qulaq asıblar.
- Oğlunuzu evləndirməyə hazırlaşırsınız. Maraqlıdır, oğlunuza müğənni qız alarsınız?
- Ümumiyyətlə, mən övladlarıma, xüsusilə oğluma tamam başqa bir tərbiyyə vermişəm. O öz xanımını evinə, övladlarına bağlı məişət xanımı kimi görmək istəyir. Mən demirəm ki, müğənni xanımlar ərə getməməlidir. Xeyr! Müğənni xanım harasa gedib oxuyanda o mütləqdir ki, gecə saat 2-də evdə olacaq. Bu da bizim həyat tərzimizə, ailəmizə yad olan bir xüsusiyyətdir. Ona görə də fikirləşirəm ki, oğlumun müğənni xanımla ailə həyatı qurması alınmaz. Heç özü də istəməz.