Aşura qiyamının mahiyyəti nədir ? - ÖYRƏNİN

Aşura qiyamının mahiyyəti nədir ? - ÖYRƏNİN

Aşura qiyamının mahiyyəti

(ixtisarla dərc edilir) 

Qazıntı maddələrindən tutmuş bitkilər və heyvanlar aləminə kimi bütün əşyalar və təbiət hadisələri təbii mahiyyət və özünəməxsus hala malikdir. İctimai hərəkat və qiyamlar da belədir. əgər hər hansı qiyamı, hərəkatı tanımaq və mahiyyətini öyrənmək istəyiriksə, əvvəlcə onu yaratmış səbəbləri araşdırmalıyıq. Həmin səbəbləri tanımadan hərakatın mahiyyətini öyrənə bilmərik (bu, fail (yaradıcı) səbəbdir). Sonra hərəkatın son məqsədini (hədəfini) öyrənməliyik. Yə"ni bilməliyik ki, ümumiyyətlə, hərəkatın hədəfi var idi, ya yox? əgər hədəfi var idisə, nədən ibarət idi? Üçüncü növbədə öyrənməliyik ki, hərəkatın təşkiledici ünsürləri və möhtəviyyatı nə idi, hərəkatda hansı amillər, hansı proseslər iştirak etmişdir? Nəhayət, dördüncüsü və sonuncusu, görməliyik ki, bu ayrı-ayrı amil və proseslər birləşərək kompleks halında hansı forma qazanmışdır?

İmam Hüseyn (ə) qiyamı ilə bağlı meydana çıxan suallardan biri də budur ki, görəsən, bu qiyam partlayış xarakterli idimi? Yə"ni bu, irəlicədən hesablanmamaq və öz-özünə yaranmış hərəkat idimi? Məsələn, qazanı alovun üstünə qoysaq, içindəki su tədricən buxara çevriləcək, buxar çıxmağa yol tapmasa, axırda partlayacaq. Bə"zən insanlarda da psixoloji partlayışlar olur. İnsan müxtəlif səbəblər üzündən bə"zən elə şəraitə düşür ki, özü də istəmədən birdən-birə narahat və əsəbi vəziyyət alır, hətta öz istəmədiyi sözlər ixtiyarsız olaraq dilindən çıxır. Buna "partlayış" deyilir. İctimai hərəkatların və qiyamların çoxu partlayış xarakterli olur.

İslam məktəbini materialist ideya məktəbindən fərqləndirən cəhətlərdən bir də budur ki, materialistlər xüsusi dialektik prinsiplər əsasında təklif edirlər ki, ziddiyyətləri daha da şiddətləndirmək, narahatçılıqları artırmaq, çatları dərinləşdirmək, hətta real islahatlara qarşı çıxmaq lazımdır ki, cəmiyyt inqilaba (amma düşünülmüş inqilaba deyil, partlayışa) doğru sürüklənsin. Lakin İslam partlayış xarakterli inqilabları zərrəcə bəyənmir. İslamın təbliğ etdiyi inqilab yüz faiz agahlıq, qətiyyət və seçki üzərində qurulmuş inqilabdır.

Görəsən, İmam Hüseyn (ə) qiyamı partlayış idimi? Görəsən, doğrudanmı Müaviyə zamanından camaata və İmamın ailəsinə tuşlanmış təzyiqlər Yezidin hakimiyyətə gəlməsi ilə elə kəskinləşdi ki, artıq İmam Hüseynin (ə) hövsələsi tükəndi və dedi ki, qoy hər nə olacaqsa,olsun?! Xeyr, əsla belə deyildi! İmam Hüseynin (ə) istər hərəkatdan əvvəl, istərsə də qiyam başladıqdan sonra söylədiyi sözlər, Müaviyəyə göndərdiyi məktublar, müxtəlif şəraitlərdə etdiyi çıxışlar, xüsusilə, Minada peyğəmbər səhabələrini toplayaraq onlara söylədiyi məşhur xütbə göstərir ki, bu hərəkat hərtərəfli düşünülmüş və agahlıqla həyata keçirilmişdi. Bu, islami inqilab idi, partlayış deyildi. 

İmam Hüseyn (ə) öz səhabələrindən hər biri ilə münasibətində çalışırdı ki, başladığı qiyam partlayış şəkli almasın. Nə üçün İmam Hüseyn (ə) hər dəfə fürsət düşdükcə müxtəlif bəhanələrlə səhabələrini özündən uzaqlaşdırıb mürəxxəs etməyə çalışırdı? İmam hey deyirdi ki, agah olun, bura əmin-amanlıq, yeyib-içmək yeri deyil, əksinə, çox təhlükəli yerdir. Aşura gecəsində İmam Hüseyn (ə) özünəməxsus dillə səhabələrinə buyurdu: "Mən öz səhabələrimdən yaxşı səhabə, öz əhli-beytimdən (ailə üzvlərimdən, qohumlarımdan) daha üstün əhli-beyt tanımıram. Hamınıza təşəkkür edirəm, hamınızdan razıyam. Bunların (yezidçilərin) məndən savayı heç kimlə işləri yoxdur. Sizlərdən hər kim istəyirsə, getsin. Düşmənlər başa düşəcəklər ki, siz özünüz bu təhlükədən uzaqlaşmısınız, ona görə heç birinizə zərər yetirməyəcəklər. Mənim ailə üzvlərim bu səhrada heç kimi tanımır, bu yerlərə bələd deyil. Sizlərdən hər biriniz mənim ailə üzvlərimdən birini özü ilə aparıb getsin. Mən özüm burada tək qalacağam".

Camaatın narahatçılığından və narazılığından istifadə etmək istəyən fürsətcil rəhbər belə sözlər danışmaz. Bə"ziləri burada dini vəzifəni xatırladırlar. əlbəttə, dini vəzifə öz qüvvəsində qalır; İmam Hüseyn (ə) dini vəzifədən danışmağı da yaddan çıxarmırdı. Amma İmam istəyirdi ki, dini vəzifə tam azadlıq və agahlıq şəraitində yerinə yetirilsin. İmam öz səhabələrinə demək istəyirdi: "Düşmən hələ sizi mühasirəyə almayıb. əgər gecənin qaranlığından istifadə edib getsəniz, heç kim sizə mane olmaz. Sizi dost da məcbur etmir. əgər elə düşünürsünüz ki, mənimlə etdiyiniz bey"ət sizin üçün vəzifə və öhdəlik yaradır, onda mən bey"ətimi də sizin üzərinizdən götürürəm. Bu iş yalnız azadlıq və seçkiyə bağlıdır. Gərək son dərəcə düşünülmüş və sərbəst şəkildə, dost və düşmən tərəfindən heç bir məcburiyyət hiss etmədən məni seçəsiniz".

Kərbala şəhidlərini başqalarından üstün edən də elə budur. Müqayisə edin: Məşhur müsəlman sərkərdəsi Tariq ibn Ziyad İspaniyanı fəth etdikdən sonra əmr etdi ki, yalnız bir sutkalıq azuqə saxlayıb, qalanını yandırsınlar. Bunun ardınca, içində üzüb gəldikləri gəmiləri də yandırmağı əmr etdi. Sonra əsgərləri və zabitləri toplayıb arxadakı nəhəng okeanı onlara göstərdi və dedi: "Qarşınızda düşmən, arxanızda dəniz durur. Qaçmaq istəsəniz, suda boğulmaqdan savayı yolunuz yoxdur. Nə gəmi qalıb, nə də azuqə. Tənbəllik edib döyüşə girməsəniz, cəmi bircə gün dözə bilərsiniz, bundan sonra acından öləcəksiniz. Nicatınız düşməni qırıb məhv etməkdədir. Sizin azuqəniz düşmənin əlindədir. Bundan başqa yol yoxdur". Tariq əsgərləri döyüşməyə məcbur etdi. Bu halda əsgər son damla qanına kimi vuruşmayıb nə edəcəkdi ki?

Amma İmam Hüseyn (ə) öz səhabələri ilə Tariq ibn Ziyadın tam əksinə rəftar etdi. İmam demədi ki, "bu yerdən hansı tərəfə addım atsanız, düşmən sizi öldürəcək. İndi ki, öldürüləcəksiniz - qoyun, sizi mənimlə birlikdə öldürsünlər..." Xeyr, İmam belə demədi. Çünki belə şəhadətin dəyəri yoxdur. Belə sözləri İmam deyil, siyasətcil adam deyər.

Ona görə də ilk növbədə bilməliyik ki, İmam Hüseynin (ə) inqilabı hərtərəfli düşünülmüş xarakterə malik idi. Bu inqilab həm İmamın özünün, həm ailə üzvlərinin, həm də dostlarının baxımından partlayış deyildi.

Təbiət hadisələri və ictimai hadisələr arasındakı fərqlərdən biri də budur ki, təbiət hadisələri çoxmahiyyətli ola bilməz, mütləq birmahiyyətli olmalıdır. Müəyyən bir filiz eyni zamanda həm qızıl, həm də mis xüsusiyyətlərinə malik ola bilməz. Amma ictimai hadisələr eyni zamanda bir neçə mahiyyət daşıya bilər.

İnsanın özü elə təəccüblü varlıqdır ki, eyni zamanda müxtəlif mahiyyətlər əldə edə bilər. Sartrın dediyi "insanın mahiyyəti vücudundan irəlidir (əvvəldir)" fikri yalnız bu mə"nada düzgündür. İnsan eyni zamanda həm mələk, həm donuz, həm də pələng xasiyyətlərini (mahiyyətlərini) daşıya bilər (Bu, İslam maarifinin böyük və dərin bir bölümüdür).

İmam Hüseyn (ə) qiyamı da həmin çoxmahiyyətli hadisələrdəndir, çünki onun meydana çıxmasında müxtəlif amillər iştirak etmişdir. Məsələn, hərəkat sırf cavab reaksiyası (əksül-əməl) xarakteri daşıya bilər. Bundan savayı hərəkat başlanğıc mahiyyətinə malik ola bilər. əgər hərəkatın mahiyyəti cavab reaksiyasıdırsa, bu, müəyyən prosesə qarşı mənfi reaksiya da ola bilər, müsbət reaksiya da. Bunların hamısı İmam Hüseyn (ə) hərəkatında mövcud idi.

Amillərin ən birincisi bey"ət tələbetmə amilidir. Müaviyə hələ öz ölümündən əvvəl Yezidin canişinliyindən xətircəm olmaq istəyirdi. Buna görə Müaviyə Mədinəyə gəlib İmam Hüseyndən (ə) bey"ət almağa çalışdı, amma buna müvəffəq olmadı. Müaviyə öldükdən sonra Yezid İmamdan bey"ət almaq istədi. Bey"ət - yalnız Yezidin xilafətini təsdiqləmək deyil, Müaviyə və Yezid tərəfindən qoyulmuş yeni ən"ənəni imzalamaq demək idi. Həmin ən"ənə isə bundan ibarətdir ki, keçmiş xəlifə özündən sonrakı xəlifəni tə"yin edir. Halbuki, xəlifəni ya camaat seçməlidir (sünni məzhəbinin nöqteyi-nəzərincə), ya da camaat Peyğəmbərin göstərişinə əməl edib, onun tanıtdırdığı xəlifəyə tabe olmalıdır (şiə əqidəsinə görə). Yeni ən"ənə nə şiə, nə də sünni əqidəsinə uyğun idi. Müaviyə və Yezidin qoyduqları dəbə görə, xəlifə öləndə istədiyi adamı müsəlmanların başçısı tə"yin edə bilər.

Bu mə"nada, bu bey"ət yalnız Yezid kimi rüsvayçı bir şəxsin xilafətini tanımaq deyil, həm də Müaviyənin bərqərar etməyə çalışdığı bir ən"ənəyə razılıq vermək demək idi.

Yezidçilər Hüseyndən (ə) bey"ət istəyirlər, Hüseyn (ə) isə bu istəyə qarşı özünün mənfi münasibətini bildirir. Onlar - "Bey"ət et!" - deyirlər, İmam rədd edir. Onlar təhdid edirlər, Hüseyn (ə) deyir: "Öldürülməyimə razıyam, lakin bey"ət etməyə razı deyiləm!"

Buraya kimi mübarizənin mahiyyəti - şəriətə zidd olan tələblərə mənfi münasibət bildirməkdən ibarət idi.

Lakin Hüseynin (ə) mübarizəsinə tə"sir edən amillər təkcə bununla məhdudlaşmır. Amillərdən biri də çağırışa müsbət münasibət bildirməkdir.

Müaviyənin ölümündən 20 il əvvəl İmam əli (ə) beş il Kufə şəhərində yaşamışdı. Kufə camaatı əlinin (ə) verdiyi tə"lim-tərbiyəni hələ tamam unutmamışdılar. Müaviyə öldükdən sonra bu camaat yığışıb bir-birinə dedi: "İmkandan istifadə etməliyik, Yezidin əlinə fürsət düşməsinə imkan verməməliyik. Bizim Hüseynimiz var, həqiqi rəhbərimiz də elə odur. Gərək hazırlaşıb onu Kufəyə çağıraq, onun rəhbərliyi ilə əvvəlcə heç olmazsa Kufədə bir özək (mərkəz) yaradaq; sonra bütün xilafəti İslam xilafətinə çevirərik".

Kufə əslində bir ordugah (hərbi düşərgə) idi. Bu şəhər Ömərin xilafəti zamanında Sə"d ibn əbu Vəqqas tərəfindən salınmışdı, ilk adı "Hiyrə" idi. Kufədə yerləşmiş müsəlman əsgərlər özləri üçün ev tikib yaşadılar və bura tədricən xilafətin ən güclü şəhəri oldu.

Belə bir şəhərin əhalisi İmam Hüseyni (ə) də"vət etdi. Özü də də"vət edənlər bir-iki nəfər deyil, min nəfər deyildi, hətta beş min-on min nəfər də deyildi. İmama 18 min məktub yollamışdılar; hər məktubun altında bir neçə nəfər, hətta bə"zən 100 nəfər imza qoymuşdu. Bu hesabla, təxminən 100 min adam İmama məktub yazmışdı.

Bəs buna İmamın münasibəti nə cür idi? Müsəlmanlar qiyam etmişdilər və İmam gərək onların köməyinə tələsəydi. Artıq burada İmamın hərəkəti mənfi mahiyyət deyil, müsbət mahiyyət daşıyırdı.

İmam Hüseyn (ə) əvvəldən Kufə camaatının hazır olmadığını görürdü, kufəlilərin qətiyyətsiz və qorxaq olduqlarını bilirdi. Lakin getməsəydi, tarix qarşısında nə cavab verərdi? əlbəttə, əgər İmam Hüseyn (ə) Kufə camaatına e"tina etməsəydi, biz bu gün deyəcəkdik ki, nə üçün İmam Hüseyn (ə) onların də"vətinə müsbət cavab vermədi?

Abbasilər dövründə "Ali-Məhəmmədin (s) vəziri" ləqəbi ilə tanınan əbu Sələmə ibn Xəllal ilə Abbasi xəlifəsinin arası dəymişdi. əbu Sələmə tez iki məktub yazıb birini İmam Cə"fər Sadiqə (ə), digərini İmam Həsənin (ə) nəvəsi Abdullah Məhzə göndərdi və hər ikisini eyni vaxtda hakimiyyətə də"vət etdi. Məktubda yazdı ki, "mən indiyə kimi xəlifəyə qulluq edirdim, bundan sonra sizə qulluq etmək istəyirəm. Gəlin, həmkar olaq, xəlifəni devirək". əvvəla, eyni məzmunlu məktubu iki nəfərə yazması, onun səmimi olmadığından xəbər verirdi. İkincisi, o, məktubu xəlifə ilə arası dəydikdən sonra yazmışdı. Məktub İmam Cə"fər Sadiqə (ə) çatanda onu oxudu və sonra qasidin yanındaca məktubu yandırdı. Qasid soruşdu ki, məktubun cavabı nədir? İmam buyurdu: "Məktubun cavabı elə gördüyün hərəkətdir". Qasid geri qayıdana kimi əbu Sələməni öldürdülər. Bununla belə, bu gün də bir çox adamlardan: "İmam Cə"fər Sadiq (ə) nə üçün əbu Sələmənin də"vətini qəbul etmədi və ona mənfi cavab verdi?" - sualı eşidilməkdədir. Halbuki, əvvəla, əbu Sələmə ibn Xəllal bir nəfər idi; ikincisi, öz də"vətində səmimi deyildi; üçüncüsü, bilirdi ki, məktubu yazdığı zaman artıq iş işdən keçib və Abbasi xəlifəsi onun sədaqətsizliyini duyub.

Məkkədə İmam Hüseynə (ə) Kufə camaatından 18 min məktub gəldiyi halda, əgər onlara müsbət cavab versəydi, tarix İmam Hüseyni (ə) məzəmmət edərdi ki, niyə gedib yezidçilərin kökünü kəsmədi? Bu halda əməvilərin törətdiyi bütün zülm və haqsızlıqları İmam Hüseynin (ə) hesabına yazacaqdılar. İddia edəcəkdilər ki, əgər İmam qiyama başlasaydı, əməvilər məhv olardı və zülmün kökü kəsilərdi!

Görəsən, deyilən iki amilin hansı biri zamanca daha irəli idi? Görəsən, əvvəlcə İmam Hüseyn (ə) bey"ətdən imtina etmişdi və kufəlilər bundan xəbər tutub onu də"vət etmişdilər? Yoxsa məsələ əksinə olmuşdur; yə"ni əvvəlcə Kufə camaatı onu də"vət etmişdi və İmam Hüseyn (ə) həmin də"vətə müsbət cavab verməli olmuşdu? Şübhəsiz, tarixi cəhətdən birinci nəzəriyyə doğrudur. Müaviyə hələ öz sağlığında şəxsən Mədinəyə gəlmiş, növbənöv kələklərlə İmam Hüseyndən (ə) və başqa iki-üç nəfərdən Yezid üçün bey"ət almağa çalışmışdı. Lakin onlar hər bir vasitə ilə buna razılıq verməmişdilər.

Müaviyə ölən kimi Yezid özü tə"cili surətdə Mədinəyə qasid göndərdi. Qasid bir neçə gün ərzində özünü Mədinəyə çatdırıb, Yezidin məktubunu Mədinənin valisinə təqdim etdi. Məktubda Yezid Müaviyənin ölüm xəbərini valiyə xəbər verdi və ondan tələb edirdi ki, necə olursa-olsun, Hüseyndən (ə) onun üçün bey"ət alsın. Kufə əhalisi Müaviyənin ölümündən hələ xəbər tutmamışdı.

İmam Hüseyndən (ə) bey"ət etməsini istədikdə, imtina etdi. Bu qayda ilə iki-üç gün keçdi. Valinin adamları hey gəlib-gedir, gah şirin dil tökür, gah da hədə-qorxu gəlirdilər. Nəhayət, rəcəb ayının 27-də İmam Hüseyn (ə) Mədinədən çıxıb, Şə"ban ayının 3-də Məkkəyə çatdı. Kufə camaatının ilk məktubları ramazan ayının 15-də İmama çatdı. Bu zaman yezidçilərin bey"ət tələb etməsindən bir ay yarım keçmişdi, İmam Hüseyn (ə) bundan ay yarım əvvəl onların tələbini rədd etmişdi.

Bu iki amillə yanaşı, aşura qiyamının üçüncü amili "yaxşı əməllərə çağırıb, pis əməllərdən çəkindirmək" (əmr bil-mə"ruf və nəhy ənil-münkər) amili idi. Elə Mədinədən çıxdığı ilk gündən Hüseynin şüarı məhz bu idi. İmam Hüseyn (ə) yalnız Yezidin bey"ət tələbinə e"tiraz məqsədilə qiyam etməmişdi. əgər İmam Hüseyndən (ə) heç bey"ət istəməsəydilər də, o yenə "yaxşılığa çağırmaq və pislikdən çəkindirmək" məqsədilə qiyam etməli idi.

Həmçinin, İmam Hüseyn (ə) yalnız Kufə camaatının də"vətini bəhanə edib hərəkata başlamamışdı. Kufəlilər məktub yazmasaydılar belə, İmam yenə ayağa duracaqdı. Çünki onun məqsədi -yaxşılığa çağırıb, pislikdən çəkindirmək idi.

Birinci amil baxımından İmam Hüseyn (ə) müdafiəçidir. Ondan bey"ət istəyirlər, o, "yox" deyir və özünümüdafiəyə qalxır. İkinci amil baxımından İmam hüseyn (ə) yardımçıdır. Onu həmkarlığa də"vət edirlər, o da müsbət cavab verir. Üçüncü amil baxımından isə İmam Hüseyn (ə) hücumçudur, zəmanəsinin zalım hökümətinə qarşı hücuma keçir. Bu amil nöqteyi-nəzərindən İmam Hüseyn (ə) inqilabçı bir şəxsdir.

Sadalanan üç amildən hər biri İmam Hüseynin (ə) öhdəsinə vəzifələr qoymuşdu. Məhz bu mə"nada aşura qiyamının bir neçə mahiyyətə malik olduğu söylənilə bilər.

Yezidə bey"ət etmək amili baxımından, İmam Hüseynin (ə) bey"əti rədd etməkdən başqa vəzifəsi yox idi. Hətta Abdullah ibn Abbasın tövsiyəsi ilə qaçıb dağlara çəkilsəydi də, yenə bey"ət etməməliydi.

Kufə camaatının də"vət amili baxımından, İmam Hüseynin (ə) vəzifəsi - kufəlilər öz sözlərindən qaçmayınca, Kufəyə tərəf getmək idi. Onlar sözlərindən qaçdıqları andan e"tibarən, bu vəzifə İmamın öhdəsindən götürülürdü. Lakin İmam Hüseynin (ə) məqsədi yalnız bundan asılı deyildi. Kufəlilərin də"vət amili ramazan ayının 15-dən başlamış müvəqqəti amil idi. Bu amilin qüvvədə olduğu müddət, müntəzəm yazışmaların kəsildiyi və İmamın Kufədəki əhvalatlardan xəbər tutduğu zamana kimi davam etdi. Hürrün dəstəsi ilə rastlaşdıqdan və Müslimin qətl xəbəri İmama çatdıqdan sonra bu amil öz qüvvəsini itirdi və İmam yardımçılıq vəzifəsindən azad oldu. Buna görə də İmam Hüseyn (ə) Kufə camaatı ilə üzləşərkən bu üzüdönük camaata xitabən buyurmuşdu: "Məni də"vət etdiniz, mən də gəldim. İndi ki, qalmağımı istəmirsiniz, qayıdaram. Də"vətinizlə mənim öhdəmə vəzifə qoymuşdunuz; amma bir halda ki, peşman olmusunuz, mən geri qayıdıram". Burada iki amili qarışdırmamalıyıq. Yezidə bey"ət etmək məsələsi tamam başqa amil, tamam başqa məsələ idi və İmam qətiyyətlə bundan imtina edib buyurmuşdu: "əgər bütün Yer üzündə mənə sığınacaq verəcək bircə nöqtə belə tapılmasa, yenə bey"ət etməyəcəyəm".

Zənnimcə, Kufə camaatının də"vətçilik amilinə həddindən artıq əhəmiyyət verərək bunu əsas amil hesab edən bə"zi tədqiqatçılar səhv edirlər. əksinə, amillər içərisində ən az tə"sirə malik olanı Kufə camaatının də"vətidir. Çünki əgər bu amil əsas olsaydı, Kufədəki şəraitin dəyişməsi xəbəri İmama çatan kimi hər şeydən əlini üzüb deyərdi: "İndi ki, hamı məndən üz çevirib Yezidə bey"ət etdi, mən də bey"ət edərəm". Amma hadisələr tamamilə buna əks surətdə cərəyan etmişdir. İmam Hüseynin (ə) ən atəşin xütbələri, ən tə"sirli və həyəcanlı nitqləri məhz Kufə camaatının üzüdönüklüyündən sonra söylənmişdir. Bunlar İmam Hüseynin (ə) "yaxşılığa çağırmaq, pislikdən çəkindirmək" amilinə necə böyük əhəmiyyət verdiyini və məhz bu amilin tə"siri altında pozğun hökumətə qarşı hücuma keçdiyini sübut edir.

Yol əsnasında İmamın gözü Kufə tərəfdən gələn iki nəfərə sataşdı, dayanıb onlarla söhbət etmək istədi. O iki nəfər İmam Hüseyni (ə) tanıyıb yollarını dəyişdilər. İmam da onların görüşmək istəmədiklərini başa düşüb öz yoluna davam etdi. İmamın silahdaşlarından biri iki şəxslə raslaşıb söhbətə başladı. Onlar Kufədəki qarışıq vəziyyəti, Müslim və Haninin şəhadətini həmin səhabəyə xəbər verib dedilər: "Vallah, biz İmam Hüseynə (ə) bu xəbəri çatdırmağa xəcalət çəkirik".

Həmin səhabə İmamın öz tərəfdarları ilə əyləşdiyi çadıra daxil olub dedi: "Bir xəbər eşitmişəm. İstəsəniz ya təklikdə, ya da elə indicə söyləyə bilərəm". İmam buyurdu: "Mən dostlarımdan heç nəyi gizlətmirəm, bizim bir-birimizdən gizli sözümüz yoxdur". İmamın səhabəsi belə söylədi: "Sizi görüb yolunu dəyişən o iki nəfər mənimlə söhbət edərkən dedilər ki, Kufə təslim olmuş, Müslim və Hani öldürülmüşlər". Bu sözləri eşitcək, İmamın gözləri yaşardı və ağlamağa başladı. Sonra Qur"anın bu ayəsini oxudu: "Mö"minlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi bu yolda şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar verdikləri sözü əsla dəyişməzlər". ("əhzab" surəsi, ayə 23)

Burada İmam hücumçu, qəzəbli və inqilabi bir sima olduğundan, düşüncə tərzi, yə"ni məntiqi bir müdafiəçi və yardımçının məntiqindən fərqlənir. Müdafiəçi şəxsin məntiqi - qorumaqdır. Lakin hücumçu şəxs təkcə özünü qorumaq barədə düşünmür, həm də bu yolda şəhid olsa belə, hücum etdiyi adamı aradan götürmək istəyir. "Yaxşılığa çağırıb, pislikdən çəkindirmək" amili Hüseynin (ə) məntiqini şəhid məntiqinə bərabərləşdirdi. Şəhid məntiqi isə başqa məntiqlərdən fərqlidir.

Şəhid məntiqi elə bir adama mənsubdur ki, mütləq müasirlərinə sifarişi çatdırmalıdır və həmin sifarişi öz qanından başqa heç nə ilə yaza bilmir. Dünyada çox adamlar söz demiş, tarixə sifariş göndərmişlər. Dünyanın müxtəlif guşələrində aparılan arxeoloji qazıntılar zamanı qədim padşahlar tərəfindən yazdırılmış daş kitabələrə tez-tez rast gəlinir. Adətən, həmin kitabələrdə yazılır ki, "mən filankəsin oğluyam, filan ərazini fəth etmişəm, filan qədər ömür sürmüşəm, filan qədər eyş-işrət etmişəm"... Bütün bunları daşın üzərində yazırdılar ki, pozulub məhv olmasın. Bununla belə, həmin sözlər elə daş üzərində də qalır. İnsanlar tədricən unudur, torpaqlar altında dəfn edir, min illər keçdikdən sonra yenidən üzə çıxarır və muzeydə yerləşdirirdilər.

İmam Hüseyn (ə) özünün tarixə ünvanladığı qanlı sifarişini havanın titrək səhifələri üzərində yazdı, amma bu sifariş qanlı olduğundan ürəklərə hopdu. Bu gün ərəb ya əcəm olmağından asılı olmayaraq, milyonlarla insan İmam Hüseynin (ə) bu sifarişini xatırlayıb yaşadır: "Mən şərəflə ölməyi - səadət, zalımlara tabe halda yaşamağı - bədbəxtlik sayıram". İnsan xəcalət içində, zalımlara tabe halda, yalnız yeyib-içmək və yatmaq xatirinə yaşayırsa - belə həyatdan ölüm dəfələrlə üstündür. Bax, budur şəhid məntiqi, şəhid fəlsəfəsi.

Hər il məhərrəm ayı gəldikdə İmam Hüseyn (ə) yaddaşlarda canlanır və sanki dilə gələrək bunları söyləyir: "Məl"un Yezid məni iki yoldan birini seçməyə məcbur edib: ya ölüm, ya da zillət. Amma zillət bizdən (Peyğəmbərin əhli-beytindən) uzaqdır. Allah zillətlə yaşamağı bizə, peyğəmbərlərə və mö"minlərə qadağan edib".

İmam Mədinədən çıxarkən zülmə qarşı hücumçu idi. Həmin gün qardaşı Məhəmməd ibn Hənəfiyyəyə ünvanlandığı vəsiyyətnamədə yazmışdı: "Mən şər işlər görmək, özümü göstərmək, fəsad və zülm törətmək üçün mübarizəyə qalxmadım. Mənim mübarizəmin məqsədi babam Məhəmmədin (s) ümmətini islah edib düzgün istiqamətə yönəltmək, insanları yaxşı əməllərə doğru dö"vət edib pis işlərdən çəkindirməkdir. Mən babam Məhəmmədin (s) və atam əli ibn əbu Talibin (ə) yolunu izləyirəm!"

İmam Hüseynin (ə) bə"zi hərəkətləri yalnız hücumçuluq və şəhidlik məntiqinə tabe idi, onları heç bir başqa məntiqlə izah etmək mümkün deyildir. Belə ki, əgər İmam yalnız müdafiə məntiqi üzrə hərəkət etsəydi, gərək aşura gecəsində bütün silahdaşlarını zorla özündən uzaqlaşdırıb evlərinə qaytarardı. Onlara orada qalmağa icazə verməyib deyərdi: "Həyatınız üçün təhlükə törəndiyindən sizin burada qalmağınız şəriətə görə yolverilməzdir!". Lakin belə etmədi. Çünki döyüşərkən bir inqilabçı şəxsin məntiqi hərəkatın böyüyüb genişlənməsini tələb edir. Elə buna görə də, dostları və ailəsi İmam Hüseynlə (ə) birlikdə qalmağa hazır olduqlarını bildirdikdə, İmam onlar üçün dua etdi və qalmalarına icazə verdi.

İmam Hüseyn (ə) aşura gecəsində Həbib ibn Məzahiri Bəni-Əsəd qəbiləsinə göndərmişdi ki, bəlkə onların arasından bir neçə nəfər imanlı adam tapıb gətirə bilsin. Məgər Həbib nə qədər tərəfdar toplaya bilərdi? Fərz edək ki, Həbib gedib yüz nəfər silahlı adam gətirəydi. Bu yüz nəfər 30 minlik qoşunun müqabilində nə edə bilərdi? Məgər bu, hadisələrin gedişinə tə"sir göstərə bilərdimi? Qətiyyən, yox! İmam Hüseyn (ə) istəyirdi ki, bu məntiqlə - yə"ni hücum, şəhadət və inqilab məntiqi ilə - hadisənin miqyasını genişləndirsin. İmamın öz ailəsini Kərbəlaya gətirməsi də həmin məqsədi daşıyırdı; axı onun tarixə ünvanlanmış qanlı sifarişinin bir hissəsini ailə üzvləri yaymalı idilər. İmam Hüseyn (ə) buna sə"y edirdi ki, hadisə daha qabarıq, daha kütləvi və daha tə"sirli xarakter alsın, tə"siri dünyada həmişəlik qalsın və unudulmasın.

İndi görək ki, yuxarıda sadalanmış üç amildən hansı biri aşura qiyamında daha əhəmiyyətli və dəyərli idi. əlbəttə, amillərin dəyəri eyni deyildir. Hər bir amil müəyyən dəyərə və hərənin öz dəyərinə müvafiq əhəmiyyəti vardır.

Bir çox mə"nəvi və maddi ne"mətlər insan üçün dəyər, iftixar və zinət hesab olunur. Məsələn, elm insanın zinətidir. Hətta bu cür ne"mətlərin nişanəsi olan zahiri əlamətlər də insanın qədr-qiymətini artırır.

Məsələn, ruhani libası geymək hər bir ruhani üçün fəxrdir. Universitet müəlliminin geyimi həmin müəllim üçün iftixardır. Qadın üçün isə bəzək əşyası zinətdir.

Mübarizə xarakterli hərəkatlarda bə"zən bir neçə amil birləşib onun dəyərini təşkil edir. Aşura qiyamının dəyəri hər üç amildə, xüsusilə üçüncü amildədir.

Lakin bə"zən əksinə də olur. Elə uca şəxsiyyətlər yetişir ki, dəyər onları qiymətləndirə bilmir, onlar dəyərə şan-şöhrət gətirirlər, başqa sözlə desək, dəyərə dəyər verirlər.

Məsələn, hər dindar alim öz ruhani geyimi ilə fəxr edir. Amma bə"zən bir alim elm və əməlində elə uca məqamlara nail olur ki, həm libas ona, həm də o, libasa iftixar bəxş edir.

Məsələn, əgər müasir ruhanilərdən: "əynindəki əba və başındakı əmmamə nədir?" - deyə soruşulsa, cavab verərlər: "Bütün İslam aləminin fəxri olan Əbu Əli ibn Sina da bizim geyindiyimiz bu libasdan geyinirdi". Deməli, İbn Sina artıq ruhani geyiminin fəxri olmuşdur. Şeyx Mürtəza, Xacə Nəsrəddin Tusi və bir çox başqaları həm ruhani libası geymək iftixarını qazanmış, həm də ruhani libasına iftixar gətirmişlər. Həmçinin, müəllimlik libası da onu geyinənlər üçün iftixardır. Amma bir müəllim elm, ixtisas və pedaqogika sahələrində elə yüksək səviyyəyə çata bilər ki, özü müəllim libası üçün iftixara çevrilər. Qadın üçün bəzək-düzək zinətdir. Amma elə qadın da ola bilər ki, zinət ona deyil, o zinətə yaraşıq verər.

Həzrət Əlinin (ə) sadiq səhabəsi Sə"səə ibn Suhan yaxşı bir söz söyləmişdir. Sə"səə gözəl nitq qabiliyyətinə malik idi. Məşhur ərəb ədibi Cahiz onun barəsində yazırdı: "Sə"səə qüdrətli natiq idi. Onun natiqliyinin ən gözəl dəlili budur ki, Əli ibn Əbu Talib (ə) bə"zən ona deyərdi: "Qalx və bizim üçün nitq söylə!""

Əli (ə) xəlifə seçildiyi gün Sə"səə bir neçə kəlmədən ibarət təbriklə ona xitab etdi: "Ya Əli (ə), xilafət səni zinətləndirmədi, sən xilafəti qəbul etməklə onu zinətləndirdin. Xilafət səni ucaltmadı, sən onu ucaltdın. Ya Əli (ə)! Xilafət sənə, sən ona möhtac olduğundan daha çox ehtiyaclıdır!"

"Yaxşılığa çağırıb pislikdən çəkindirmək" ünsürü İmam Hüseyn (ə) hərakatını dəyərləndirdi, lakin Hüseyn (ə) özü də bu ünsürə qədr-qiymət qazandırdı. Aşura qiyamını "yaxşılığa çağırıb pislikdən çəkindirmək" amili ucaltdı, amma Hüseyn (ə) də öz şəhadəti ilə bu amilin başına iftixar tacı qoydu.

Bə"zi insanlar yaxşı əməllərə çağırıb, pis əməllərdən çəkindirirlər; lakin nəinki onun dəyərini yüksəltmir, hətta dəyərdən salırlar. Məsələn, Səudiyyə ərəbistanında Kə"bəni, yaxud Peyğəmbərin (s) qəbrini məhəbbətlə öpmək istəyənləri qırmancla döyməyi "nəhy ənil-münkər" (pis işdən çəkindirmək) kimi başa düşürlər.

Hüseynin (ə) bütün əməlləri əvvəldən axıra kimi "yaxşılığa çağırıb pislikdən çəkindirmək" idi. O, İslam aləmində rast gəlinən həm yaxşı ən"ənələrə, həm də nöqsanlara diqqət yetirmişdi. Deyirdi: "İslam dünyasının əvvəlinci və ən böyük "münkər"i (pisliyi, xəbisliyi) Yeziddir. Rəhbər özü Qur"ana əməl etməli, ədaləti gözləməli və Allahın dininə tabe olmalıdır". İmam Hüseyn (ə) bu yolda bütün varidatından səmimiyyətlə əl çəkdi, "yaxşılığa çıxarıb pislikdən çəkindirmək" uğrunda canını qurban verməklə ölümü zinətləndirdi, ölümə şan-şöhrət gətirdi.

 

 


loading...