Bu gün fitrə zəkatı verilir – Sabaha qədər vaxt var…

Bu gün fitrə zəkatı verilir – Sabaha qədər vaxt var…

Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ) verdiyi fətvaya əsasən, Ramazan bayramı iyunun 15-nə  təsadüf edəcək. Həmçinin Ramazan ayı münasibəti ilə bayram namazı sabah  səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Müsəlman aləmi həmin gün eyni zamanda Ramazan ayının bitməsini bildirən Fitr bayramını qeyd edəcək. Müsəlmanlar həmin gün fitrə zəkatı çıxararaq, ehtiyacı olanlara yardım edirlər. Fitrə zəkatını kimlər və nə qədər ödəməlidir?
“Fitrə zəkatı  Ramazan bayramı namazına qədər çıxardılır”

İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Modern.az saytına deyib ki,  İslam şəriətinə görə, fitrə zəkatını çıxartmaq kişi və qadına, azad və qula, varlı və kasıba, sağlam və xəstəyə vacibdir:

“Həmçinin ana bətnində olan uşağın adından da çıxartmaq müstəhabdır, yəni bəyənilir. Fitrə zəkatın hikmətlərini bu cür açıqlamaq olar:

Rəsuli-Əkrəm orucluları lazımsız və çirkin sözlərdən paklaşdırmaq və yoxsullara yemək təmin etmək üçün fitrəni fərz buyurub.  Fitrə Allahın nemətinə şükr növüdür. Yəni, Allah ﷻ sənə oruc tutmağı nəsib edib və buna görə də Allaha şükr edirsən. Bədənin bir növ zəkatıdır. Zəkatı çıxartmaqla, Allaha şükr edirsən ki, səni bu günə kimi yaşadıb.  Kasıb və fəqirlərə köməkdir, onları sevindirər. Zəkatını vaxtında çıxardan savab qazanar.

Fitrə zəkatı Ramazan bayramı namazına qədər çıxardılır. Ondan sonra verilən zəkat adi sədəqə sayılır. Ona görə də, tez çıxartmağa tələsin. Rasulullahın  əshabələri bayram namazından qabaq bir, iki və bəziləri üç gün öncə çıxarardılar”.

“Duz, şəkər, çay, yağın fitrə zəkatı kimi çıxarılması xoş qarşılanmayıb”

E.Mahmudov qeyd edib ki,  bəzi alimlər  fitrə zəkatını bilərəkdən bayramdan sonraya saxlayıb çıxartmağın  qəbul olmadığını və haram olduğunu buyurublar:

“Fitrə zəkatının miqdarı adambaşına 3 kq ərzaq edir və bu miqdar əfzəl sayılır. Yəni, hər ailə üzvünə 3 kiloqram müəyyən növ ərzaq çıxarmaq lazımdır. Məsələn: ailədən bir nəfər 3 kiloqram düyü, digər ailə üzvü 3 kiloqram yenə düyü və ya noxud və ya başqa növ ərzaqdan çıxarda bilər.

Fitrə zəkatı kasıblara və fəqirlərə verilir. Şəriətə görə, fitrə zəkatı  buğda, arpa, quru xurma, kişmiş, eyni ölçüdə buğda unu kimi qida məhsullarından, hər birindən ortalama 3 kq verilə bildiyi kimi,  fitrə zəkatı digər növ ərzaqlardan da çıxarıla bilər. Hər ölkənin, şəhərin yemək adətinə görə və həmin məntəqədə yeyilən əsas ərzaqlardan verilə bilər. Ona görə də, bu məsələdə məmləkətdən məmləkətə, bəldədən bəldəyə fərq var. Azərbaycanda əsas ərzaqlardan hesab olunan

–         düyü (3 kq)

–         un (3 kq) və ya un məmulatları, makaron 3 kq, vermişel 3kq və sairə.

–         kişmiş (3 kq)

–         noxud (3 kq)

–         mərci (3 kq)

–         lobya (3 kq)

–         qarabaşaq (3 kq)

Və sairə ərzaqlardan 3 kq təxminən çıxardılır. Fitrə zəkatının duz, şəkər, çay, yağ və ona oxşar ərzaqlardan çıxarılması xoş qarşılanmayıb. Bu növ ərzaqları, ancaq zəkata əlavə olaraq vermək olar”.

“Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür”
İlahiyyatçı deyib ki, kasıb və fəqirin fitrə zəkatını verməyə imkanı yoxdursa, o, heç nə çıxartmaya bilər:

“Çünki onun özünə fitrə zəkatı verilməlidir. Lakin  fitrə zəkatı düşən kəsə, fitrə zəkatından kifayətdən artıq verilibsə, o zaman həmin artıqdan, başqa kasıb və fəqirlərə fitrə zəkatı çıxarılmalıdır.

Qeyd etdiyim  qida məhsulu yerinə qiymətləri, yəni nəğd pul da verilə bilər. Lakin yoxsullar bu məhsullara möhtac olduqları təqdirdə, fitrəni həmin növlərdən vermək daha əfzəldir. Qafqaz Müsəlmanları İdarəsi Qazılar  Şurasının  qənaətinə  görə, bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür”.


loading...