Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQIDK) ilə birgə "Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda 11 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Xəbərçi.az komitənin saytına istinadən bildirir ki, tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini - ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov iştirak edib.
Müəssisədə məhkumların mənəvi dəyərlərini həyata keçirmək üçün yaradılmış şəraitdən söz açan İntiqam Əliyev yeni inşa olunan məsciddən danışıb. Bildirib ki, yüksək keyfiyyət və memarlıq üslubunda ərsəyə gələn məscid heç də kənd və şəhərlərimizdəki ibadət ocaqlarından geri qalmır.
DQİDK-nın şöbə müdiri Nahid Məmmədov ölkəmizdə mövcud dini durum barədə məlumat verib. Tolerantlıq günün qeyd edildiyi ərəfədə Azərbaycanın özünəməxsus dəyərlərindən biri olan birgəyaşayış ənənəsinin dünya üçün örnək olmasından bəhs edib. Prezident İlham Əliyevin İslam Həmrəyliyi ideyası ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində danışıb.
İlahiyyatçı alim Aslan Həbibov məscid ədəbindən, məscidin müsəlman həyatındakı rolundan söz açıb. Bildirib ki, məscid müsəlman həmrəyliyinin və vəhdətinin əsas qalasıdır və orada fitnə yaratmaq, ayrı-seçkilik salmaq qəti qadağandır.
Daha sonra qonaqlar müəssisədə istifadəyə hazır məscidlə tanış olublar. 11 saylı müəssisənin rəisi qonaqlara bu barədə məlumat verib. Bildirilib ki, məsciddə yüksək səviyyədə tikinti işləri ilə yanaşı, dəstnamazxana, ayrıca mərasim yeri, mətbəx, kitabxana da inşa edilib. Eyni anda 250-dən çox məhkumun ibadət edə biləcəyi məsciddə istilik və soyutma sistemləri quraşdırılıb, akustika, milli-mənəvi dəyərlərimizin tərənnüm edildiyi dekorasiya işləri görülüb.