"Booking.com" yenidən Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişləri həyata keçirir

"Booking.com" yenidən Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişləri həyata keçirir

Hollandiya ərazisində qeydiyyatda olan Booking.com qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə başlayıb.

Xəbərçi.az məlumat verir ki, bunu trend-ə Booking.com vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişi ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan XİN və Mədəniyyət və Turizm Nazirliyinin ciddi etirazından sonra internet vasitəsilə mehmanxana sifarişlərini həyata keçirən booking.com Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz mehmanxana sifarişlərini dayandırmışdı: "Apardığımız araşdırmalar nəticəsində müəyyən olunub ki, Hollandiya ərazisində qeydiyyatda olan booking.com qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə başlayıb. Booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir".

XİN rəsmisi qeyd edib ki, bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmənin törədildiyi işğal olunmuş ərazilərin turizm məntəqəsi kimi təşviq edilməsi və mehmanxana rezervasiyasının həyata keçirilməsi hər hansı mənəvi çərçivələrə də sığmır:

"Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana reservasiyası və booking.com -un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması anlamına da gəlir. Təəssüf edirik ki, korporativ biznes etik qaydalarına zidd olaraq bu kimi davranış ilə şirkət özü haqqında qeyri-ciddi təəssürat yaradır və öz nüfuzuna xələl gətirir. Məsələ ilə əlaqədar XİN və MvTN tərəfindən əlaqələndirilmiş şəkildə müvafiq tədbirlər görülür. Hollandiyadakı Səfirliyimizə də təlimat göndərilib".


loading...