73 yaşlı mer işindən gedir - Hacıbala Abutalıbovun "kitabı bağlandı"

73 yaşlı mer işindən gedir - Hacıbala Abutalıbovun "kitabı bağlandı"

Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun  tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Gələn ilin yanvarında  icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.  

Xəbərçi.az məlumat verir ki, “Yeni Müsavat”ın yazdığına görə, 73 yaşlı BŞİH rəhbərinin səhhətində ciddi problemlər olması barədə xəbərdə bəlkə də qeyri-adi heç nə yoxdur, o səbəbdən ki, o da xəstələnə bilər. Amma bu “iflic” xəbərinin yaxın vaxtlarda iqtidarda ciddi kadr dəyişikliklərinin gözləndiyi vaxta təsadüf etməsi diqqəti yenidən Abutalıbovun gizəmli personasına yönəldir.

 

Sirr deyil ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin “iflici” prosesi gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Məlumdur ki, Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri  “budandıqca” onun  hakimiyyətin rəsmi media orqanlarında  tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə  rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 2001-ci ildən paytaxt təsərrüfatına rəhbərlik edən H.Abutalıbovdan narazılıq təbii ki, çoxdur. Bu, narazılıq təkcə Bakı sakinlərinin davranışlarında deyil, hakimiyyətin ən yüksək eşelonunda da nəzərə çarpmaqdadır. Abutalıbov özü də bu durumdan məmnun deyil, indi o, aylarla gözə dəymir, yalnız ara-sıra dövlət tədbirlərində  görünür. Reklamı və publikanı sevən Abutalıbova indi bunun üçün şərait də yoxdur…  

Qəzet yazır ki, BŞİH postu, məlum, siyasi hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir, baxmayaraq ki, əsasən təsərrüfat işləri ilə məşğuldur. Bakı meri olmaq istəyənlər çoxdur və bu posta indiyədək onlarla məmurun adı hallanıb. İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının  onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar.  Ancaq reallıq budur ki, Abutalıbov artıq Bakını əvvəlki kimi idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər.   Qeyd edək ki, iddialara görə, ilin sonunda həm Bakının və bir neçə rayonun, eləcə də əyalət icra başçılarının bəziləri dəyişdiriləcək. Prezident Administrasiyasında aparılan islahatlar, Nazirlər Kabinetində bir neçə şöbənin ixtisar olunması, bəzi şöbə müdirlərinin yaş həddinə görə işdən çıxarılmasından sonra sıra yerli icra hakimiyyətlərinə çatıb. Məlumatlara görə, Yeni ilin ilk yanvar müşavirəsinədək təkcə icra başçıları deyil, hətta bir neçə nazir və komitə sədri də dəyişdiriləcək.

 


loading...