"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub, işğal hələ də davam edir".
Xəbərçi.az-ın apa-ya istinadən məlumatına görə, bunu noyabrın 14-də Parisdə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda çıxışında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
M. Əliyeva bildirib ki, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır", - deyə birinci vitse-prezident vurğulayıb.