Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım Birliyinin Baş direktoru Noel Kerrana məktub ünvanlayıb.
Bu barədə Xəbərçi.az-a şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktubda qeyd edilib ki, Ermənistan təmsilçisi Mişa Qriqoryanın Gürcüstanda keçiriləcək "Uşaq Avrovizya-2017" mahnı müsabiqəsində siyasi təxribata yol verəcəyi haqqında əldə olunan məlumatlar torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycanda böyük narahatlıq doğurub. İctimai Televiziya və Radio Yayımları Şirkəti bəyan edir ki, Mişa Qriqoryanın Xankəndi əsilli olmasını bəhanə edərək, qondarma "DQR"ə məxsus bayrağı nümayiş etdirməsi və "Artsaxın səsi" adı altında musiqi qrupunun üzvü olduğunu vurğulaması yolverilməzdir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti inanmaq istəyir ki, siyasi oyunlardan uzaq olduğunu dəfələrlə və israrla bəyan edən Avropa Yayım Birliyi bu həssas məsələdə Azərbaycanın mövqeyini anlayışla qarşılayacaq, siyasi təxribatın qarşısını qətiyyətlə alacaq, bütün Avropanın nəzərlərinin dikildiyi səhnədə uşaqların separatizmin qurbanına və siyasi oyunbazların alətinə çevrilməsinə imkan verməyəcək: "Hesab edirik ki, "Uşaq Avrovizya-2017" mahnı müsabiqəsi musiqi meydanıdır və bu möhtəşəm tədbir bütün dünyadakı uşaqlara sevinc gətirməli, xoş anlar bəxş etməlidir".