Azərbaycan yazıçısı Varis (Varis Yolçuyev) beynəlxalq statuslu yüksək vəzifəyə - Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsinə təyin olunub.
XƏBƏRÇİ.AZ xəbər verir ki, yazıçının kulis.aza verdiyi xəbərə görə, bu mötəbər qurumda həmsədrlik missiyasını o, Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrlə birgə icra etməyə başlayacaq ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.
Həmsədrlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır.
Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı İctimai İnteqrasiya Modelinin formalaşdırılmasını təmin etmək hesab edilən Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə daha çox önəm verilməsinə xidmət edir.
Yazıçı Varis təyinatla bağlı verdiyi açıqlada belə yüksək beynəlxalq tribuna əldə etməyindən böyük qürur duyduğunu, fürsətdən istifadə edib Azərbaycana, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.