Bakı merinin təyinatı niyə yubanır?

Bakı merinin təyinatı niyə yubanır?

21 apreldə yeni hökumətin təsdiq olunmasından sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu hələ də boş qalır. Baş nazir müavini təyin olunan Hacıbala Abutalıbovu kimin əvəzləyəcəyi məlum deyil. Bu istiqamətdə səslənən mövqelər də tamam  fərqlidir.  

BŞİH rəhbəri postunun  boş qalması bir məsələni yenidən aktuallaşdırıb. Bakı meri uğrunda seçkilərin keçirilməməsi bir daha gündəmə gəlib. Təsadüfi deyil ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mer seçkiləri yoxdur. Bu səbəbdən paytaxta icra başçısı təyinatının yubandığı ehtimal edilir. Hətta Azərbaycanın mer seçkilərinə hazırlaşdığı barədə iddialar səslənməyə başlayıb. BŞİH rəhbəri postunun hələ bir müddət də boş qalacağı qeyd olunur.  

Səslənən iddialar qanunvericiliyin mer seçkilərinə icazə verib-vermədiyi məsələsini də gündəmə gətirib. Bütün hallarda Azərbaycanda da mer seçkilərinin  olmasının vacibliyi vurğulanır.  

Ali Məhkəmənin keçmiş rəhbəri, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli qanunvericiliyin mer seçkilərinə icazə vermədiyini bildirib: "Hər bir dövlətin özünün daxili quruluşu var. Əgər Azərbaycanda mer seçkiləri olarsa, buna çox sevinərəm. Bunu gizlətməyib, açıq şəkildə deyirəm. Çünki dünyanın əksər yerində şəhər rəhbərləri seçki yolu ilə müəyyənləşir. Təkcə paytaxtları demirəm. Onlar xalqdan mandat alıb, bunun əsasında fəaliyyət göstərirlər. Biz də şəhər rəhbərlərinin seçki yolu ilə müəyyən edilməsi barədə qanun yoxdur. Əgər ayrıca bir qanunvericilik bazası formalaşdırılarsa, mer seçkiləri orada nəzərdə tutularsa, seçkiləri keçirmək olar. Amma indiki vaxtda qanunvericilik mer seçkilərini keçirməyə imkan vermir. Paytaxta rəhbərlik edən şəxsin digər yerlərin icra başçılarından heç bir fərqi yoxdur. Bunların hamısı prezident tərəfindən təyin olunan vəzifələrdir. Bu baxımdan Azərbaycanda mer seçkilərinin olması mümkünsüzdür. Yalnız müvafiq qanunların qəbulundan sonra bu mümkün ola bilər. Arzu edirəm ki, mütərəqqi dünyada olduğu kimi, bizdə də mer seçkiləri olsun. Bunun özünün özəlliyi, əhəmiyyəti var. Açığı, düşünmürəm ki, Azərbaycanda mer seçkilərinin hakimiyyət üçün hər hansı bir təhlükə olması baxımından bu seçkilər keçirilmir. Sadəcə, qanunvericilik bazası yoxdur. Gürcüstan və Ermənistanda bütün şəhərlərin merlərini seçirlər. Azərbaycanda Bakı xüsusi şəhər olduğundan əlahiddə ayrıca qanun qəbul oluna bilər ki, yalnız paytaxtda mer seçkiləri keçirilsin. Əgər belə bir qanun olmazsa, o zaman gərək Sumqayıt, Gəncə kimi şəhər və rayonlarımızda da mer seçkiləri olsun. İrəvan və Tiflisdə icra başçısı təyinatla olsaydı belə biz yenə də bu keçidi etməliydik. Düşünürəm ki, bunun artıq vaxtı çatıb. Bakının fövqəladə əhəmiyyəti olduqca yüksəkdir. Azərbaycanın ümumdaxili məhsulunun 80%-ə qədəri Bakıda formalaşır. Başqa şəhərlərin icra başçılarının seçkilər yolu ilə müəyyən edilməsi barədə qanun qəbul edilmirsə, heç olmasa Bakı üçün edilsin. Təsəvvür edin ki, dünyada merlərin konfransı keçirilir, Bakının icra başçısı oraya dəvət olunmur. Digər tərəfdən dünyanın bir şəhərinin meri Bakının meri ilə danışmaq istəyir, amma bu mümkün olmur. Çünki paytaxtımızın meri yoxdur. Bu bizim beynəlxalq münasibətlərimizə də zərər gətirir. Demokratik imicimizə də təsir edir. Yəqin ki, cənab prezident bunlar barədə düşünəcək. Sizin qəzeti ali rəhbərlik də oxuyur, çünki çox hörmətli bir mətbuat orqanısınız. Bu baxımdan belə yazılardan nəticə çıxarılacağına ümid edirəm. Hər zaman bu məsələni gündəmə gətirmək çox vacibdir. Hakimiyyət üçün mer seçkilərinin bir təhlükəsi yoxdur və bunun  üçün də artıq bu seçkiləri keçirməyin zamanıdır”.  

Hüquqşünas Əliməmməd Nuriyev bunları deyib: "Bakı ölkənin paytaxt şəhəridir və onun statusu xüsusi qanunla tənzimlənməlidir. Mən belə düşünürəm. Amma hazırkı qanunvericilikdə şəhərin icra başçısı vəzifəsinə təyinat nəzərdə tutur. Konstitusiyada qeyd olunur ki, icra hakimiyyətlərinin başçıları prezident tərəfindən təyin olunur. Qanunvericilikdə mer seçkiləri hələ ki yoxdur. Ona görə də Bakı şəhərinin icra başçısının seçki yolu ilə müəyyən edilməsi mümkün deyil. Gələcəkdə də ola bilsin ki, paytaxtın statusu ilə bağlı xüsusi qanun nəzərdə tutulsun və orada da şəhərin icra başçısının seçki yolu ilə müəyyənləşməsi qeyd olunsun. Hazırda Bakının icra başçısı vəzifəsi boşdur. Yalnız mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, cənab prezident tərəfindən təyinat olacaq. Təyinatın bu məsələ ilə bağlı ləngidiyini söyləmək doğru olmazdı. Hal-hazırda Bakı Şəhər İcra Hakimiyyəti fəaliyyət göstərir, öz funksiyalarını yerinə yetirir. Nə vaxt bu vəzifəyə təyinatın olacağı cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Güman edirəm ki, tezliklə bu təyinat baş tutacaq. Çünki müvafiq vəzifələrə təyinatlar hələ ki başa çatmayıb. Yəqin ki, cənab prezident kimin ora icra başçısı təyin olunması məsələsini ölçüb-biçir. Unutmaq olmaz ki, bu sıradan bir vəzifə deyil. 2.5 milyon insan bu şəhərdə yaşayır, nəzərə alsaq ki, müvəqqəti yaşayanlar, gələnlər var, haradasa 5 milyona yaxın insan yaşayır. Oraya işgüzar, bacarıqlı, şəhərin iqtisadi, siyasi, mədəni əhəmiyyətini yüksək səviyyədə başa düşən bir insan icra başçısı təyin olunacaq. Amma bunun seçki yolu ilə olmasını hazırkı qanunvericilik tanımır. Bizdə Böyük Şəhər Bələdiyyəsi deyilən anlayış da yoxdur. Rayon, şəhərlər üzrə bələdiyyə seçkiləri keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti icra hakimiyyəti sistemində yeri olan bir vəzifədir, təsisatdır”.


loading...