"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının əsas səbəbi..." - Artur Rasi-zadə

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının əsas səbəbi..." - Artur Rasi-zadə

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının əsas səbəbi Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyidir.  

Xəbərçi.az məlumat verir ki, bunu Baş nazir Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib.   O qeyd edib: "Dərin təəssüf hissi ilə qeyd etməliyəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi bir dönüşə nail olunmayıb".  

A.Rasi-zadə bildirib ki, bunun əsas səbəbi Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, problemin həllini hər cəhdlə uzatmağa çalışmasıdır.  

Baş nazir vurğulayıb ki, dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik nəzarətdə saxlayır, bütün beynəlxalq tədbirlərdə və görüşlərdə problemin hüquqi müstəvidə və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir:

"Münaqişənin həllinin sülh danışıqları ilə yanaşı, hərb variantının mümkünlüyünü də nəzərə alaraq Ali Baş Komandanın rəhbərliyi ilə biz hərbi gücümüzü durmadan artırır, ordunun maddi-texniki bazasını möhkəmləndirir, müasir silah və sursatla təminatına xüsusi diqqət yetiririk".  

A.Rasi-zadə qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərində erməni təxribatının qarşısının qəhrəmanlıqla alınması ordunun hərbi hazırlığının ildən-ilə artdığını bir daha əyani nümayiş etdirdi:

"Bu illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən müdafiə sənayesi kompleksi yaradılıb və müdafiə sənayesinə ayrılan vəsaitin məbləği 13.5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub.Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir".


loading...