Seçkidən sonra Təhsil Nazirliyi ləğv olunacaq - İDDİA

 Seçkidən sonra Təhsil Nazirliyi ləğv olunacaq - İDDİA

Azərbaycanda 3 aya yaxındır ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Onun yerinə isə hələ də təyinat olmayıb.

"Xəbərçi.az"  xəbər verir ki, Ötən 3 ay ərzində mətbuatda təhsil naziri postuna namizəd kimi fərqli-fərqli şəxslərin adı çəkilib. Onlar arasında hazırkı müavin və nazirliyi idarə edən şəxs Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Bakı Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun adlarını qeyd edə bilərik. Bu şəxslərin adları çəkilsə də, özləri konkret olaraq məsələ ilə bağlı açıqlama verməyiblər. Yalnız Abel Məhərrəmovun adı mətbuatda təhsil naziri postuna namizəd kimi hallanan zaman Bakı Dövlət Universitetinin mətbuat xidməti məlumat yayaraq, iddiaların yalan olduğunu bildirdi.

Qarşıdan prezident seçkisi gəlir. Bu baxımdan hesab olunur ki, təhsil naziri postuna təyinat, seçkidən sonra yəni aprel ayının sonlarına doğru baş tuta bilər. Nazirliyin bu qədər başsız qalamasının ölkənin təhsil sisteminə hər hansı bir təsirləri varmı?

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu halın təhsil sisteminə təsiri var:

“Posta təyinatın olmaması birinci bu sualı ortaya çıxarır ki, ötən illər ərzində Azərbaycan təhsili özünü idarə edə biləcək kadrı yetişdirməyibmi? Nəzərə alaq ki, Azərbaycanda 54 universitet, 4500 məktəb,170 minə yaxın müəllim kontingenti var. Bütün bunları düşünəndə kifayət qədər böyük auditoriyanın başsız qaldığını görürük. Prezident cənab İlham Əliyevin sərəncamı ilə nazirlər, komitə rəhbərləri regionlarda görüşlər keçirirlər. Ancaq artıq 3 aya yaxındır ki, Təhsil Nazirliyi regionlarda bu görüşü həyata keçirmir və vətəndaşların regionlardakı şikayətləri dinlənilmir. Vətəndaşları qəbul edən nazir müavini də nazir postunu yerinə yetirir və nəticə olaraq onun öz postu da boş qalıb. Bundan başqa da Təhsil Nazirliyində bir çox şəxslər artıq Vergilər Nazirliyinə getdiyi üçün onların da yeri boşdur. Yəni təkcə nazir deyil, nazirlikdə bir sıra vəzifələr idarəçilik baxımından yerində deyil. Düşünürəm ki, bu hal həm dövlətlərarası bir neçə layihələrin həyata keçirilməsini ləngidir, həm də Azərbaycanda hansısa layihəni həyata keçirən xaricilərdə inamsızlıq yaranır. Düşünürəm ki, seçkilərdən sonra Təhsil Nazirliyi ləğv olunacaq və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacaq. Bir neçə qurum da bunun tabeliyində birləşəcək. Məncə, təyinatın gecikməsinə də səbəb elə budur. İnsanların təhsilə olan inamı yox idi. Düşünürəm ki, boşluğun aradan qaldırılması üçün zaman lazım olacaq. Çünki yeni gələn şəxs təhsili öyrənəcək, təyinatlar həyata keçirəcək ki, bu da zaman alacaq”.

Digər təhsil eksperti Etibar Əliyev isə bildirib ki, təhsil nazirinin təyinatı prezident seçkisindən sonraya qaldı:

“Təhsil Nazirliyində hələlik işlər qaydasında gedir. Ancaq təhsil sistemi elə bil ki, az tənqid olunur. Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra tənqidlər səngiyib. Nə baş verdi, 3 aya təhsilin problemləri həll olundu? Deyəsən, Mikayıl müəllimə qarşı tənqidlər idarə olunurdu. Hər halda, bu indi açıq şəkildə görünür. Bilirsiniz, cəmiyyətdə təhsil hansısa xoşagəlməz hallar baş verəndə insanların yadına düşməməlidir. Hadisə baş verməyəndə elə bil ki, hər şey öz məcrasında davam edir. Halbuki insanlar təhsillə yaşamalıdırlar. İndiki dövr daha çox nüfuzlu, ağıllı, qətiyyətli, dünyada gedən təhsil proseslərini anlamaq gücündə olan şəxsin nazir təyin olunmasını tələb edir. Bizim üstünlüyümüz ondadır ki, prezident İlham Əliyev təhsili mükəmməl bilən şəxsdir. Bu bizə onu söyləməyə əsas verir ki, sadaladığım keyfiyyətləri özündə birləşdirən şəxsin təyinatını arzu edə bilərik. Açığını deyim ki, Cabbarov təhsilin bütün pillələrində, xüsusilə orta və peşə təhsili pillələrində inqilabi islahatlara imza atdı. Yalançı professora və təhsil ”bilicilərinin" təkamül nəzəriyyələrini alt-üst etdi... Bu islahatların davamı olmaldır. Mən təhsil nazirinin olmadığı bu kiçik vaxt kəsimini itirilmiş vaxt hesab etmirəm. Geriləmə hiss olunmur. Qısa vaxtda nəyinsə inkişafından danışmaq da yersiz çıxar. O ki qaldı yeni qurumun yaradılması məsələsinə, bu yaxın gələcəkdə mümkün olmayacaq. Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılsa belə, Azərbaycan Milli Elmlər Akademiyası müstəqil qurum kimi qalacaq. AMEA ölkənin elm siyasətini həyata keçirən və dövlətə gərəkli bir qumdur. İdman və Gənclər Nazirliyinin Təhsil Nazirliyinə birləşdirilməsi də absurddur. Əgər Təhsil və Elm Nazirliyi yaradılacaqsa, burda məqsəd ali məktəblərdəki elmi fəaliyyəti təhsillə çulğalaşdırmaqdan ibarət olacaq". 


loading...