Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” poliqonunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün yararsız 1,6 ton ət məhv edilib.
AQTA-dan Xeberci.az-a verilən məlumata görə, bir müddət öncə Agentliyin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Rzaxanov Rasim Ehtiqat oğluna məxsus qanunsuz heyvan kəsimi və emalı müəssisəsində, eyni zamanda, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Tac ət” MMC-də monitorinq keçirilib.
Monitorinq zamanı kəskin qoxulu, mənşəyi məlum olmayan heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlaka yararsız olduğu aşkarlanıb. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib.