Malayziya polisi bədəni pişik görünüşlü, başı isə insana bənzəyən bir varlığın olduğuna dair internetdə gəzən xəbərlə heyrətə düşüb. Xəbərçi.az xarici mətbuata istinadən bildirir ki, qorxulu canlının video görüntüləri və fotoşəkilləri internetdə yayılır, amma rəsmilər bunun axmaq bir zarafatdan ibarət olduğunu irəli sürürlər.
Kiçik, təxminən əl boyda olan canlının solğun rəngi və insan başına bənzəyən başında bir neçə tel qara saçı da var. Bundan başqa insana hər hansı bir oxşarlığı yoxdur. Fotolardan da göründüyü kimi əcaib canlının köpək dişləri, qollarında və ayaqlarında da iti caynaqları var.
Fotoşəkillərin qərbi Malayziyada yerləşən Pahang bölgəsində çəkildiyi güman edilir. Bölgənin polis məmuru Datuk Rosli Əbd Rəhman bu canlının varlığı ilə bağlı internetdə dolaşan xəbərlərin doğru olmadığını bildirib.