"Azərbaycandakı təkanların İranda baş verən zəlzələ ilə əlaqəsi yoxdur" - Qurban Yetirmişli

"Azərbaycandakı təkanların İranda baş verən zəlzələ ilə əlaqəsi yoxdur" - Qurban Yetirmişli

Azərbaycanda - Ağdam və Bərdə rayonlarında zəlzələnin baş verməsini İranda baş verən zəlzələdən sonra bölgədə seysmolji durumun aktivləşməsi ilə izah etmək olmaz.

Xəbərçi.az məlumat verir ki, bunu trend-ə AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən zəlzələnin İranda baş vermiş zəlzələ ilə heç bir əlaqəsi yoxdur: "İranda baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyatmayıb".

Q.Yetirmişli qeyd edib ki, bu ilin əvvəlindən Azərbaycanda 4000-dən çox təkan qeydə alınıb: "Zəlzələlərin 20-dən çoxu hiss edilən olub. Onların arasında 3-4 bal gücündə, eləcə də 5 bal gücündə olanlar da olub".

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb.

 


loading...