Bu gün İrəvanda parlament binasının önündə hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis arasında toqquşma baş verib.
Xəbərçi.az news.am-a istinadən xəbər verir ki, etiraz edən tələbələr Ermənistan parlamentinin binası istiqamətindəki Dəmirçiyan küçəsini bağlayıb. Daha sonra onlar parlament binasının Baqramyan prospekti tərəfdən olan girişini tutublar.
Polis Baqramyan küçəsində nəzarəti gücləndirib. İrəvan polis rəisinin müavini, polkovnik Valeri Osipyan tələbələrə prospekti azad etməklə bağlı xəbərdarlıq edib.
“Əks təqdirdə biz müdaxilə etməyə məcbur olacağıq. Biz sizi anlayırıq, lakin siz sui-istifadə edirsiniz. Sizə 5 dəqiqə verirəm ki, ərazini boşaldın. Sizin hərəkətləriniz toqquşmaya aparır. Siz Dəmirçiyan küçəsini uzun müddət bağladınız. İndi isə xüsusi əhəmiyyətə malik olan Baqramyan prospektinə keçdiniz. Ərazini tərk etməyi tələb edirəm”, - deyə Osipyan xəbərdarlıq edib.
Daha sonra polis qüvvələri etirazçılara güc tətbiq etməklə prospekti azad etməyə cəhd ediblər. Lakin buna nail olmayıblar. Hazırda Ermənistan Prezident Administrasiyasının yerləşdiyi Baqramyan prospekti etirazçı tələbələr tərəfindən tutulub.
Qeyd edək ki, tələbələr hərbi xidmətlə bağlı möhlət hüququnun ləğv edilməsindən sonra mütəmadi olaraq etiraz aksiyası keçirir.