Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Xəbərçi.az publika.az-a istinadən məlumat verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Zəka Mirağayevə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilib. O, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinib.
Zəka Mirağayev aylıq əməkhaqqısının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına cəlb edilib.
Xatırladaq ki, Nigar İsmayılzadə Zəka Mirağayevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyib.
Xüsusi ittihamçı saytların birində yer almış yazıdakı “Nigar İsmayılzadə İlahiyyat fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.
Xatırladaq ki, Yasamal rayon Məhkəməsində araşdırma aparılan zaman Zəka Mirağayev ölkəni tərk edib. Bu ilin iyulun 10-da keçirilən prosesdə onun barəsində axtarış elan edilib və bu səbəbdən proses qeyri-müəyyən vaxtadək saxlanılıb.
Noyabrın əvvəlində Zəka Mirağayev Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib.