Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib.
Xəbərçi.az-ın apa-ya istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları “Rosqvardiya”nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər.
Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.
Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk avtosalon əməkdaşlarının avtomobil satışı zamanı dələduzluğa yol verdiklərini, internetdə yeni avtomobillərin ucuz qiymətə satışı ilə bağlı elan yerləşdirdiklərini bildirib: "Onlar müştəri ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra sənədləri saxtalaşdıraraq əvvəlcədən qeyd olunan qiyməti daha yüksək göstəriblər. Sonra isə müştərilərə saxtalaşdırılan sənəddə qeyd olunan qiyməti ödəməyi, ya da işlənmiş avtomobil götürməyi təklif ediblər. Belə olan halda müştərilər nəqliyyat vasitəsini əlverişsiz şərtlərlə əlavə 250 min rubl ödəməklə, baha qiymətə almağa məcbur olublar. Vətəndaşlara dəyən zərərin ümumi məbləği 50 milyon rubldan çoxdur".
Rusiya DİN nümayəndəsi avtosalonlarda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin sayını açıqlamayıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar barəsində məhkəmə artıq həbs-qətimkan tədbiri seçib.
Apa-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Rusiya DİN-in əməliyyat keçirdiyi avtosalonların üçü də azərbaycanlılara məxsusdur. Saxlanılanlar arasında azərbaycanlılar da var. Məlumata görə, saxlanılanların əksəriyyəti avtosalon əməkdaşlarıdır. Avtosalonun sahibləri isə qaçaraq gizləniblər.