Beyləqan rayonunda qətl törətməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1990-cı il təvəllüdlü Sədi Kərimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeberci.az Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, ittiham aktında qeyd edilib ki, Sədi Kərimov 24 noyabr 2016-cı il tarixdə, saat 13 radələrində 2009-cu ildən etibarən bir neçə dəfə görüşüb və cinsi əlaqədə olduğu Lətifə Səmədovanın yaşadığı Beyləqan rayonu, Mil qəsəbəsindəki evinə gəlib.
10 manata cinsi əlaqə...
O, həmin vaxt Lətifənin evində olan bacısı Ləman ilə pul müqabilində cinsi əlaqədə olmaq istədiyini bildirib. Bu zaman Lətifəyə 10 manat verərək, cinsi münasibətdə olmaq üçün Ləman ilə birlikdə otaqlardan birinə keçib.
Onlar soyunduqdan sonra Sədi Ləmana müəyyən qeyri-etik hərəkətlər etməsini təklif edib.
Əxlaqsız təklifi narazılıq yaratdı
Lakin Ləman onun bu sözlərindən əsəbiləşib və otağı tərk edib, digər otaqda olan bacısı Lətifəyə həmin təkliflə əlaqədar narazılığını bildirib.
Lətifə Sədidən hansı səbəbdən bacısına belə təkliflər etdiyini soruşub, ona iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb.
Pula görə bıçağa əl atdı
Mübahisə zamanı Lətifə Sədini evdən həyətə çıxarıb, darvazanın qarşısına ötürərək getməsini tələb edib. Bu zaman Sədi qadından verdiyi 10 manatı qaytarmasını tələb edib.
Lətifə isə ona bacısı Ləman ilə otaqda xeyli vaxt keçirdiyi səbəbindən pulu qaytarmaqdan imtina edib və Sədidən həyəti tərk etməsini istəyib. Lətifənin bu hərəkətlərindən qəzəblənən Sədi onu qəsdən həyatı üçün təhlükəli olan zərər vurmaq qərarına gəlib.
Bu niyyətlə Sədi Lətifənin saçından tutub, onun qarın nahiyəsinə bir dəfə zərbə vurub.
Xəstəxanaya çatdırılsa da...
Lətifə Beyləqan rayon Mərkəzi Xəstəxanasına vaxtında çatdırılıb və intensiv tibbi yardımların göstərilməsinə baxmayaraq, dekabrın 1-də aldığı xəsarətlərdən xəstəxanada ölüb.
İstintaq orqanı tərəfindən Sədi Kərimovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
"Kafedə və evində cinsi əlaqədə olmuşam”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sədi Kərimov ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O deyib ki, mərhum Lətifə ilə 2009-cu ildə 1-ci Şahsevən kəndi ərazisində yerləşən "Qoca” kafesində tanıyıb: "Kafedə işləyən Lətifə ilə həm orada, həm də Mil qəsəbəsindəki evində dəfələrlə öz razılığı ilə cinsi əlaqədə olmuşam. Axırıncı dəfə Lətifə ilə yaşadığı evdə onun bıçaqla vurulmasından təxminən bir il altı ay əvvəl görüşdük, cinsi əlaqədə olduq. Onu tanıdığım müddətdə aramızda narazılıq, mübahisə və dava-dalaş olmayıb”.
Zərərçəkmiş Lətifə Səmədova bıçaqlandığı günün səhəri xəstəxanada müstəntiqə hadisə ilə bağlı izahat verib. Lətifə vəfat etdiyi üçün onun həmin izahatı cinayət işinə əlavə edilib.
"Əvvəl tanımadım, o isə mənə10 manat verib dedi ki...”
Lətifə Səmədova izahatında göstərib ki, 2016-cı ilin noyabrın 24-də, saat 13 radələrindən bir qədər keçmiş kiminsə onu çağırmasını eşidib və həyətə çıxıb:
"Həmin şəxs sarışın, 25-30 yaşlarında bir oğlan idi. O, mənə dedi ki, 1 günlük qalmaq üçün ev lazımdır. Mən isə dedim ki, kirayə ev vermirəm. O dedi ki, məni tanımadın, biz tanışıq. Mən dedim ki, tanımadım. O, papağını çıxardı, soruşdu ki, indi də tanımadın? Mən yenə tanımadığımı dedim. Sonra o, cibindən 10 manat çıxardı, mənə verdi ki, cinsi əlaqədə olaq”.
"Ləmanı görəndə, ona tamah saldı”
Lətifə Səmədovanın qeydlərinə görə, həmin oğlanla cinsi əlaqədə olmağa razılaşıb və ondan pulu alıb:
"Biz otağa keçəndə bacım Ləmanı gördü, onunla cinsi əlaqədə olmaq istədi. Ləman sərxoş olduğuna görə mən razılaşmadım və onun pulunu qaytardım. Həmin oğlan mənə dedi ki, gedib, kartımda olan pulu bankomatdan çıxararaq gələcəm və sənə artıq pul verəcəm, bacınla cinsi əlaqədə olum. Həmin oğlan bu sözləri dedi, qaytardığım pulun 5 manatını pəncərənin qarşısına qoydu, sonra getdi”.
"Bacına görə 15 manat verirəm ki...”
Lətifə Səmədovanın izahatına görə, aradan təxminən 15 dəqiqə keçdikdən sonra həmin oğlan yenidən onların həyətinə gəlib:
"Mən həmin şəxsi birinci dəfə bizə gəlib-getdikdən sonra evimin həyət darvazasını içəridən bağlamışdım. Mən həmin oğlanın evə daxil olmasını gördüm. Ona dedim ki, evin həyətinə necə keçdin. Həmin oğlan mənə dedi ki, evin giriş darvazasını döydüm, qapını açan olmadı, ona görə də hasarın üstündən həyətə daxil oldum. Həmin oğlan həmin vaxt mənə dedi ki, kartımda 52 manat pul var idi, həmin pulu bankomatdan çıxartdım, bir hissəsini borcuma verdim, bir hissəsini, yəni 5 manatını taksiyə verdim, 2 manatına özümə siqaret almışam. Qalan 15 manatını isə sənə verirəm ki, bacınla cinsi əlaqədə olum. Mən də razılaşdım”.
"Dedim ki, Ləman ilə 10 dəqiqə bir yerdə olmusan”
Lətifə Səmədova qeyd edib ki, Ləman ilə həmin oğlanın arasında otaqda mübahisə yaranıb:
"Mən həmin oğlana dedim ki, paltarını geyin, burdan get. Həmin oğlan mənə dedi ki, onda verdiyim 15 manatı qaytar. Mən isə ona dedim ki, Ləmanla 10 dəqiqə bir yerdə olmusan, pulu qaytara bilmərəm.
Bundan sonra mən həmin oğlanla evin həyətinə çıxdım. Pulu ona qaytarmadığıma görə aramızda mübahisə baş verdi. O, bir əli ilə saçımdan tutub, başımı aşağı əydi və digər əli ilə əynindəki gödəkçənin döş cibindən bıçağı götürdü, bir dəfə qarın nahiyəmdən vurdu”.
"Əvvəllər münasibətim olmayıb”
Lətifə Səmədova əlavə edib ki, həmin oğlanı ilk dəfə noyabrın 24-də onlara gələndə görüb:
"Əvvəllər həmin oğlanı görməmişəm, tanımamışam, onunla heç bir münasibətim olmayıb”.
Digər zərərçəkmiş Ləman ifadəsində göstərib ki, hadisə baş verən günü onların evinə gələn Füzuli rayonunun Kürdmahmudlu kənd sakini Sədi Kərimov olub.
Hökm oxundu...
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Kərimov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sədi Kərimov apelyasiya şikayəti verib.
Sədi Kərimov bu qətl hadisəsini törətmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sədi Kərimovun cəzası 11 ilə qədər yüngülləşdirilib.
Kasasiya şikayəti təmin olundu
Bu qərardan narazı qalan Sədi Kərimov yenə də kasasiya şikayəti verib. O, kasasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə yenidən apelyasiya instansiyasında bəraətverici əsaslarla baxılmasını istəyib.
Ali Məhkəmədə onun kasasiya şikayəti hakim Tahir Kazımovun sıdrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda kasasiya şikayətinin təmin olunması barədə qərar elan edib.
İşə yenidən baxılacaq
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Bu səbəbdən iş materialları yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə prosesi başlanacaq.