Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücülər videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkərək sosial şəbəkələrə yüklədikləri üçün İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında cəzalandırılacaqlar.
Xeberci.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev məlumat verib.
O bildirib ki, sürücülər polis əməkdaşlarının saxla əmrinə qeyri-şərtsiz tabe olmalıdırlar:
“Polis əməkdaşları yalnız yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində deyil, eyni zamanda Daxili İşlər Orqanlarının digər polis əməkdaşları kimi cinayətkarlığa qarşı mübarizə tədbirlərində də iştirak edirlər.
Təəssüf ki, bəzi sürücülər bu məqamı unudur və yol polisinin işinə çətinlik yaratmağa çalışır. Polisin “saxla” əmrinə qarşı çıxan, icazəsiz həmin an çəkiliş aparan və ya tabesizlik göstərərək əməkdaşlarımızın videosunu çəkərək sosial şəbəkələrdə paylaşan sürücülər məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən bütün sürücülərə xəbərdarlıq edirik ki, qaydalara riayət etsinlər”.
R.Quliyev bu barədə İnzibati Xətalar Məcəlləsində yer alan məqamı da diqqətə çatdırıb:
“Müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsinin saxlamaq tələbini yerinə yetirməməsinə görə, qarşı tərəf məsuliyyətə cəlb olunmalıdır. Həmin sürücülər avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsi ilə qeydə alınan görüntüləri sosial şəbəkələrdə paylaşmaqla “qəhrəmanlıq” sərgilədiklərini düşünsələr də, bu qanunun tələblərini dəyişmir. Sürücü müvafiq qaydada sənədləri polis əməkdaşına təqdim etməli, zərurət olduğu halda polisin tələbi ilə avtomobili də tərk etməlidir”.
P.S. Qeyd edək ki, sürücülərin yol polisi ilə ünsiyyətinin videoqeydiyyatını qadağan edən heç bir qanunvericilik tələbəi yoxdur. Yol polisi əməkdaşları sürücülərlə ünsiyyət zamanı həm audioqeydiyyat həyata keçirir, həm də xidməti avtomobillərində və yollarda quraşdırılmış kameralarla videoqeydiyyat aparırlar. Sürücülər videoqeydiyyatdan ona görə istifadə edirlər ki, müəyyən hallarda haqlı olduqlarını sübut edə bilsinlər. Bu da ondan irəli gəlir ki, sürücülərin yol polisinə etimadı yoxdur və haqlı olduqları təqdirdə yol polisinin audio və videoqeydiyyat fayllarını ala bilməyəcəklər. Ümumiyyətlə, təlimata uyğun xidmət aparan yol polisinin belə çəkilişlərdən ehtiyatlanması anlaşılan deyil. Əvvəllər də onlayn mediada yayılmış videogörüntülərin demək olar ki, hamısında yol polislərinin təlimatı pozması və yaxud hətta rüşvət alması görüntülənib. DYP yol polisinin fəaliyyətində şəffaflığın tərəfdarıdırsa, o zaman qanunvericilikdə nəzərdə tutulmayan qadağalar irəli sürməkdən çəkinməlidir. Belə qadağalar bəzi yol polisi əməkdaşlarının özbaşınalığına geniş imkanlar yaradacaq və kütləvi narazalıq mənbəyinə çevriləcək. Bu cür xəbərdarlıqlar yol polisinin niyyətləri və planları ilə bağlı ciddi şübhələrə yol açır.