Bakıda taksi sürücüsü qayda pozuntusuna yol verdiyi üçün avtobusda çətin anlar yaşanıb. Xəbərçi.az bildirir ki, bununla bağlı video görüntüləri “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Piriyev yayıb. Onun sözlərinə görə, hadisə oktyabrın 16-sı saat 14:00 radlərində olub. Belə ki, 3 nömrəli xətt üzrə hərəkət edən “BakuBus”a məxsus avtobus İnşatçılar prospektindən Şəhidlər Xiyabanı istiqamətə hərəkət edən zaman arxadan gələn taksi qəfil dönmə hərəkəti edib:
“Təqdim olunan görüntüdə taksi sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, həm özünün həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atdığının şahidi oluruq. Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara dəymiş ziyanın ödənilməsi üçün “BakuBus”a müraciət edirlər. Ancaq istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur”.