Əlil qumbara götürüb şəhərə çıxdı və... - Azərbaycandakı ağlasığmaz olayın ŞOK TƏFƏRRÜATI

Əlil qumbara götürüb şəhərə çıxdı və... - Azərbaycandakı ağlasığmaz olayın ŞOK TƏFƏRRÜATI

Qanunusuz silah saxlamaqda, xuliqanlıqda və quldurluq etməkdə təqsirli bilinən İsmayıllı rayon sakini, 1969-cu il təvəllüdlü Zakir Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Zakir Kazımov qanunsuz olaraq 2017-ci ilin fevral ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı şəhəri Babadağ küçəsində tanışı Murad Mirzəyevin vasitəsilə Cümşüd Hüseynovdan 1 ədəd əl qumbarasını 150 manata alıb. O, həmin döyüş sursatını özündə saxlayıb.

Zakir Kazımov 9 mart 2017-ci il tarixdə, saat 22.00-da taksi fəaliyyətilə məşğul olan Elçin Salmanovun idarə etdiyi “VAZ21063” markalı avtomobillə sərnişin qismində Tərtər rayonundan İsmayıllı rayonuna qayıdıb.

Bu zaman o, Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Qaradeyin kəndinin ərazisində Elçin Salmanovdan ona məxsus “Flyu” markalı mobil telefonu istəyib. Sonuncu telefonu geri istədikdə Zakir Kazımov üzərində gəzdirdiyi həmin əl qumbarasını cibindən çıxararaq ona göstərib və partladacağı ilə hədələyib, Elçin Salmanova məxsus mobil telefonu ələ keçirib.

Zakir Kazımov martın 10-da, saat 17.00-da İsmayıllı şəhərində yerləşən “şəhər bazarı” adlanan bazarın içində olan kafenin həyətində heç bir səbəb olmadan vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, üzərində gəzdirdiyi F-1, RQ-42, RQD-5 əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən, “UZRQM” markalı partladıcını partladıb.

Nəticədə Şəfa Məlikov, Asiman Heydərli və Cəmşid Əkbərov xəsarət alıblar, həmçinin Bəylər Məmmədova məxsus “QAZ 3302” markalı avtomaşın zədələnərək, ona 242 manat maddi ziyan dəyib.

İstintaq orqanı tərəfindən Zakir Kazımova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

“Gec-tez öləcəyimi düşünmüşəm”

Zakir Kazımovun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Şirvan Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Zakir Kazımov bildirib ki, o, ailə üzvləri ilə birlikdə İsmayıllı şəhəri Babadağ küçəsi, ev 11A-da yaşayır, 2-ci qrup əlildir, uzun müddətdir hepatit C xəstəliyindən əziyyət çəkir: “Xəstəliyim ilə əlaqədar dəfələrlə müalicə olunmaq üçün İrana getmişəm. Müalicəm üçün müxtəlif banklardan kredit götürmüşəm. Buna görə maddi çətinlik çəkmişəm. Xəstəliyimlə əlaqədar olaraq təxminən 4-5 il olar ki, araq içməmişəm. Lakin hadisədən əvvəlki günlərdə yenidən araq içməyə başlamışam. Xəstə olduğum üçün gec-tez öləcəyimi düşünmüşəm”.

“Qumbaranı evimdə gizlətdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, özünü öldürməyi fikirləşdiyi üçün qumbara əldə etmək istəyib: “Buna görə təxminən 2017-ci ilin fevral ayında, dəqiq xatırlamadığım gündə tanışım Muradla əlaqə saxlayaraq mənim üçün qumbara təşkil etməsini xahiş etdim. Murad isə qumbara tapmağa çalışacığını bildirdi. Bir neçə gün sonra Murad zəng edərək bir nəfərdən qumbara tapdığını dedi. Həmin gün evimə gələrək görüşdük, bu barədə söhbət etdik. Sonra Murad qumbaranı gətirməyə getdi. Əvvəlcədən razılaşdığımız kimi evimin arxa tərəfində görüşdük. Murad oraya Cümşüd adlı tanışının idarə etdiyi “Niva” markalı avtomaşınla gəldi, qumbaranı isə mənə Cümşüd verdi və əvəzində ona 150 manat pul verdim. Həmin qumbaranı yaşadığım evdə gizlədərək saxladım”.

“Qumbara cibimdə olub”

Zakir Kazımov qeyd edib ki, martın 9-da Bərdə şəhərində yaşayan əsgərlik yoldaşı Cəmişidi görmək üçün Bərdə rayonuna getmək qərarına gəlib: “Buna görə həmin gün saat 14.00-da İsmayıllı şəhər bazaranın yaxınlığında dayanan taksi sürücüsü Elçin Salmanova yaxınlaşdım və məni Bərdə rayonuna aparıb-gətirməsi üçün 60 manat pul verəcəyimi dedim. Taksi sürücüsü razılaşdı. Həmin pulu əvvəlcədən ona verdim. Elçinin idarə etdiyi VAZ-2106 markalı avtomaşına əyləşdim və ona evdən içərisində mahnılar olan “flaşkart”ı götürməsini dedim. Elçinin avtomaşını ilə İsmayıllı şəhərində yaşadığım evin yanına getdim. Orada öz evimə keçərək “flaşkart”ı götürərək dərhal geri qayıtdım. Həmin vaxt Cümşüddən aldığım qumbara da cibimdə olub. Evdən çıxan zaman hamının Canpolad kimi tanıdığı, qonşum Sənan Mirzəlizadə ilə rastlaşdım. Sənana Bərdə rayonuna əsgərlik yoldaşımı axtarmağa getdiyimi dedim. Mənimlə birlikdə getməyi ona təklif etdim. Sənan həmin vaxt haradansa fəhləlikdən gəldiyi üçün üst-başı çirkli idi və paltarını dəyişmək üçün evinə keçərək qayıtdı. Birlikdə Elçinin taksisinə əyləşərək getdik”.

“İşçiləri qorxudaraq pul almağı fikirləşdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Göyçay rayonunun Qaraməryəm kəndində yol kənarından kolbasa, çörək və bir şüşə araq alıb: “Həmin arağı Sənan avtomaşında tək içdi. Həmin gün axşam vaxtı Bərdə şəhərinə çatdıq. Orada əsgərlik yoldaşım Cəmşidi soraqladım, ancaq onu tapa bilmədim. Gec olduğu üçün orada qalaraq səhər qayıtmağı qərara aldıq. Lakin Bərdə şəhərində hotel baha olduğu üçün Tərtər şəhərində əvvəllər də qaldığım qonaq evinə getdik. Qonaq evində 1 adamın qalması üçün 30 manat istədiklərinə görə, İsmayıllıya qayıtmalı olduq. Mən, Sənan və taksi sürücüsü Elçin qonaq evinin yanında yerləşən kafedə oturub çörək yedik. Sənan orada da araq içdi. Mən isə araq içmədim. Çörək yedikdən sonra, saat 20-21 radələrində Tərtər rayonundan çıxdıq. Maşını taksi sürücüsü Elçin özü idərə edib. Mən qabaqda əyləşdim, Sənan isə sərxoş olduğu üçün arxada yatdı. Tərtər rayonuna gedən zaman Ucar rayonunun ərazisində yanacaqdoldurma məntəqəsində pul xırdaladan zaman orada seyfdə çoxlu pul gördüm. Tərtər rayonundan qayıdan zaman həmin yanacaq doldurma məntəqəsi yadıma düşdü. Oraya gedib işçiləri qorxudaraq pul almağı fikirləşdim. İsmayıllıya qayıdan zaman, təxminən Ucar və ya Ağdaş rayonunun ərazisində Sənan tualetə getmək istədiyi üçün sürücü avtomobili orada yol kənarında saxladı. Sənan avtomaşından düşərək aralaşdı. Həmin yer çöllükdür və yaxınlıqda heç bir ev, kafe və ya mağaza yoxdur. Sənan avtomaşından düşdükdən sonra Elçindən onun telefonunu istədim. Elçin də özünə məxsus olan markasını bilmədiyim telefonu mənə verdi”.

“Telefon məndə qalıb”

Zakir Kazımov qeyd edib ki, bundan sonra Elçinə gələndə benzin tökdükləri yanacaqdoldurma məntəqəsinə yaxınlaşanda maşını saxlamasını, oraya girib pul alıb çıxacağını deyib: “Cibimdə olan əl qumbarasını çıxararaq Elçinə göstərdim və ona dediklərimi yerinə yetirməsini, işimə qarışmamasını bildirdim. Bundan sonra Sənan qayıdaraq avtomobilin arxa oturacağında oturdu və oturan kimi də yatdı. Lakin yolda yanacaqdoldurma məntəqəsinə gedib oradan pul tələb etmək fikrindən daşındım. Təxminən Ucar rayonunun ərazisində, yol kənarında kafe görərək Elçinə maşını saxlamasını və orada çay içdikdən sonra gedəcəyimizi dedim. Elçin avtomobili kafenin qarşısında saxladı. Biz maşından düşdük. Kafeyə keçən zaman oranın pəncərəsindən Elçinin maşında oturaraq getdiyini gördüm. Həmin vaxt saat 22-23 radələri olub. Sənanla birlikdə piyada yola çıxaraq yaxınlıqdakı başqa bir kafeyə getdik. Bir qədər orada oturduq, sonra isə oradan tanımadığım taksi ilə İsmayıllı şəhərinə gəldik. Taksi sürücüsü Elçinin qara rəngli mobil telefonu məndə qalıb. Sonra həmin telefonu öz evimə qoymuşam”.

“Qumbara var qaçın” deyə qışqırdı”

Zakir Kazımov bildirib ki, martın 10-da, saat 13.00-da yaşadığı evdə 0,5 litr araq içib, sonra həmin gün saat 17.00-da İsmayıllı şəhərində yerləşən bazara gedib: “Həmin vaxt Cümşüddən aldığım qumbara cibimdə olub. Bazarda Famil adlı tanışım ilə rastlaşdım. Ona çayxanada çay içməyi təklif etdim. Famil ilə birlikdə çayxanaya gedərək çay sifariş etdik. Təxminən 10 dəqiqədən sonra Xəyyam adlı polis əməkdaşı qəflətən arxa tərəfdən hər iki qolumdan tutdu və qollarımı burdu. Həmin vaxt əynimdə olan gödəkcənin cibində əl qumbarası olub və sol əlim əvvəlcədən qumbaranın üzərində olub. Xəyyam qolumu buran zaman qumbara cibimdən yerə duşdü. Qumbaranın qoruyucusu isə şəhadət barmağımda qalıb. Xəyyam onu 4-5 metr məsafəyə tulladı və “qumbara var qaçın” deyə qışqırdı. Bundan təxminən 5-7 saniyə sonra qumbara partladı”.

“Qumbaranın hara düşdüyünü görməmişəm”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, qumbara partlayan zaman zəif bir səs eşidilib, ətraf toz-torpaq olub, ətrafdakı adamlar qaçmağa başlayıb: “Qumbaranın hara düşdüyünü və harada partlamasını dəqiq görməmişəm. Bundan sonra polis əməkdaşları tərəfindən İsmayıllı rayon polis şöbəsinə aparıldım. Yanacaqdoldurma məntəqəsinə gedərək oradan pul tələb etməyi planlaşdıran zaman Elçinin mənə mane olacağını, telefonla harasa zəng edə biləcəyini fikirləşdim. Buna görə də onun telefonunu almışam, sonra cibimdəki qumbaranı çıxıraraq ona göstərmişəm. Ancaq Elçinin telefonunu ələ keçirmək, ona qarşı zor tətbiq etmək fikrim olmayıb. Üzərimdə qumbara oduğunu isə Sənan bilməyib. Elçindən telefon alan zaman və ona qumbura göstərərkən Sənan tualetə getmək üçün avtomaşından düşüb, maşına əyləşəndən sonra isə sərxoş olduğu üçün yatıb. Həmin vaxt gecə olduğundan və həmin əraziləri yaxşı tanımadığım üçün yanacaqdoldurma məntəqəsini, Elçindən telefon aldığım yeri və Elçinin qaçaraq getdiyi kafe yadımda qalmayıb”.

“Özümü öldürmək fikrinə düşmüşəm”

Zakir Kazımov bildirib ki, ailə üzvlərindən və qohumlarından heç kim onda qumbara olduğunu bilməyib: “Bəzi hallarda həm xəstəliyim, həm də maddi imkansızlıq ucbatından özümü öldürmək fikrinə düşmüşəm. Ancaq heç vaxt buna cəhd etməmişəm. Həmin qumbaranı üzərimdə özümü öldürmək məqsədilə gəzdirmişəm. Qumbaranı üzərimdə bazara aparmaqda konkret bir məqsədim olmayıb”.

Zərərçəkmiş Elçin Salmanov bildirib ki, Bərdə və Tərtər rayonundan qayıdan zaman yolda Zakir Kazımov ona “bilirsəm mən kiməm” deyə bildirib. Onun sözlərinə görə, Zakir Kazımov cibindən qumbara çıxararaq göstərib və ondan mobil telefonu alıb. Zərərçəkmiş ifadəsində qeyd edib ki, yolda Zakir Kazımova yalvarıb və onu buraxmasını istəyib. Yolda Elçin Salmanov fürsətdən istifadə edərək qaçdığını söyləyib.

İşdə olan digər zərərçəkmişlər isə İsmayıllı bazarında qumbaranın partlaması nəticəsində xəsarət aldıqlarını deyiblər.

9 il 6 ay cəza

Məhkəmə şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Zakir Kazımov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Zakir Kazımov apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün dəyişdirilməsini, cəzasının daha yüngülü ilə əvəz edilməsini xahiş edib.

Zakir Kazımovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırdan sonra qərar elan edib. Qərara görə, Zakir Kazımovun apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

publika.az


loading...