Fevralın 23-də Bakıda yeni “Ağ Şəhər” qalereyasının açılış mərasimi keçirilib.
Xeberci.az xəbər verir ki, qalereyanın açılışında Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi, bir neçə gün öncə paytaxtımızda V.Bellininin “Norma” operasında Klotilda rolu ilə ilk dəfə opera səhnəsinə qədəm qoyan, istedadlı gənc vokalçı İslamə Abdullayeva 5 dildə məşhur mahnılar ifa edib. Adətən klassik ariyalar, Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa edən gənc vokalçı bu dəfə təkcə öz ifası ilə deyil, çəkdiyi rəsm əsəri ilə də sərgidə iştirak edib. “Faqot” adlı əsəri haqqında danışan İslamə bu musiqi alətini çox sevdiyini və rəsmi ilə bu ecazkar musiqi alətini daha çox tanıtmaq istədiyini bildirib. İslamə Abdullayeva həm də qədim türk sənəti olan Ebru (su üzərində rəsm) sənəti ilə də məşğul olur.
Tədbirdə İslamə Abdullayevanı pianoda Bakı Musiqi Akademiyasının məzunu, Beynəlxalq və Respublika müsabiqələr laureatı, Prezident təqaüdçüsü, aprel ayında təqdimatı baş tutacaq “Qaranlıq”filminin baş rol ifaçısı Lalə Hüseynzadə müşaiət edib.