Xəbərçi.az "Şərq" qəzetinə istinadən mərhum xalq artisti Səyavuş Aslanovun oğlu Çingiz Aslanın müsahibəsini təqdim edir:
Səyavuş Aslan dünyasını dəyişdikdən sonra övladlarının yaşam tərzi ilə maraqlandıq.
Səsimizdən tanıdı. Sanki, axtarırmış kimi tanış səsinə ehtiyacı vardı. Hönkürərək ağladı. "Evimizə gələn son jurnalist olmusuz" deyərək imdad istədi. Maraqlandıq. Zamanında xalq artisti Səyavuş Aslan heç kimə ağız açmasa da, qüruruna sığınıb həyatının son çətin günlərində belə kimdənsə imdad istəməsə də, oğlu Çingiz çarəsizliyindən gileyləndi. Qürurlu sənətkarın həyat qarşısında aciz qalan oğlu ilə söhbətə başladıq. Demək ki, həyatda bunlar yaşana bilirmiş...
- Niyə bu qədər niskilli səslə ağlayırsız, Çingiz müəllim?
-Dərdliyəm, köməyinizə ehtiyacım var. Çox acınacaqlı bir duruma düşmüşəm. İşsiz, evsiz bir insanın həyatı necə ola bilər?
- Niyə evsiz qalmısız. Səyavuş müəllim rəhmətə gedəndən sonra yaşadığı ev necə oldu?
- Atamdan sonra həyatımız dağıldı. İki qardaşıq. İkimizin də həyatı məhv olub. İkimiz də evsiz-eşiksiz qalmışıq. Qardaşım yenə birtəhər başını dolandırır. Mənim vəziyyətim daha ağırdı. Sanki atamdan sonra evimizin, ocağımızın işığı söndü, ruzisi kəsildi. İndi tüfeyli bir həyat yaşayıram.
- Səyavuş müəllimdən sonra niyə evi satmaq məcburiyyətində qaldız?
- Xəstə insanam. Ürəyimdə ciddi problemlər var. Birtəhər yaşayırdım. Gördüm dolana bilmirəm, işsiz-gücsüz qalmışam, evi satıb başqa bir yerdə ev almaq istədim. Bilirsiz ki, atama məxsus evimiz şəhərin mərkəzində yerləşirdi. Düşündüm ki, şəhərin mərkəzində olan evi satıb Bayıl tərəfdə ev alım. Yerdə qalan pulla həm müalicələrimi edim, həm də borclarımı bağlayım. Bir iş qurum ki, çörəkpulu qazana bilim. Evin behini almışdım. Ev alqısı bitdikdən sonra yerdə qalan məbləği də aldım. Həmin gün Milli Parkda bir az hava almağa çalışdım ki, ürəyimin ağrısı keçsin. Elə Milli Parkda ürəyim tutub, huşumu itirmişəm. O məqamda mənə kömək edənlərdən kimsə cibimdə olan 11 min manat, min dollar pulumu cibimdən oğurlayıb. İndi həm evsiz-eşiksiz qalmışam, həm də yeməyə pul tapmıram.
- Yəni, bu itkiylə, oğurluqla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermədiz?
- Niyə ki? Bu barədə polisə məlumat vermişəm. Artıq 3 aya yaxındı mənim evimin pulunu oğurlayanlar tapılmayıb. Mənimlə maraqlanan yoxdu. Heç kim mənə inanmaq istəmir ki, evimin pulunu oğurlayıblar. Yəni Milli Parkda kameralar yoxdu, mən yıxılanda mənə yaxınlaşanın kim olduğunu öyrənmək bu qədərmi çətindi? Bu insafdandı ki, qışın günündə orda-burda, kirayələrdə qalıram.
- Səyavuş Aslanın oğlu bu duruma necə düşə bildi? Axı siz tanınmış sənətkarın övladısız. Çoxları sizlərin həyatına həsəd aparıb...
- Bəli, atam gənc ikən qibtə olunası həyatımız olub. Amma həyat sərt tərəfini bizə də göstərdi. Bir neçə il atam xəstə yatdı. Onun müalicəsini, qulluğunu çəkmişəm. Təbii ki, bu, övlad olaraq borcum idi. Atamı itirdikdən sonra isə tamamilə tək qaldım. Bu yaşda yetimliyin ağır olduğunu dərk etdim.
- Bəs ailəniz necə, varmı?
- Ailəm yoxdu, illər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. Yəni həyatı dağılan insanam. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam. Çox xahiş edirəm ki, mənə kömək edəsiz. Bəlkə səsimi eşidən olar. Axı mən Səyavuş Aslan kimi böyük sənətkarın oğluyam. Ən azı atamın adına görə mənə kömək edən olar bəlkə.
- Heç atanızın adı sizə kömək olubmu həyatda?
- Təbii, sağ ikən atamın adı gələn yerdə hər zaman hörmət-izzət görmüşəm. Ancaq atam qürurlu idi. Heç kimin qapısını döyüb xahiş etməzdi. Amma gənc yaşlarımızda atamın adı bizə təbii ki, kömək olurdu. Ağlıma belə gəlməzdi ki, bir gün belə bir həyatı yaşamağa məcbur qalaram. Müalicə almağım vacibdi. Amma dava-dərmana imkanım çatmır. Dava-dərman bir kənara, elə gün olur ki, bir qab yeməyə möhtac qalıram. Nə maraqlananım var, nə qapımı döyənim, nə də axtaranım. Həyatın acımasız olduğunu eşitmişdim. Amma onun gerçək üzünü bu gün görənlərdənəm. Sadəcə sizdən mənə kömək etməyinizi istəyirəm.