Şəmkir sakinindən bacısına qarşı QANDONDURAN ƏMƏL: 6 dəfə... - ŞOK TƏFƏRRÜAT

Şəmkir sakinindən bacısına qarşı QANDONDURAN ƏMƏL: 6 dəfə... - ŞOK TƏFƏRRÜAT

Şəmkir rayonunda bacısını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Azad Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azad Alıyev Ermənistanın Vardenis rayonu, Pəmbək kəndində anadan olub, 1988-ci ildə Şəmkir rayonu, Yeni Göyçə kəndində məskunlaşıb.

İttihama görə, Azad Alıyev 4 avqust 2015-ci il tarixdə, saat 22 radələrində bacısı Sona Alıyevanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsi sakini Sabir Əliyev ilə birlikdə onun müvəqqəti məskunlaşdığı Şəmkir rayonu, Posanlı yaşayış massivindəki evinə gəlib.

Bacısına etiraz

Bu zaman Azad Alıyev bacısının Sabir Əliyev ilə rəsmi nikah olmadan ər-arvad kimi yaşamasına qəti etirazını bildirib. Bununla əlaqədar aralarında mübahisə yaranıb.

Mübahisə zamanı o, bacısı Sonanın sifətinə yumruqla vurub.

Qardaşın tələbi

Bundan başqa Azad avqustun 8-də, saat 23-24 radələrində Sona Alıyeva və Sabir Əliyevin rəsmi nikah bağlayıb, ər-arvad kimi yaşamasına razı salmaq istəyib. O, bu məqsədilə Sabir Əliyevin yaşadığı Dəllər qəsəbəsi istiqamətinə piyada gedib.

Bu zaman Bakı-Qazax avtomagistral yolun dördyol ayrıcında Dəllər istiqaməti tərəfdə Sabir Əliyevin avtomaşınını görən Azad əl etməklə maşını saxladıb.

Qisas

Azad avtomobilin arxa oturacaqda bacısı Sonanın yanında oturub. O, bacısına Sabir Əliyevlə rəsmi nikahı olmadığı halda onunla birlikdə yaşamağı irad tutub.

Bununla bağlı o, bacısı ilə mübahisə edib. Bu zaman Azad Sona Alıyevadan qisas alaraq, onu öldürmək qərarına gəlib. Bu məqsədilə Azad özündə olan bıçağı cibindən çıxarıb.

Qardaşının cibindən bıçaq çıxardığını görən Sona maşından düşərək qaçıb. Bu zaman Azad da düşərək bacısını təqib edib.

6 bıçaq zərbəsi

 

Azad bacısına dördyol ayrıcında, güllük ərazidə çatıb. Orada bacısının qarın, bud nahiyyələrinə zərbələr endirib. O, bacısına ümumilikdə 6 bıçaq xəsarət yetirib.

Daha sonra Sonanın halsızlaşdığını görərək, onun öldüyünü zənn edib və hərəkətlərini dayandırıb. Sona Alıyeva ətrafda toplaşan şəxslərin köməkliyi ilə vaxtında təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

"Bacımı öldürmək fikrim olmayıb"

Azad Alıyev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 128-ci (sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Azad Alıyev bildirib ki, bacısı Sonanı öldürmək fikri olmayıb, onu qorxutmaq məqsədi ilə bıçaqla vurub: "Sonaya bıçaqla bir neçə zərbə vurdum. Bu zaman o, yerə yıxıldı. Daha onu vurmadım. Çünki Sonanı öldürmək fikrim olmayıb. Sonanı bıçaqla vuran zaman yanımda Sabir və iki polis nəfəri olub. Lakin məni heç kim ayırmayıb".

Azad Alıyev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib. O bildirib ki, həmin ifadəsini oxumadan imzalayıb.

"Deyirdim ki, namus üstündə vururam"

Azad Alıyev ibtidai istintaq zamanı verdiyi ifadəsindəı göstərib ki, Sona əlindəki bıçağı görən zaman ona əlləri ilə cırmaq atıb: "Mən isə daha da hirsləndim, bıçaqla onun bədəninin müxtəlif yerlərinə vurmağa başladım. Məqsədim tez bir zamanda Sonanı öldürmək olub. Sonaya neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Sona orada olan taksi maşını sürücülərinə qışqırdı ki, qoymayın məni bıçaqlayır. Heç kəs bizə yaxın gəlmirdi. Yaxın gəlmək istəyənə deyirdim ki, yaxınlaşmayın bacımdır, namus üstündə vururam. Sonanın halsızlaşdığını gördüm. Elə bildim ki ölüb. Ona görə də oradan aralandım".

Cinayət işi üzrə şahid qismində ifadə verən Ruslan Quluzadə bildirib ki, avqustun 8-də, saat 23.30-da evinə gedərkən yolda bir nəfər kişinin yerə yıxılmış vəziyyətdə olan qadını vurduğunu, saçından tutaraq sürüdüyünü görüb: "Kişinin əlində nə olduğunu görməmişəm. Lakin güman etdim ki, həmin şəxsin əlində bıçaq olub, bu səbəbdən orada olan kənar şəxslər qadına kömək etməkdən çəkiniblər".

10 il cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Alıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Azad Alıyev apelyasiya şikayəti verib. O, şikayətində əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsüf edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza verilməsini istəyib.

Azad Alıyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası Azad Alıyevin şikayətini təmin etməyib.

Bu qərardan narazı qalan Azad Alıyev kasasiya şikayəti verib. Onun bu şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Azad Alıyevin kasasiya şikayətini təmin etməyib./Publika.az


loading...