Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini tüfənglə qətlə yetirən şəxsin məhkəməsi başlayır.
XƏBƏRÇİ.AZ Ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Hidayətov Ehtiram Əliyar oğlunun məhkəməsi may ayının 18-nə təyin edilib.
Belə ki, Ehtiram Hidayətov ustadır və fərdi əməklə məşğul olub. O, bir müddət əvvəl Əfqan Cəfərovun evində usta kimi işləyib. Lakin Ə.Cəfərov ustanın pulunun bir hissəsini verməyərək ona borclu qalıb.
Həmin günlərdə Ehtiram Hidayətov xəstəlikdən əziyyət çəkən qızını növbəti dəfə İrana müalicəyə aparmalı olub. Maddi sıxıntılar yaşayan şəxs ona borclu olan həmkəndlisinə üz tutub və pulunu tələb edib. Bu zaman həmkəndlilər arasında mübahisə yaranıb.
Polisə könüllü təslim olan Ehtiram Hidayətov deyib ki, Əfqan onun xəstə qızını və ailə üzvlərini söyüb təhqir etdiyi üçün əsəblərinə hakim ola bilməyib. Bu səbəbdən də evə gələrək tüfəngi götürüb və Əfqanın olduğu yerə qayıdıb, onu güllələyib.